Yadımdadır, ilk dəfə o
yerlərdə olanda, orada heç nə yox idi - heç bir infrastruktur, yol,
işıq, qaz, su, çılpaq dağlar idi.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qusar
şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsinin başa çatması ilə əlaqədar keçirilən
mərasimdəki çıxışında deyib. Qusarın inkişafından danışan prezident
qısa müddətdə görülən işlərə diqqət çəkib:
"İndi dünya səviyyəli beynəlxalq kurort yaradılıb, 5 otel
fəaliyyət göstərir, minlərlə Qusar sakini işlə təmin edilib və hər
il buraya 10 minlərlə turist gəlir, həm ölkə daxilindən, həm də
xaricdən. İnsanlara şərait yaratmışıq. Azərbaycanda, ümumiyyətlə,
heç vaxt dağ xizəyi kurortu olmamışdır. Biz bunu yaratmışıq və bu
gün vəzifə ondan ibarətdir ki, bu kurort zonası yay mövsümündə də
tam gücü ilə işləsin. Mənə verilən məlumata görə, bu ilin yayında
Qusara gələn turistlərin sayı artıb və əslində bu mərkəz il boyu
fəaliyyət göstərməlidir. Çünki Azərbaycana gələnlərin sayı getdikcə
artır. Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük
verirlər. Çünki indi bizim gözəl imkanlarımız – gözəl otellər,
istirahət zonaları, yollar var. Biz bu gün
Qusar-İmamqulukənd-Quxuroba yolunun açılışını etdik. Bu, sadəcə
olaraq, kəndləri birləşdirən layihə deyil. Bu, ümumiyyətlə
magistral yola çıxış deməkdir. Bakıya gedən yolun məsafəsi qısalır,
Xaçmazla çox gözəl əlaqə yaradılır. Biz bu məsələlərə belə
yanaşırıq. İlk növbədə, inkişaf üçün lazım olan infrastruktur
layihələrini icra edirik. Şimal zonasında bu layihələrə
milyardlarla manat vəsait ayrılıb. Bu layihələrin böyük əksəriyyəti
sosial xarakter daşıyır. İçməli su layihəsi sırf sosial məna
daşıyan bir layihədir. Bizdə su tarifləri çox aşağı səviyyədədir və
oradan gələn gəlirlə qoyulmuş vəsaiti qaytarmaq mümkün deyil.
Qazlaşdırma da həmçinin. Bizdə qazın daxildəki qiyməti dünya
qiyməti ilə müqayisədə təqribən 8-10 dəfə aşağıdır. Qonşu
ölkələrlə, Cənubi Qafqazda yerləşən digər ölkələrlə müqayisədə 5
dəfə aşağıdır. Yəni, qazlaşdırma layihələri də sosial xarakter
daşıyır.
Kənd yollarının tikintisinə yatırılan vəsait də qayıdan vəsait
deyil. O, müəssisəyə yatırılan vəsait deyil. Bunu nəyə görə edirik?
İnsanlar üçün, inkişaf üçün. Əsas vəzifələr bunlardır - regional
inkişaf, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması. Son
illərdə Qusar rayonunda görülən işlər onu bir daha göstərir ki, biz
düzgün yoldayıq. Çünki siz Qusar rayonunun sakinləri bunu hamıdan
yaxşı bilirsiniz, əvvəlki vəziyyəti də xatırlayırsınız, bugünkü
vəziyyət də göz oxşayır. Qusar inkişaf edən, gözəl, abad rayona
çevrilib. Yeni iş yerləri açılır, yeni imkanlar yaranır. Həm sosial
layihələrə, həm də infrastruktur layihələrinə dövlət xətti ilə
investisiya qoyuluşu davam etdiriləcək. Biz indi özəl sektordan
daha böyük fəallıq gözləyirik. Çünki özəl sektorda çalışan həm
yerli, həm də başqa ölkələrdən gələn iş adamları gərək daha da fəal
işləsinlər. Onlar yaradılan bu şəraitdən maksimum dərəcədə səmərəli
istifadə etməlidirlər. Çünki bizdəki şərait deyə bilərəm ki, az
ölkələrdə müşahidə olunur. Bizdə olan sabitlik inkişaf üçün, biznes
üçün əsas şərtdir. İnfrastruktur layihələri, biznesə dövlət
dəstəyi. Bu gün mən Yalamada birinci aqroparkın açılışını etmişəm.
Oranın sahəsi 500 hektardan çoxdur. Orada artıq min baş iribuynuzlu
mal-qara saxlanılır. Onların sayı üç minə çatacaq. Müasir suvarma
texnologiyaları yaradılıb. Orada birinci mərhələdə 150, ikinci
mərhələdə 300 nəfər işləyəcək. Dövlət də, özəl sektor da kredit
ayırıb.
Qusar rayonunda da ona oxşar aqrokompleks yaradılmalıdır. Çünki
burada iqlim şəraiti eynidir. Biz özümüzü ərzaq məhsulları ilə
təmin edəcəyik, ixrac da edəcəyik. İndi qarşımızda bu iki əsas
vəzifə dayanır. Yerli icra orqanları da çalışmalıdırlar ki,
investorları cəlb etsinlər. Çünki həm Azərbaycanda kifayət qədər
böyük firmalar var ki, vəsait qoymağa hazırdırlar, həm də xaricdən
gətirməliyik. Biz bu istiqamətdə daha da fəal olmalıyıq. Ona görə
ki, gələcək bu inkişafdan asılıdır. Sahibkarlıq, kənd təsərrüfatı,
sənaye potensialı, turizm imkanları həm valyuta gətirən, həm də
məşğuluq üçün çox önəmli sahələrdir".