12 aprel tarixində Macarıstanda keçirilən parlament seçkilərində Viktor Orban uduzdu, macarlar 16 illik bir hakimiyyəti dəyişdi. Əlbəttə, bu, xalqın seçimidir, dünya buna hörmətlə yanaşmalıdır və yanaşır da.
Azərbaycanda da böyük ölçüdə bu sayğı hiss olunur. Ancaq həm sosial mediada, həm də ekspert cameəsində bəziləri buna bir qədər fərqli yanaşma sərgiləyir. Məsələn, “Avropanın diktatoru yola salındı” kimi... Halbuki Orbana “diktator” sözünü deyərkən iki deyil, üç dəfə düşünmək lazımdır: 16 il hakimiyyətdə yalnız seçki ilə qalıb, bütün addımlarını Macarıstanın maraqlarına uyğunlaşdırıb, 12 aprel 2026-cı ildə isə yüksək səviyyədə demokratik seçki keçirməsi ilə tarixə düşən, hətta səslər sayılıb başa çatmadan uduzduğunu qəbul edib, rəqibini təbrik edən, heç bir saxtakarlıq iddiası səsləndirməyən bir lider haqda danışırıq.
Orban siyasətdən getməyib, Macarıstanın “ana müxalifəti” funksiyasını yerinə yetirəcək, 199 yerlik parlamentdə 55 mandat qazanmaq adi iş deyil və hələ bilmək olmaz ki, növbəti seçkilərdə necə olacaq. Üstəlik, məğlub olduğu siyasi lider – Peter Magyar da məhz Orbanın yetirməsidir!
Buna görə də Viktor Orban ədalətli yanaşmanı haqq edir, həm də nəzərə alsaq ki, o, həmişə Azərbaycana qarşı çox ədalətli olub.
Yəni açıq deyək: Orban Azərbaycanın Avropadakı böyük dostlarından biridir (“idi” yox!).
Çünki:
- Macarıstanda ömürlük həbsə məhkum edilmiş zabitimiz Ramil Səfərovun 2012-ci ildə Azərbaycana ekstradisiyasını Viktor Orban gerçəkləşdirdi. Orban bunun Avropada da ciddi rezonans doğuracağını yaxşı bilirdi – amma siyasi iradəsini ortaya qoydu!
Bu fakt Azərbaycan-Macarıstan münasibətlərində - həm siyasi, həm mənəvi - bir simvol kimi, həmişəlikdir...
- Macarıstan 44 günlük savaşda Azərbaycanın ədalətli mövqeyini dəstəklədi;
- Macarıstan Qarabağın bərpasına 100 milyon kredit ayırdı;
- Macarıstan Cəbrayıl rayonunun Soltanlı kəndində aparılan bərpa işlərinə 30 milyon dollar qrant ayırdı;
- Avropa Sülh Fondu adı ilə Ermənistana ayrılan 10 milyon avroluq “müdafiə” yardımını Viktor Orban blokladı;
- Orban Macarıstanı TDT-nin müşahidəçi üzvü etdi, Türk Dövlətləri Təşkilatının bütün tədbirlərində ən yüksək səviyyədə iştirak etdi, türk ölkələri ilə əlaqələri dərinləşdirdi;
- Orban macarların türk kökləri ilə bağlı açıq təbliğatın genişlənməsində müstəsna rol oynadı;
- Orbanın hakimiyyəti dövründə Macarıstan türk-hun qurultaylarına ev sahibliyi etdi...
SOCAR ilə əməkdaşlıq, enerji təhlükəsizliyi məsələlərində Bakıya verilən önəm, iqtisadi münasibətlərin genişlənməsi... - bütün bunlar Orbanın siyasi yanaşmasının nəticəsidir.
Orban Azərbaycana, Azərbaycan liderinə xüsusi sevgi və hörmətini açıq şəkildə hər zaman nümayiş etdirib.
Orban – AB rəhbərliyinin tələblərini qətiyyətlə rədd edən, hər gün 1 milyon cərimə ödəməsi və 50 milyardlıq yardımın kəsilməsi bahasına belə Macarıstanın müstəqil siyasətini qoruyan, öz mövqeyindən bir addım geri çəkilməyən, kimsənin qarşısında əyilməyən bu macar lider yalnız sevgi və sayğı duyduğu qardaşı ilə görüşdə əyilirdi, təqdim etdiyimiz görüntüdəki kimi və biz bunu heç vaxt unutmayacağıq – Orbanın siyasi məqamından asılı olmayaraq...