Yalama Aqroparkı son illər ərzində Azərbaycanda
yaradılan birinci aqroparkdır. Burada 500 hektardan çox sahədə
müasir aqrokompleks yaradılıb, ən müasir texnologiyalar, elmi
yanaşma tətbiq olunur, böyük su anbarı tikilib. Min başdan çox
iribuynuzlu mal-qara gətirilib və gələcəkdə onların sayı 3 minə
çatacaq. Yəni, bu, ölkə üzrə ən böyük heyvandarlıq-bitkiçilik
komplekslərindən biri olacaq.
Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev
sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində "Yalama"
Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı
Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında
rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Prezident İlham Əliyev deyib:
"Hesab edirəm ki, biz indiki nailiyyətlərlə kifayətlənməməliyik.
Biz bu aqroparkın fəaliyyətini genişləndirməliyik. Mənə verilən
məlumata görə, bu kompleksə 20 milyon manat investisiya qoyulub.
Həm özəl sektor tərəfindən, eyni zamanda, dövlət də kömək göstərib.
Bu da Azərbaycanda son illərdə aparılan siyasətin nəticəsidir.
Dövlət və özəl sektor tərəfdaşlıq formatında əməkdaşlıq edir.
Gələcəkdə bu aqroparkın həm ərazisi, həm də fəaliyyəti
genişləndirilməlidir. Ərazisi 3 dəfə bundan böyük olmalıdır. Biz
təqribən 1000 hektar əlavə torpağı dövriyyəyə cəlb etməliyik.
Burada süd emalı zavodu tikilməli, xüsusilə kərə yağı və pendir
istehsalı təşkil edilməlidir. Çünki baxmayaraq çox işlər görülür,
əfsuslar olsun ki, hələlik, biz özümüzü süd məhsulları ilə tam
təmin etmirik. Ancaq etməliyik. Düzdür, indi Azərbaycan şirkətləri
xaricə də süd məhsullarını ixrac etməyə başlayıblar. Ancaq biz
istəyirik ki, ilk növbədə özümüzü 100 faiz təmin edək, ondan sonra
ixrac potensialı daha da artacaq. Ona görə də burada çox böyük süd
emalı zavodu tikilməlidir və prinsipcə biz özümüzü əsas ərzaq
məhsulları ilə təmin etməliyik. Biz buna yaxınlaşırıq. Belə
aqrokomplekslərin yaradılması bu məqsədə çatmaq üçün yeni imkanlar
yaradır".
Qeyri-neft sektorunun
inkişafına diqqət çəkən dövlətimizin başçısı qeyd edib ki, bu
aqrokompleksdə bizim siyasətimiz əksini tapır. Çünki bizim indi
iqtisadi inkişafla bağlı prioritetlərimiz bəllidir. Qeyri-neft
sektoru inkişaf edir və bu gün ölkəmizin iqtisadiyyatının təxminən
70 faizini təşkil edir. Bu da çox böyük nailiyyətdir. Bu, o
deməkdir ki, biz neft amilindən asılılığımızı azaldırıq və getdikcə
ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq. Bu,
müsbət dinamikadır. Bununla bərabər, biz ixracda da eyni mənzərəni
görməliyik. Hələ ki, ixrac məhsullarının arasında qeyri-neft
sektorunun məhsulları azlıq təşkil edir. Ona görə, burada həm
qeyri-neft sektorunun inkişafı təmin ediləcək, həm də biz daxili
tələbatı tam ödəyəcəyik. Beləliklə, ərzaq təhlükəsizliyi təmin
olunacaq və biz gələcəkdə ərzaq məhsulları ilə bağlı idxaldan
asılılığımızı tam aradan qaldırmalıyıq.
Növbəti açılış mərasiminin
Şəmkir rayonunda olacağını vurğulayan Prezident İlham Əliyev deyib:
"Orada da böyük aqropark tikilir. Mən bu gün göstəriş vermişəm ki,
bizim müvafiq qurumlar - Prezident Administrasiyası, İqtisadiyyat,
Kənd Təsərrüfatı nazirlikləri birgə işləsinlər. Çünki belə
aqroparkların sayı ən azı 10-a çatmalıdır. Belə olan halda biz
heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll
edərik".