Son dövrlər Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük
postunda müşahidə olunmuş nisbi sıxlıqlar tamamilə aradan
qaldırılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən
məlumata görə, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli
305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən
istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
malların gömrük sərhədindən keçirilməsinin güzəştli və
sadələşdirilmiş qaydaları"nda Nazirlər Kabinetinin 8 iyul 2016-ci
il tarixli 267 nömrəli qərarı ilə edilmiş dəyişikliklərin tətbiqi
ölkənin bütün gömrük-keçid məntəqələrinin, o cümlədən Sınıq Körpü
gömrük postunun iş rejiminə müsbət təsir göstərib.
Belə ki, dəyişikliklərin tətbiqinə qədər xaricə səyahət edən
vətəndaşların güzəştli qaydalarla ölkəyə gətirdiyi malların
miqdarına müəyyən məhdudiyyətlər qoyulsa da, vaxt baxımından
qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmayıb. Nəticədə son
illər fiziki şəxslərin, xüsusilə sərhədyanı ərazilərdə yaşayan
əhalinin gün ərzində bir neçə dəfə qonşu ölkələrə gedərək gömrük
ərazisinə gətirdikləri malların Azərbaycanın gömrük sərhədindən
istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar
şəklində keçirilməsinə cəhdlər göstərilir, bu da öz növbəsində
həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük
ödənişlərindən yayınmaya, həmçinin qeyd olunan malların
qaçaqmalçılığı hallarını artmasına, gömrük-keçid məntəqələrində
sıxlıqların yaranmasına səbəb olub.
Belə ki, xüsusilə sərhəd rayonlarda yaşayan sakinlərin bir qisminin
bəzən gün ərzində 2-3 dəfə qonşu ölkələrə səyahət etdiyi, hər dəfə
geri dönüşdə isə özləri ilə siqaret, alkoqollu içkilər və ərzaq
məhsulları gətirdiyi müşahidə olunub.
Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli
qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal,
yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük
sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş
qaydaları"nda edilən dəyişikliklərə əsasən hər bir vətəndaşın bu
güzəştlərdən təqvim ayı ərzində yalnız bir dəfə yararlanacağının
qeyd olunması həm dövlət büdcəsinə daxilolmaların miqdarının
artmasına, qaçaqmalçılıq hallarının azalmasına və gömrük
məntəqələrindən rahat keçidin təmin olunmasına münbit şərait
yaradıb.
Qeyd edək ki, belə halların mütəmadi yaşandığı Tovuz Gömrük
İdarəsinin Sınıq Körpü gömrük postunda bəzən bu kimi qanun
pozuntularına cəhdlər olsa da gömrük orqanları tərəfindən bu
cəhdlərin qarşısı alınır və heç bir sıxlıq müşahidə olunmur,
nəqliyyat vasitələrinin, sərnişinlərin rahat keçidi tam təmin
edilir.