Yuxarı

İlham Əliyev 1 fərman, 3 sərəncam imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev 1 fərman, 3 sərəncam imzaladı

Prezident İlham Əliyev paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə həyata keçirilən iqtisadi islahatların davamlılığını təmin etmək, sahibkarlığın inkişafı və sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində işləri sürətləndirmək, yerli və xarici investisiyalar cəlb etmək yolu ilə diversifikasiya olunmuş, rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin idarə olunmasında şəffaflığı artırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təklifləri əsasında:

1.1.1. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla dörd ay müddətində təsdiq etsin;

1.1.2. beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə qaydalarını və standartlarını, habelə həmin qaydaların və standartların mərhələlərlə tətbiqinə dair tədbirlər planını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla dörd ay müddətində təsdiq etsin;

1.1.3. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi ("Performance Based Remuneration System") əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla dörd ay müddətində təsdiq etsin;

1.1.4. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə maliyyə hesabatlarının beynəlxalq standartlarının mərhələlərlə tətbiqi üçün tədbirlər görsün və görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

***

Prezident İlham Əliyev "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə yaradılmış "ASAN xidmət" mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində vətəndaşların böyük rəğbətini qazanmışdır.

"ASAN xidmət" modeli dövlət xidmətlərinin göstərilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində aparılan institusional islahatların uğurlu nəticəsidir.

"ASAN xidmət" mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, etik davranış, nəzakətlilik və məsuliyyət prinsipləri əsasında yüksək standartlar çərçivəsində qurulur və inkişaf etdirilir.

Bununla yanaşı mərkəzlərdə işləyənlərin böyük əksəriyyətini təşkil edən gənclərin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda yetişməsinə, sosial məsuliyyət hissinin güclənməsinə, yeni nəsil dövlət qulluqçularının formalaşmasına nail olunur.

Qeyd olunan nailiyyətlərin əldə edilməsində "ASAN xidmət" mərkəzlərində xidmət göstərən işçilərin və könüllülərin əməyinin xüsusi rolu olduğunu nəzərə alaraq onların həvəsləndirilməsi və bu fəaliyyətin inkişaf etdirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin inkişafı ilə əlaqədar tədbirlər görsün, işçilərinin, mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi məqsədi ilə onlara bir il müddətində aylıq mükafat verilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

4. Bu Sərəncam 2016-cı il avqustun 1-dən qüvvəyə minir".

***

Prezident İlham Əliyev Masallı şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Son illərdə Masallı rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, sənaye məhsulunun həcmi 8,0 dəfə, əsas kapitala yönəldilmiş vəsait 32,8 dəfə, tikinti-quraşdırma işləri 33,5 dəfə artmış, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, "ASAN həyat" Kompleksi, Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq-İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 76 mənzilli 3 yaşayış binası inşa edilmiş, rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 34 mindən çox yeni iş yeri açılmış, Masallı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Masallıda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 26 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Masallı şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Masallı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

***

Prezident İlham Əliyev İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanını "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, №1, maddə 67) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci bənd ləğv edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası"nın 10-cu hissəsində "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri "Azərbaycan Respublikasının Prezidenti" sözləri ilə əvəz edilsin".

Tarix
2016.09.05 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni klinikanın direktor müavini də işdən çıxarıldı

Şuşa xəstəxanasının tikintisində nə qədər mənimsənilib?

Dövlət Agentliyində pozuntular: Müqavilələrin 80 faizi...

XİN-də işləmək istəyənlərin diqqətinə!

Sahibə Qafarova Latviya prezidenti ilə görüşdü

İlham Əliyev bu ölkəyə səfərə dəvət olundu

Bizim təcrübədən Qarabağda istifadə edə bilərsiniz!

Magyar bu tarixdə and içəcək

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan XİN İsraili təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla