2015-ci ildə Salyanda 400 hektar pambıq sahəsi var
idisə, bu gün artıq 2200 hektarda pambıq əkilib. Gələn il, bu, 7
min hektara qalxacaq, ən azı 14 min insan işləyəcək, pul qazanacaq
və öz maddi vəziyyətini yaxşılaşdıracaq, dövlətimizə də, ümumi
işimizə də töhfə verəcək.
Axar.az xəbər verir ki, bunu prezident İlham Əliyev sentyabrın
3-də Salyana səfəri çərçivəsində Kürsəngi kəndindəki pambıq
sahələrinə baxışı zamanı bildirib.
Dövlət başçısı ölkəmizdə pambıqçılığın zəngin ənənələrinin bərpa
edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq
tapşırıqlar verib. O bildirib ki, 2017-ci ildə respublikamızda
pambıq istehsalı 300 min tona, hər hektardan məhsuldarlıq isə 30
sentnerə çatdırılmalıdır.
Prezident İlham Əliyevə məlumat verilib ki, 2016-cı ildə rayonun
16 kəndində 2168 hektar sahədə pambıq əkini aparılıb. Gələn il
Salyanda 7 min hektarda pambıq əkilməsi planlaşdırılır.
Pambıqçılarla söhbət edən Prezident İlham Əliyev
deyib:
- 1970-ci illərdə Azərbaycanda ildə bir milyon ton pambıq
yığılırdı və işçilər də razı idi, iş də gedirdi. Pambıqçılar yaxşı
pul da qazanırdılar. Ondan sonra yavaş-yavaş azalma başladı. Keçən
il cəmi 30 min ton pambıq yığılmışdır. İndi 24 rayonda yeni proqram
icra edilir, o cümlədən Salyan rayonunda pambıq sahələri
genişləndirilib. 2015-ci ildə Salyanda 400 hektar pambıq sahəsi var
idisə, bu gün artıq 2200 hektarda pambıq əkilib. Gələn il, bu, 7
min hektara qalxacaq. Bütün bu sahələr yeni sahələrdir. Şoranlaşmış
torpaq idi. Görülən operativ tədbirlər nəticəsində indi bu 120
hektarda pambıq əkilib. Yaxın günlərdə yığım başlanacaq.
İndi dövlət xətti ilə yeni texnikanın da alınması təmin edilir.
Biz bu məqsədlər üçün yüz milyonlarla dollar vəsait xərcləyirik ki,
bu iş daha geniş vüsət alsın, ölkəmizin inkişafı təmin edilsin və
yeni iş yerləri yaradılsın. Çünki pambıq tarlalarında çoxsaylı iş
yerləri yaradılır. Hər hektarda orta hesabla iki nəfər işləyir.
Gələn il 7 min hektarda ən azı 14 min insan işləyəcək, pul
qazanacaq və öz maddi vəziyyətini yaxşılaşdıracaq, dövlətimizə də,
ümumi işimizə də töhfə verəcək.
Bu tarlalarda işləyənlərin şəraiti də yaxşı olmalıdır. Burada
tarla düşərgəsi də var. Təbii ki, pambıqçılar üçün hər cür şərait
yaradılmalıdır, su, yemək təşkil olunmalıdır. 1970-ci illərdə Ulu
Öndərin rayonlara səfərlərində mən də onun yanında idim. Tarla
düşərgələrində keçirdiyi çoxsaylı görüşlərini xatırlayıram.
Pambıqçı qadın: Mən də xatırlayıram. Bu
görüşlərin canlı şahidiyəm.
Prezident İlham Əliyev: Siz o vaxt
işləmisiniz?
Pambıqçı qadın: Bəli, 1972-ci illər idi, mən
beşinci sinifdə oxuyurdum. Rəhmətlik Ulu Öndərimiz bizim kəndə
təşrif buyuranda mən də kolxozçularla bərabər sahədə olmuşam.
Onunla əl verib görüşmüşəm. Bunu Allah-Təala mənə nəsib edib. Onda
Ulu Öndərimiz mənim başıma sığal çəkib dedi ki, qızım, de görüm
böyüyəndə nəçi olacaqsan? Dedim, pambıqçı. "Balama afərin" deyib
əlini çiynimə çəkdi. Allah Ulu Öndərimizi qəni-qəni rəhmət etsin.
Möhtərəm Prezidentimiz, Siz onun layiqli davamçısısınız, Allah Sizə
cansağlığı versin. Siz onun yolunu davam etdirərək pambıqçılığa
geniş yer verirsiniz. Bizim Salyan əhalisi iş yeri ilə təmin
olunub. Hamı işləyir, qazanır, evinə çörəkpulu aparır. Hamının
rifahı yaxşılaşıb, hamı gözəl yaşayır. Sizə minnətdarıq, çox sağ
olun. Allah Sizə cansağlığı, uzun ömür versin. Allah övladlarınızı
qorusun.
Prezident İlham Əliyev: Çox sağ olun. Pambığın
alış qiymətini də artırdıq ki, indi bu tarlalarda işləyənlər daha
çox pul qazansınlar. Şərait də yaxşı olmalıdır. Forma da verilib.
Gərək sizin bütün iş şəraitiniz yaxşı olsun. Burada bir briqada
işləyir?
İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov:
Bir neçə briqada işləyir. Hətta, cənab Prezident, bir neçəsinə
deyilib ki, iş qurtarandan sonra sizi sanatoriyalara
göndərəcəyik.
Prezident İlham Əliyev: Bəli, siz gərək yaxşı
işləyənləri fərqləndirəsiniz. Əlavə olaraq yaxşı mükafat verilsin.
Gəlin, sizinlə görüşüm. Atamla görüşmüşünüz, mən də sizinlə
görüşüm.
Pambıqçılar: Allah Sizə cansağlığı, uzun ömür
versin. Çünki biz bir ailəyik. Siz bütün Azərbaycanımızın
başçısısınız. Sülh və əmin-amanlıq içərisində yaşayırıq.
Prezident İlham Əliyev: Sağ olun. Sizin
hamınıza cansağlığı arzulayıram.
X X X
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev pambıq tarlasına baxdı və
pambıqçılarla bir daha söhbət edib.
Prezident İlham Əliyev: Formanız da var. Hər
şeylə təmin olunmusunuz. Amma o illərdə pambıq daha tez yetişirdi,
sentyabrın əvvəlində yığım başlayırdı.
Təsərrüfat rəhbəri: Sizin tapşırığınızdan sonra
biz bu torpaqları dövriyyəyə verdik. Bu torpaqlar tamam
şoranlaşmışdı, pis vəziyyətdə idi.
Prezident İlham Əliyev tarladan pambıq dərərək
dedi: Bu, tarlanın ilk məhsuludur.
Pambıqçı qadınlar: Əliniz yüngül, bərəkətli
olsun, inşallah.
Prezident İlham Əliyev: Keyfiyyəti necədir?
Təsərrüfat rəhbəri: Çox yaxşıdır. Liflərin
uzunluğu 32,5 millimetrdir. Qabaqlar bizdə digər sortlar var idi -
"Ağdaş", "30-38", "S-47". Emal üçün ən sərfəli "ağ qızıl"dır.
Bunlar mahlıcdır. Möhtərəm Prezident, mahlıc çıxımı əvvəllər
təxminən 26-27 faiz olurdu. Hazırda 40-41 faiz mahlıc çıxımı var.
Özü də bunlar üçüncü tipdir, yəni, yumşaqdır.
Prezident İlham Əliyev: Yəni, ixrac
üçündür?
Təsərrüfat rəhbəri: Bəli, ixrac üçündür. Bunlar
əvvəlkilərdən fərqli olaraq çox keyfiyyətli pambıqdır.
Prezident İlham Əliyev: Bəs, hektardan nə qədər
məhsuldarlıq gözlənilir?
Təsərrüfat rəhbəri: 25 sentnerdən yuxarı
məhsuldarlıq gözlənilir. Əgər biz əkini vaxtında aparsaydıq hətta
30-35 sentner pambıq götürə bilərdik. Amma biz gecikmişdik. Sizin
tapşırığınızdan sonra biz qısa müddətdə gecə-gündüz çalışaraq 18
kilometrdən çox məsafədən suyu buraya gətirmişik, 15 qurğu
tikmişik. Duker, akveduk, şülüzlər, körpülər və baş hissədə üç
nasos qurmuşuq. Beş kilometr məsafədən 10 kilovoltluq hava elektrik
xətti çəkmişik. Yarımstansiya qurmuşuq və suyu onun vasitəsilə
ötürürük. Gələn il burada pilot suvarma sistemləri quraşdıracağıq.
Bu, məhsuldarlığı 40-45 sentnerə çatdıracaq.
Prezident İlham Əliyev: Bu sistemlər sifariş
olunub, tezliklə gətiriləcək. Məhsuldarlıq daha çox
artacaq.
Təsərrüfat rəhbəri: Sağ olun. Allah Sizdən razı
olsun.
Prezident İlham Əliyev: Sovet vaxtı bu
torpaqlar da əkilmişdi?
Təsərrüfat rəhbəri: Xeyr, burada heç vaxt əkin
olmayıb. Bura şoran torpaq idi, bərbad vəziyyətə düşmüşdü. Biz qısa
müddətdə xeyli iş gördük.
Prezident İlham Əliyev: Burada şoran torpaq
çoxdur? Neçə hektardır?
Pambıqçı: Çoxdur, bizim 18 min hektar şoran
torpaqlarımız var.
Prezident İlham Əliyev: Əgər o torpaqlarda da
iş görülərsə, onları da dövriyyəyə vermək olar? Yolun qarşı
tərəfində də eyni vəziyyətdir.
Təsərrüfat rəhbəri: İnşallah, o torpaqları da
dövriyyəyə verəcəyik.
Prezident İlham Əliyev: Buna "ağ qızıl"
deyirlər.
Pambıqçı: Bəli, möhtərəm Prezident, mən bir söz
demək istəyirəm. Biz xalqın, cəmiyyətin içərisində olan adamlarıq.
Sizin dönməzliyinizi, fədakarlığınızı, xalqımız, Vətənimiz üçün
gördüyünüz işləri hamı qiymətləndirir və Sizə duaçıdır. Biz də dua
edirik.
Prezident İlham Əliyev: Sağ olun. Mən çox şadam
ki, qısa müddətdə - bir neçə ay ərzində biz bu işləri görə bildik.
Yerli icra orqanları yaxşı işlədilər. Prezident Administrasiyası
əsas yükü öz üzərinə götürdü və biz bu işləri görə bildik. Baxın,
necə də gözəl görünür. Gələn il 7 min hektar olacaq, ondan sonra
işlər daha da sürətlə gedəcək. Mən gərək bu pambığı birinci məhsul
kimi saxlayım.
Təsərrüfat rəhbəri: Şəxsən Sizin tapşırığınızla
becərilmiş torpağın məhsuludur.
Prezident İlham Əliyev: Şəxsən özüm
dərmişəm.
Pambıqçılar: Allah Sizə cansağlığı versin. Sizə
uzun ömür arzulayırıq. Siz Azərbaycanı əmin-amanlıq şəraitində
yaşadırsınız.
Prezident İlham Əliyev: Çox sağ olun. Sizə
uğurlar arzulayıram.