Bu parkın özəlliyi ondan ibarətdir ki, bundan sonra
onilliklər ərzində bu, həm insanlara, həm Mingəçevir şəhərinə, həm
ölkəmizə böyük xeyir gətirəcək. Burada çox böyük tikiş fabriki
yaradılacaq. Təkcə tikiş fabrikində 2 min iş yeri açılacaq. Tikiş
fabriklərində adətən qadınlar işləyir. Bu, onu deməyə əsas verir
ki, indi qadınlar üçün də yeni iş yerləri yaradılır. Biz
çalışmalıyıq ki, ailədə hər iki valideyn işlə təmin edilsin. Bu
fabriklərin yaradılması əlbəttə ki, Mingəçevirin inkişafına böyük
təkan verəcək.
Axar.az xəbər verir ki, bu sözləri İlham Əliyev Mingəçevir
Sənaye Parkının təməlqoyma mərasimində çıxış edərkən bildirib.
"Mingəçevirin inkişafı daim diqqət mərkəzindədir. Son illər
ərzində şəhərdə gedən quruculuq-abadlıq işləri hamımızı sevindirir.
Bu, mənim Mingəçevirə altıncı səfərimdir. Əvvəlki illərdə bir çox
işlər görülüb. Mingəçevirin infrastrukturu ilə bağlı önəmli
layihələr icra edilib. İndi Bakı-Mingəçevir avtomobil yolu ən
yüksək standartlara cavab verir, çox gözəl, hamar yoldur.
Mingəçevirdə digər yol layihələri də icra edilmişdir.
Qazlaşdırmanın səviyyəsi 96 faizdir. Çox yaxşı göstəricidir.
İçməli su, kanalizasiya layihəsi icra edilir. Çox güman ki, bu
layihə gələn il başa çatacaq. Hələ ki, içməli su ilə bağlı
problemlər var və onlar aradan qaldırılacaq. Elektrik enerjisinə
gəldikdə, Mingəçevir özü ölkəmizin böyük hissəsini elektrik
enerjisi ilə qidalandırır. Burada da heç bir problem yoxdur. Sosial
infrastrukturun yaradılması istiqamətində işlər gedir. Keçən il
şəhər xəstəxanası əsaslı təmir edilmişdir. Köçkünlər üçün böyük
şəhərcik salınmışdır və artıq köçkünlər o evlərə yerləşiblər.
Mingəçevir Dram Teatrının binası təmir edildi. Mingəçevir Dövlət
Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalanmışdır. Biz
Kür avarçəkmə bazasını yenidən qurduq. Mən xatırlayıram, ilk dəfə
2000-ci illərin əvvəllərində Milli Olimpiya Komitəsinin prezidenti
kimi bazaya baş çəkmişdim. Əlbəttə, indiki mənzərə o vaxtkından
müqayisəedilməz dərəcədə fərqlənir. O vaxt o bazadan demək olar ki,
əsər-əlamət qalmamışdı, köçkünlər orada yerləşmişdi. Biz onların da
problemlərini həll etdik. Onlara da gözəl şərait yaratdıq və bazanı
yenidən qurduq. Gözəl otel, məşq zalları fəaliyyət göstərir.
Avarçəkmə ilə məşğul olmaq üçün bütün imkanlar var. Siz
mingəçevirlilər yaxşı bilirsiniz ki, bu bazanın çox böyük
əhəmiyyəti var. Sovet İttifaqında və postsovet məkanında bu, bütün
mövsümlərdə istifadə edilə biləcək yeganə avarçəkmə bazasıdır.
Buraya xaricdən də idmançılar gəlirlər, məşq edirlər. Bu da
özlüyündə şəhərin inkişafına bir töhfədir.
Mingəçevirin gözəl turizm potensialı var. Artıq burada bir neçə
otel fəaliyyətə başlayır. Hesab edirəm ki, həm şəhər rəhbərliyi və
ümumiyyətlə bizim turizmlə bağlı olan qurumlar Mingəçevirə daha çox
turist cəlb etməlidir. Çünki bu gün turizmin inkişafı prioritetlər
sırasındadır. Vizalarla bağlı dəyişikliklər bu il turizmin
inkişafına çox böyük təkan verdi. Xarici turistlər də Mingəçeviri
tanımalıdır. Çünki Mingəçevirin gözəl təbiəti, təmiz havası var.
Kür çayının ən gözəl və təmiz hissəsi də bax Mingəçevirdədir. Kür
çayı böyük çaydır. Suyun rəngi də, keyfiyyəti də bir az fərqlidir.
Kür çayı burada tərtəmiz, gözəl, gözoxşayan rəngdədir. Burada çox
gözəl təbii şərait, infrastruktur var. Gəncə və Qəbələ Beynəlxalq
aeroportları da yaxınlıqdadır. İndi Bakıdan buraya gəlmək üçün
gözəl imkanlar var. Ona görə, gələcəkdə burada turizm potensialı
inkişaf etməlidir.
Mingəçevir energetiklər şəhəri, Cənubi Qafqazın yüngül sənaye
mərkəzi və müasir, abad şəhər kimi, əlbəttə ki, bundan sonra da
sürətlə inkişaf edəcək. Bu gün tarixi bir gündür, əlamətdar bir
gündür. Bu gün çox böyük layihəyə start verildi. Hazırda ölkəmizdə
bir neçə sənaye parkı var. Onlardan ikisi Sumqayıtdadır. Sumqayıt
Texnologiya Parkı fəaliyyət göstərir. Sumqayıt Kimya Sənayesi Parkı
isə fəaliyyətə başlayır. Üçüncü böyük sənaye parkı Mingəçevirdə
yaradılacaq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik
edirəm, sizə yeni uğurlar arzulayıram", - İlham Əliyev
bildirib.