Uzun illər Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti və Milli Güləş Federasiyasının prezidenti olan mərhum Cavanşir Qurbanovun anım günü qeyd olunub.
Axar.az xəbər verir ki, “Cavanşir” İdman Klubunun prezidenti, prezident təqaüdçüsü, polkovnik Mircəlal Qurbanov atasının əziz xatirəsinə dərin ehtiramla öz Feysbuk səhifəsində yazı paylaşıb. Həmin yazını olduğu kimi oxucularımıza təqdim edirik:
“21 may. Bu tarix bizim üçün sadəcə bir gün deyil. Bu tarix qəlbimizin bir parçasının səssizcə bizdən ayrıldığı gündür. Bu gün atamız Qurbanov Cavanşirin haqq dünyasına qovuşduğu gündür.
O gündən bir il keçir. Amma elə bil zaman bizim üçün həmin gündə dayanıb. Çünki bəzi insanlar dünyadan köçəndə təkcə bir insanı yox, bir ocağın istiliyini, bir evin gücünü, bir ailənin arxasını da özü ilə aparır. Atamız bizim üçün sadəcə ata deyildi. O, evimizin dirəyi, ocağımızın qüruru, nəslimizin müdrik ağsaqqalı idi.
Babamız Kazım kişidən sonra bu nəslin sözü eşidilən, hörməti qorunan, hamını bir araya gətirən insanı idi atamız. O, ailədə və nəsildə təkcə öz yaşıdlarına yox, özündən böyüklərə belə dayaq olmağı, ağsaqqallıq etməyi bacaran nadir və müdrik insanlardan idi. Onun varlığı nəslimizə güvən verirdi. Hamı bilirdi ki, arxasında dağ kimi dayanan bir böyüyü var.
Atamız idmançı, güləşçi olmaqla yanaşı, musiqini də çox sevərdi. Onun çox gözəl musiqi duyumu var idi.
Biz onun sevgisi ilə böyüdük, onun tərbiyəsi ilə formalaşdıq. İnsanlara dəyər verməyi, dostluğu qorumağı, qohumlara sahib çıxmağı bizə atamız öyrətdi.
Mənim yaraşıqlı atam, sən bizim nəslimizin əbədi ağsaqqalı, əbədi uca çinarısan! Elə bir uca çinar ki, bu gün sənin soyadını daşıyan bütün qohumların və onların övladları belə, sənin adınla tanınıb sayıldıqları üçün qürur duyurlar.
Sənin qoyduğun yol, verdiyin tərbiyə və qazandığın hörmət bu nəslin yaddaşında əbədi yaşayır.
Bu gün nəvələrin də sənin adını sevgi və qürurla xatırlayır. Onlar böyüdükcə sənin necə bir insan, necə bir ata, necə bir ağsaqqal olduğunu daha dərindən anlayacaqlar.
Bu gün atamızı böyük ailəmiz, böyük nəslimizlə birlikdə ziyarət etdik. Bir daha hiss etdik ki, Hacı Cavanşir kişinin qurduğu ocaq hələ də yaşayır. Cavanşir Qurbanov adı nəslimizin ən böyük qürurudur! Bu gün məzarının başında təkcə övladların yox, onun adını sevən, ona hörmət edən böyük bir nəslin dayanması bir daha göstərdi ki, ata təkcə ailəsinə yox, bir nəslə dayaq olan müdrik insan idi.
İndi isə onun yoxluğu ilə yaşamağı öyrənməyə çalışırıq. Amma nə qədər zaman keçsə də, qəlbimizdəki ata həsrəti azalmır. Çünki bəzi insanlar unudulmur. Onlar ailəsinin nəfəsində, duasında, xatirəsində yaşayır.
Bu gün də atamızın adı, sözü, hörməti bizimlə yaşayır. Allah sənə rəhmət eləsin əziz atamız. Ruhun şad olsun. Necə ki, sən Kazım babamızın adını hər zaman böyük qürurla yaşadırdın, bizə də onun adına, yoluna, kişiliyinə sahib çıxmağı öyrədirdin, biz də bu gün həm Kazım babamızın, həm də sənin adını eyni qürurla, eyni şərəflə yaşadırıq, ata.
Və sənin adın bu gün də övladlarının, nəvələrinin, səni sevən qohumlarının, doğmalarının, əzizlərinin və dostlarının qəlbində, dualarında və sevgisində əbədi yaşayır.
Cavanşir Kazım oğlu Qurbanovun övladları olaraq səninlə hər zaman fəxr edirik!”