"Rossiya 24" kanalı Azərbaycanda sentyabrın 26-na təyin
edilmiş ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar
geniş reportaj yayımlayıb.
Axar.az xəbər verir ki, telekanalın əməkdaşı Andrey Şlapnikov
Azərbaycanda konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı
keçiriləcək referenduma hazırlıq prosesi barədə ətraflı məlumat
verib. Paytaxtın seçki məntəqələrinin birində olan jurnalist qeyd
edir ki, sentyabrın 26-da səhər saat 08:00-da ölkə ərazisindəki
bütün seçki məntəqələri öz qapılarını seçicilərin üzünə açacaq.
Vətəndaşlar ölkə xaricində yaradılmış 38 seçki məntəqəsində də səs
verə biləcəklər.
Reportajda bildirilir ki, referendumla bağlı 5 milyon bülleten
çap olunub. Bülletenlərdə konstitusiya dəyişikliklərlə bağlı 29
təklif yer alıb. Təklif olunan bəndlər arasına bərabərlik,
mülkiyyət, vətəndaş hüquqları, şəxsi məlumatların qorunması
məsələləri yer alıb. Həmçinin layihədə prezident səlahiyyətlərinin
müddətinin 5 ildən 7 ilədək artırılması nəzərdə tutulur.
Kanala müsahibə verən Milli Məclisin deputatı Mixail Zabelin
konstitusiyaya dəyişiklik edilməsi zərurətindən danışaraq dövlət
başçısı üçün neft-qaz, xüsusilə respublikanın iqtisadi inkişafı ilə
bağlı qlobal proqram və layihələri həyata keçirmək, ölkənin yeni
infrastrukturunu qurmaq məqsədilə optimal müddətin 7 il olmasının
vacibliyini vurğulayıb. O bu müddətin beynəlxalq standartların da
parametrlərinə uyğun gəldiyini bildirərək qeyd edir ki, referenduma
çıxarılan dəyişikliklər Azərbaycan dövlətçiliyini gücləndirməyə,
demokratiyanın daha da inkişafına şərait yaradacaq.
Rusiyalı jurnalist konstitusiyaya prezidentliyə və deputatlığa
namizədlər üçün yaş məhdudiyyətinin aradan qaldırılmasının da
təklif olunduğunu diqqətə çatdırıb.
Səsverməni yerli və xarici müşahidəçilər, o cümlədən beynəlxalq
təşkilatların nümayəndələri izləyəcəklər. Mərkəzi Seçki
Komissiyasının (MSK) üzvü İlham Məmmədov kanala müsahibəsində bu
barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu günədək MSK-da 117
beynəlxalq müşahidəçi, 11 beynəlxalq kütləvi informasiya vasitəsi
qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilər MDB ölkələri, Fransa,
Böyük Britaniya, Almaniya və digər dövlətləri təmsil edirlər.
Jurnalist şəffaflığın təmin olunması ilə bağlı görülən
tədbirlərdən danışaraq bildirir ki, seçki məntəqələrində
veb-kameralar quraşdırılıb və şəffaf seçki qutuları qoyulub.
Həmçinin hər bir seçici daktiloskopik yoxlamadan keçəcək.
Reportajda məlumat verilir ki, seçki məntəqələri sentyabrın
26-da axşam saat 19:00-da bağlanacaq. Bundan sonra bütün məlumatlar
MSK-yə daxil olacaq. Yekun nəticələr isə seçki məntəqələri
bağlandıqdan sonra 48 saat ərzində açıqlanacaq.