Sovetlər Birliyinin konstitusiyası insanların ən ümdə
hüquq və azadlıqlarına təminat verirdi, lakin bizim ölkə də daxil,
müttəfiq respublikaların heç birində qazla təminat 50 faizə
çatmırdı. Dünyanın üçdə birinə ağalıq edən imperiyadan fərqli
olaraq, konstitusiyasız Britaniyada vətəndaşlar evlərində daimi
istiliklə təmin olunmuşdular.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc
Bərdənin Hacallı kəndində qaz açılışı zamanı deyib. Z.Orucun
sözlərinə görə, ölkə rəhbərinin tapşırığı ilə növbəti bir kəndə -
Hacallıya mavi yanacağın verilməsi əlamətdar hadisəyə çevrildi:
"25 yaşlı müstəqil Azərbaycanın güclü lideri İlham Əliyevin
qəbul etdiyi proqramlar sayəsində Qarabağın mühüm bölgələrindən -
hərbi mövqeyinə görə istehkamlarından biri olan Bərdə rayonunda
insanlar yenidən alovlanan məşəlin işığına toplaşmışdılar. Bir
tərəfdən insanlar uzun müddətdir çətinlik çəkdikləri "isti ocaq"
problemindən qurtuldular, o biri yandan "neftçilər günü"ndə
Azərbaycanın yeraltı sərvəti imam torpağı olan Bərdəyə - onun
qədirbilən sakinlərinə çatdırıldı.
Yalnız müharibə ocağına yarayan neftin tarixən və indi bir çox
xalqlara bəla gətirdiyini nəzərə alsaq, onda dövlətimizə və ulu
öndərimizə dua etməyi hər birimiz üçün mənəvi borc saymalıyıq.
Çünki yeraltı zənginliklərin bütün xalqa məxsus olduğununa dair
məlum trafaretini müxtəlif tribunalardan səsləndirənlər, yaxud yüz
milyarddan artıq gəlirin hara yönəldiyini soranlar dünyada neftin
necə böyük bəlalara səbəb olduğunu da vurğulamağı unutmasınlar.
Neft və qazın həqiqi sahibinə o xalq çevrilir ki, o sərvətlərdən
ölkənin və hər bir vətəndaşın belindən asılan möhkəm kəmər düzəldə
bilsin! Evində istiliyi, suyu, işığı və digər təminatları olan
vətəndaş ən ideal və müqəddəs ayələrlə yazılmış konstitusiyalardan
üstündür".