Prezident İlham Əliyev Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin
yaradılması haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikasının sosial-iqtisadi
inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə
əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta
sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun
artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında
vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın
inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və
rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına
dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən
"ABAD" (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılsın.
2. "ABAD" mərkəzləri vasitəsilə aşağıdakılar həyata
keçirilsin:
2.1. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək
layihələrinin həyata keçirilməsi, bu layihələrin
maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması;
2.2. "ABAD" layihələri üçün ailə təsərrüfatlarının, kiçik və
orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının
istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə
edilməsinə şərait yaradılması;
2.3. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes
planların hazırlanması, marketinq, brendinq və dizayn,
maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi;
2.4. istehsal olunan məhsulun sertifikatlaşdırılmasının
sadələşdirilmiş qaydada "bir pəncərə" prinsipi əsasında
təşkili;
2.5. istehsal olunan məhsulun daşınmasının və satışının
təşkili;
2.6. istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin
keçirilməsi, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsi,
beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən
qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma;
2.7. layihə çərçivəsində nəzarət və qiymətləndirmə
aparılması;
2.8. istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı
digər tədbirlərin təşkili.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ABAD"
mərkəzlərinin vahid şəkildə idarə edilməsini, nəzarət və
qiymətləndirmənin aparılmasını təmin edən "ABAD" publik hüquqi
şəxsi yaratsın və publik hüquqi şəxsin təsisçisinin "Publik hüquqi
şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci
maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin.
4. Pilot layihə çərçivəsində "ABAD" mərkəzlərinin fəaliyyətə
başlaması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə
1 (bir) milyon manat ayrılsın.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "ABAD"
mərkəzlərinin fəaliyyəti üçün ailə təsərrüfatlarının və təsərrüfat
məhsullarının müəyyənləşdirilməsi məqsədi ilə regionlar üzrə
iqtisadi təhlil və proqnozlar əsasında təkliflərini Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi əməkqabiliyyətli aztəminatlı ailələrin "ABAD"
mərkəzlərinin göstərdiyi xidmətlərdən istifadəsini təmin etmək
məqsədi ilə təkliflərini Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinə təqdim etsin.
7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İqtisadiyyat
Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu Fərmanın 2.4-cü
bəndində göstərilən xidmətlərin Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin müəyyən etdiyi qaydada "bir pəncərə" prinsipi
əsasında təşkili üçün zəruri tədbirlər görsünlər.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
8.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
8.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın
4-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi "ABAD" publik
hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata
keçirsin.