Yuxarı

İlham Əliyev 3 sərəncam, 2 fərman imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev 3 sərəncam, 2 fərman imzaladı

18:17

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:

1. 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2016-cı il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün".

***

Prezident İlham Əliyev Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Xaçmaz rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Modul Tipli Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 92 mənzilli 4 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, Tarix-Diyarşünaslıq, "Xalça", "Şəxsiyyətlər", "Xalqlar Dostluğu", "Bayraq" Muzeyləri və Rəsm Qalereyası istifadəyə verilmiş, "Yalama" Aqroparkı və digər iri istehsal, emal müəssisələri yaradılmış, 23 mindən çox yeni iş yeri açılmış, əlli min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 52 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulmuş, 60 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xaçmazda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan daha 24 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

***

18:54

Prezident İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.

2014-cü il sentyabrın 19-da Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsinin 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul etməsi əlamətdar hadisədir. Avropa futbolu tarixində ilk dəfə yeni formatda təşkil olunan Avropa çempionatının 4 oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.

Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2020-ci ilin iyun ayında futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə yerli Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin sədr müavini

Rövnəq Abdullayev - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti, Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri

Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Cahangir Əsgərov - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Etibar Pirverdiyev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru

Ağacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Fərhad Hacıyev - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru

İlham Mədətov -XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin katibi)

Elxan Məmmədov - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici.

2. 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA və Avropa çempionatının 12 təşkilatçı ölkəsinin futbol federasiyaları ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunsun.

3. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin.

4. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanına və "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambuladan "sığorta fəaliyyəti," sözləri çıxarılsın.

2. 1-ci hissədən "və Dövlət Sığorta Nəzarəti Xidməti" sözləri çıxarılsın.

3. 9-cu hissə ləğv edilsin.

4. Həmin Fərmanla təsdiq edilmiş Əlavə I - "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Strukturu"nun 5-ci hissəsi ləğv edilsin.

5. Həmin Fərmanla təsdiq edilmiş Əlavə II - "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə" üzrə:

5.1. 1-ci hissədən "sığorta fəaliyyəti," sözləri çıxarılsın;

5.2. 7.4-cü bənd ləğv edilsin;

5.3. 7.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

"7.10. ölkə iqtisadiyyatına xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir;";

5.4. 7.11-ci bənddən "sığorta fəaliyyətinə nəzarət," sözləri çıxarılsın;

5.5. 8.28-ci bənddən "sığorta fəaliyyətinə nəzarəti təşkil etmək," sözləri çıxarılsın;

5.6. 8.29-cu bənd ləğv edilsin;

5.7. 8.53-cü bənddən "sığorta fəaliyyətinə nəzarət," sözləri çıxarılsın;

5.8. 8.67-ci bənddən "və dövlət sığorta nəzarəti" sözləri çıxarılsın;

5.9. 9.8-ci və 9.9-cu bəndlər ləğv edilsin;

5.10. 10-cu hissədən "Dövlət Sığorta Nəzarəti Xidməti," sözləri çıxarılsın;

5.11. 18.2-ci bənddən "Dövlət Sığorta Nəzarəti Xidmətinin," sözləri çıxarılsın;

5.12. 18.5-ci bənddən "sığorta fəaliyyəti," sözləri çıxarılsın;

5.13. 27-ci hissənin birinci cümləsindən ", sığorta tənzimlənməsi və nəzarəti metodikasının" sözləri çıxarılsın".

***

Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanını "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1401-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 79; 2010, № 2, maddə 80, № 3, maddə 192, № 8, maddə 725; 2014, № 7, maddə 813, № 9, maddə 1027, № 10, maddə 1195; 2015, № 2, maddə 123; 2016, №3, maddə 443) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.2-ci bənddə "7.2.5-ci, 7.3-cü və 8.3-cü" sözləri "1.0.17-ci, 7.3-cü, 8.3-cü və 19-1.10-cu" sözləri ilə əvəz edilsin;

2. aşağıdakı məzmunda 4.7-2-ci və 4.7-3-cü bəndlər əlavə edilsin:

"4.7-2. həmin Qanunun 7.3-1-ci maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

4.7-3. həmin Qanunun 7.3-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin ölkədaxili siyahısına münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin beynəlxalq siyahısına münasibətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;";

3. 4.10-cu bənddə "17.5-ci və 18.1-ci" sözləri "7.3-1-ci maddəsinin birinci cümləsində (birinci halda), 17.5-ci, 18.1-ci, 19-1.2-ci, 19-1.3-cü, 19-1.4-cü və 19-1.9-cu" sözləri ilə, "Milli Təhlükəsizlik Nazirliyi" sözləri isə "Dövlət Təhlükəsizliyi Xidməti" sözləri ilə əvəz edilsin".

Tarix
2016.09.09 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - Foto

Əliyev və Paşinyan yaxşı dostdurlar - Uitkoff

Bu partiyaların MSK üzvlüyünə yeni namizədləri açıqlandı

Azərbaycanla Ermənistan arasında qarşılıqlı səfərlər...

Əminəm ki, bu səfər yaxşı fürsətlər yaradacaq - Prezident

Prezident latviyalı həmkarına sülh prosesindən danışdı

Azərbaycan-Latviya sənədləri mübadilə edildi - Foto

Region üçün ən kəskin problemlərdən biri... - Baş nazir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla aramıza nifaq salmaq üçün... – İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla