Keçən il 400 hektarda pambıq əkilmişdisə, bu il 2 min
hektarda əkilib, yəni, beş dəfə çox. Proqram üzrə gələn il 7 min
hektar sahədə pambıq əkiləcək. Ondan sonra daha da çox. Bu
insanlara əlavə maddi imkan yaradacaq, həm məşğulluğu artıracaq,
həm də ümumi işimizə bir töhfədir.
APA-nın xəbərinə görə,
bunu Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən çəkilmiş
yeni içməli su xəttinin açılışı zamanı yerli ictimaiyyət
nümayəndələri ilə görüşündə prezident İlham Əliyev deyib.
Dövlət başçısı ölkənin neft gəlirlərinin azaldığını qeyd edib:
"Bu, reallıqdır. Neftin qiyməti 3-4 dəfə aşağı düşəndə, bizim
valyuta gəlirlərimiz də 3-4 dəfə aşağı düşür.
Düzdür, bu gün Azərbaycan bu böhrana davam gətirə bilir. Deyə
bilərəm ki, neft hasil edən ölkələrin vəziyyətinə baxsaq görərik
ki, Azərbaycan ən yaxşı vəziyyətdədir. Ancaq bununla bərabər, bizə
valyuta gətirən ixrac məhsulları lazımdır. Kənd təsərrüfatı
məhsulları arasında bu bölgə üçün ən məqbul sahələrdən biri də
pambıqçılıqdır".
Prezident İlham Əliyev bildirib ki, 1970-ci illərdə pambıqçılıqda
işləyən insanlar yaxşı dolanıblar, yaxşı pul qazanıblar, evlər
tikiblər:
"Pambıqçılıq indiki mərhələdə də insanlar üçün yeni imkanlar
yaradacaq.
İnsanların məşğulluğu məsələləri daim diqqət mərkəzində olmalıdır.
Biz son 13 il ərzində 1 milyon 300 min yeni iş yeri yaratmışıq.
Ancaq bu, daimi proses olmalıdır. Çünki əhali artır, tələbat artır,
istehlak artır. Ona görə yeni fabriklər, zavodlar, emal
müəssisələri yaradılmalıdır. Hər bir rayon və rayon rəhbərliyi
çalışmalıdır ki, öz rayonuna investisiyalar cəlb etsin.
İnfrastruktur və sosial infrastruktur layihələrinə dövlət xətti ilə
investisiyalar qoyulur və qoyulacaq. Eyni zamanda, kənd
təsərrüfatının inkişafı üçün gübrəyə, yanacağa subsidiyalar
verilir. Torpaq vergisi istisna olmaqla kəndlilər bütün vergilərdən
azaddır. Onlara aqrolizinq yolu ilə texnika verilir. İndi ölkəmizə
bir neçə 100 milyon dollar dəyərində yeni texnika gətirilir ki,
kəndlilərə verilsin, onlar torpağı əkib-becərsinlər. Dövlət bu
istiqamətdə də öz dəstəyini əsirgəmir".
Dövlət başçısı qeyd edib ki, yerli icra orqanları isə
çalışmalıdırlar ki, öz rayonlarına yerli və xarici özəl sərmayə
gətirsinlər:
"Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki,
sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük firmalar,
şirkətlər var. Onları maraqlandırmaq lazımdır. İndi yerli icra
orqanlarının işi bundan ibarətdir. Çünki bir daha demək istəyirəm
ki, əsas infrastruktur layihələrinin icrası dövlətin
məsuliyyətidir. Bu layihəyə dövlət böyük vəsait ayırıb. Biz son
illər ərzində su layihələrinə milyardlarla manat vəsait ayırırıq.
Bu layihələr gəlir gətirmir, sırf sosial məna daşıyır. Bir çox
ölkələr var ki, pul xərcləməmək üçün bu layihələri icra etmirlər.
Buna vəsait xərcləmək istəmirlər, qənaət edirlər. Biz isə sosial
layihələri icra edirik. Çünki bu, insanlara lazımdır. Biz bu işləri
insanlar üçün yaradırıq, qururuq, ölkəmizi inkişaf etdiririk.
Ona görə, yerli icra orqanları da gərək çalışsınlar ki, onların
rəhbərlik etdikləri rayonlarda işlər daha sürətlə getsin. Rayonlar
arasında çox sağlam rəqabət olmalıdır. Rayon rəhbərliyinə qiymət bu
nəticəyə görə veriləcək. Əlbəttə ki, rayonun fəalları, ziyalılar,
bütün ictimaiyyət bu işlərdə həmişə olduğu kimi, fəal olmalı və
ümumi işimizə töhfə verməlidirlər".