Azərbaycan gəncləri bu gün tarixinin ən məsuliyyətli
dövrünü yaşayır. Qloballaşmanın vüsət aldığı və informasiya
cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ respublikamızda
sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin
daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin
yeni səviyyəyə yüksəldilməsini tələb edir.
Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə
iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması
üçün gəncliyin potensialından geniş istifadə olunmasına ciddi
zərurət yaranmaqdadır. Ölkə gənclərinin vətənpərvərlik,
azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni
irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda
tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və
mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının
ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi
olaraq ortaya çıxır. Bu tələblərin yerinə yetirilməsi məqsədilə
Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir.
Ölkəmizdə dövlət gənclər
siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı
ilə bağlıdır. "Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü
il 26 iyul tarixli Fərmanı, "Gənclər siyasəti haqqında" Azərbaycan
Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ
hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının
keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra
mexanizmini müəyyən edir. Azərbaycan Gəncliyi Dövlət Proqramlarının
icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində
müsbət dəyişikliklər baş verib və əhəmiyyətli uğurlar əldə olunub.
Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılır,
istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilir.
Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin
təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilir,
regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər
həyata keçirilir. Dövlətin qayğısı sayəsində gənclər
təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən
hüquqları genişləndirilir, onların layihə və proqramlarına mütəmadi
dəstək verilir. Beynəlxalq əməkdaşlıq sahəsində də gənclər
təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirirlər.
Beləliklə, dövlət gənclər siyasəti – gənclərin öz bilik və
bacarıqlarının, təbii potensialının effektiv reallaşdırılmasını,
cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması
məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata
keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı
ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx
əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli
təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının
əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi,
ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir.
Gənclər siyasətinin əsas istiqamətləri isə "Gənclər siyasəti
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir.
Bunlar
- Gənclərin mənəvi-əxlaqi
tərbiyəsi və mədəni həyatda iştirakı;
- İstedadlı gənclərə dövlət qayğısı;
- Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;
- Gənclərin məşğulluğunun təmin edilməsi;
- Gənc ailələrə dövlət yardımı;
- Gənclər təşkilatlarına dövlət yardımı və digərləridir.
Azərbaycan gəncliyi qarşısında
duran yeni hədəflər açıqlandıqca, dövlətin gənclərə diqqət və
qayğısı da ilbəil artır və konkret nəticələrlə müşahidə olunur.
Ordu quruculuğu, vətənpərvərlik tərbiyəsi, sosial rifahın
gücləndirilməsinə istiqamətlənən siyasət gənclər sektorunun da
inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır. Bu gün
Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər
əsasən bu sahənin intellektual səviyyəsinin artırılması, gənclərin
və yeniyetmələrin elmə, təhsilə yiyələnmələrinə nail olunması,
iqtisadi amillər – yəni maliyyə durumlarının, sosial rifah
göstəricilərinin yüksək olması, onların arasında azərbaycançılıq
ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi,
gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil
olunması və digər taleyüklü məsələlərdir.
Prezident İlham Əliyev
tərəfindən imzalanmış "Azərbaycan Gəncliyi Dövlət Proqram"larında
ölkə gəncləri qarşısında duran əsas vəzifələr sırasında bunları
göstərmək olar:
- gənc nəslin Azərbaycan
xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə,
milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə
olunması;
- gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin
gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması;
- istedadlı gənclərin aşkar
edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün
şəraitin yaradılması;
- gənclərin sahibkarlıq
fəaliyyətinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair
biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və
məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlərin həyata
keçirilməsi;
- gənclərin sağlamlığının
qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən
tərbiyəsinin və idmanın inkişaf etdirilməsi;
- ölkənin ictimai-siyasi
həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə
təşkilatların formalaşması və inkişafı üçün şəraitin
yaradılması;
- gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata
keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin
qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə
iştirakına köməklik göstərilməsi.
Ölkə rəhbərliyinin gənc nəslə
yüksək etimad bəslədiyini Prezidenti İlham Əliyev tərəfindən
2007-ci ilin "Gənclər ili" elan edilməsi faktı da təsdiqləyir.
Dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına,
gələcəyinə böyük inamla yanaşdığını bildirdi: "Hər bir insanın
gücü, əlbəttə, onun biliyindən asılıdır. Ona görə mən əminəm,
gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı
savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər
bir insanın həyatda yaxşı yer tutmasına gətirib
çıxaracaq".
Prezident İlham Əliyevin son
10 ildə Azərbaycanda gənclərlə işin inkişaf etdirilməsi ilə bağlı
verdiyi göstəriş və sərəncamlar sözügedən təbəqənin öz üzərinə
düşən məsuliyyəti daha dərindən dərk etməsinə əhəmiyyətli təsir
göstərir. Digər tərəfdən, sadalanan faktlar gənclərlə bağlı bütün
proseslərin ölkə başçısının birbaşa nəzarəti altında olduğunu və
Prezidentin bu sahəyə xüsusi həssaslıqla yanaşdığını təsdiq edir.
Bu etimadın nəticəsidir ki, Azərbaycan son illər ərzində bir çox
beynəlxalq idman, musiqi, humanitar, elmi tədbirlərə ev sahibliyi
edir. Həmin tədbirlərdə isə gənclərin vətənə, dövlətə bağlılıqları
açıq şəkildə özünü nümayiş etdirir. Gənclərin dövlətə sədaqəti həm
də könüllülük hərəkatının vüsət almasında ortaya çıxır. Belə ki,
adıçəkilən beynəlxalq əhəmiyyətli tədbirlərdə on minlərlə
Azərbaycan gənci könüllülük prinsipi əsasında ölkəsinə xidmət
göstərir və bununla da vətənpərvər olduqlarını təsdiq edirlər.
Azərbaycan gənclərinin də yüksək fəallığının nəticəsidir ki, Bakı
şəhəri
-2014-cü il bədii gimnastika
üzrə Avropa çempionatı,
-2015-ci il Birinci Avropa Oyunları,
-2016-cı il şahmat üzrə dünya çempionatı,
-2017-ci il İslam Həmrəyliyi Oyunları və
-2019-cu il bədii gimnastika üzrə dünya çempionatı
kimi beynəlxalq tədbirlərə
müvəffəqiyyətlə ev sahibliyi edir və bundan sonra da
edəcək.
Hazırda gənclər mədəniyyət, incəsənət, idman, elm, təhsil,
texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları
uğurları layiqincə nümayiş etdirirlər.
Azərbaycan gənclərinin
dünyanın ən tanınmış ali məktəblərində dövlətin dəstəyi ilə təhsil
almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının
qüdrətlənməsində fəaliyyət göstərməsi dövlətin bu sektora olan
etibarının nəticəsidir. Gənclərin xarici ölkələrin ali təhsil
müəssisələrinə göndərilməsi hesabına Azərbaycanın ölkə
sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaratmaq
məqsədi daşıyan Ulu öndərin ənənəsi bu gün Prezident İlham Əliyev
tərəfindən qətiyyətlə həyata keçirilir. İndi həmin kadrlar
ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli mütəxəssislər kimi
çalışırlar. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin
edən bu diqqət ölkə gəncliyinin dünya birliyinə inteqrasiyasını da
sürətləndirir.
Hazırda ölkə əhalisinin 65
faizini 35 yaşadək olan gənclər təşkil edir. Gənclər ölkədə baş
verən proseslərdə həm təşəbbüskar, həm də iştirakçı statusunda
çıxış edir. Ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin
uğurlu davamının nəticəsi olaraq bu gün gənclər ölkənin
ictimai-siyasi həyatında aktiv iştirakla yanaşı, beynəlxalq
miqyasda da ardıcıl uğurları sıralayır. Prezident İlham Əliyev
gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün
istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və
dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi üçün
müvafiq tapşırıq və tövsiyələr verir.
Belə ki, Azərbaycan gəncliyi
Dövlət Proqramlarının davamı olaraq ölkə başçısı 26 yanvar 2015-ci
il tarixli sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf Strategiyası"nı təsdiq etdi. Strategiyanın
məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan
gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf
etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri
naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi
formalaşdırmaqdan ibarətdir.
Azərbaycanın qısa müddətdə
iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş
düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən
gənclər dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə
doğrultmaqla, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin
ictimai-siyasi həyatında tutduqları sağlam mövqe ilə
təsdiqləyirlər. Son 10 ildə dövlət tərəfindən gənclər siyasətinin
davam etdirilməsi üçün ayrılmış büdcənin 100 dəfə artırılması, bu
illər ərzində gənclər təşkilatlarının sayının 51-dən 250-yə
çatması, gənclərin perspektivlərinin qiymətləndirilməsi, onların
təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədi ilə
müxtəlif layihələrə ayrılan vəsaitin 40 dəfəyədək yüksəldilməsi,
əslində, gənc nəslin ictimai həyatda daha fəal iştirakını təmin
etmək marağına xidmət edir.
Prezident İlham Əliyevin gənclər siyasətinin uğurla həyata
keçirilməsində ölkə başçısının 7 fevral 2011-ci il tarixli fərmanı
ilə təsis olunan Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun da özünəməxsus xidmətləri var. Fond
- dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin
dəstəklənməsi;
- gənclərin inkişafını təmin edən regional və beynəlxalq
proqramların işlənib hazırlanması və həyata keçirilməsi;
- yaradıcı gənclərin teatr,
kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələrinin
dəstəklənməsi;
- gənclər təşkilatlarının inkişafı yolu ilə vətəndaş cəmiyyətini
və ictimai təşəbbüskarlığının dəstəklənməsi sahəsində ciddi
addımlar atır.
Azərbaycan gəncliyinin dövlətçiliyə xidmətlə bağlı qarşısında
duran bir neçə prioriteti göstərmək çox vacibdir. Bu gün xalqımızın
üzləşdiyi ən böyük problemlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsidir. Münaqişə hələ ki, Ermənistan və onun
arxasında duran qüvvələrin təcavüzkar siyasəti nəticəsində həll
edilməmiş qalır. Lakin Azərbaycan dövləti və xalqı tam əmindir ki,
onun güclü potensiala malik, intellektual imkanları və fiziki
göstəriciləri yüksək olan gənclər ordusu problemin ədalətli şəkildə
tənzimlənməsində öz rolunu oynayacaq. Ordu sıralarına daxil olarkən
vətənə sədaqət andı içən gənclər ana torpağın hər qarışını qorumaq
üçün düşmən qüvvələri darmadağın etməyə hazır olduqlarını bəyan
edirlər. Bu isə o deməkdir ki, çağdaş gənclik həm də dövlətin
keşikçisidir. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam
gəncliyin olması vacib şərtlərdən biridir. Çünki müstəqilliyin
möhkəmləndirilməsi Azərbaycan dövləti və gənclərin qarşısında duran
əsas vəzifə sayılır.
Gənclər qarşısında duran digər
mühüm hədəf isə beynəlxalq əməkdaşlıq və Azərbaycanın haqlı
mövqeyinin dünya birliyi tərəfindən müdafiə edilməsinə nail
olmaqdan ibarətdir. Bunun üçün ölkə gənclərinin beynəlxalq
təşkilatlarda təmsil olunması zəruridir. Digər tərəfdən, respublika
gənclər təşkilatlarının BMT, Avropa Şurası, İslam Əməkdaşlıq
Təşkilatı, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla əlaqələrini
gücləndirməsi, birgə layihələr həyata keçirməsi də qarşıya qoyulan
məqsədlərə çatmaqda müstəsna rol oynaya bilər. Bütün bunlar
intellektual Azərbaycan gəncliyinin formalaşmasında, müasir
gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və
azərbaycançılıq ruhunda tərbiyə olunmasında, milli-mənəvi dəyərlərə
bağlılıq hisslərinin artırılmasında, ixtisaslı mütəxəssislərin
hazırlanması üçün əlavə islahat və layihələrin tətbiqində həlledici
faktorlara çevriləcək. Azərbaycan gəncliyi də dövlətin diqqət və
qayğısını lazımınca dəyərləndirərək bundan sonra da özünə inam
prinsipləri ruhunda inkişaf etməli, Azərbaycanın suverenliyinin
möhkəmləndirilməsi ilə bağlı ona göstərilən etimadı tam mənasında
doğrultmağa çalışmalıdır.