Yuxarı

Azərbaycan Paşinyanı təbrik edəcəkmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Paşinyanı təbrik edəcəkmi?

Ermənistan parlamentinə 7 iyunda keçirilən seçkilərdə Baş nazir Nikol Paşiinyanın Mülki Müqavilə Partiyası 49,82 faiz səslə qalib gəldi və ilkin məlumata görə, 105 yerlik parlamentdə 64 mandat qazandı. Bu nəticə ilə N.Paşinyan hökuməti təkbaşına formalaşdıra biləcək.

Axar.az xəbər verir ki, Paşinyanın seçkilərdən qalib çıxmasına qarşı Rusiya 3 əsas adamını dövriyyəyə buraxmışdı - rusiyalı oliqarx Samvel Karapetyan (Güclü Ermənistan Partiyası), ikinci prezident, Putinin şəxsi dostu Robert Köçəryan (“Ermənistan” bloku) və iş adamı Qagik Çarukyan (Çiçəklənən Ermənistan Partiyası).

Əsas təbliğat Samvel Karapetyanın qələbəsinə, ən azı Paşinyanın hökuməti tək qura bilməməsi üzərində qurulmuşdu. Samvel Karapetyan bir neçə milyard sərvətə sahib iş adamıdır, Ermənistanda böyük şəbəkəsi və işçi çevrəsi var, seçki təbliğatını aparmaq üçün hər bir resursa sahibdir. Xarici blogerlərin Ermənistandakı seçkilərdən öncə yaydıqları videolardan da görünürdü ki, ən böyük təbliğat vasitələri Karapetyana məxsusdur. Karapetyan xüsusilə İrəvanda bütün küçələrdəki reklam lövhələrini almışdı.

Eyni zamanda, seçicilərin ələ alınması prosesində də maddi vəsaitlər müstəsna rol oynayırdı və bu istiqamətdə cinayət işlərinin açıldığı da məlumdur.

Buna baxmayaraq, Karapetyan 23,28% səs qazana və ilkin məlumata görə, 29 mandat əldə edə bildi. Hazırda Köçəryanla birgə revanşistlər 41 mandata sahibdir, bu isə Paşinyanın hökumət qurmasına mane olmağa kifayət etmir.

Bu nəticə - rusyönlülərin seçkidə istənilən uğuru qazana bilməməsi Rusiyanın açıq aqressiyasına səbəb oldu. Seçki ərəfəsində Paşinyana təzyiqləri artıran və erməni seçicinin məhsullarına idxal məhdudiyyəti qoymaqla, onları Paşinyandan narazı salmağa və müxalifətə istiqamətləndirməyə çalışan Rusiya hədəfinə nail ola bilmədiyindən, indi kəskin bəyanatlar verməyə davam edir: Kremlin sözçüsü Dmitri Peskov Ermənistanda seçki pozuntularından bəhs edir, XİN sözçüsü Mariya Zaxarova isə Qərbin Ermənistandakı seçkilərə kobud müdaxiləsindən və inzibati resurslardan istifadə edildiyindən danışır.

İndiyə qədər Rusiya rəsmiləri Paşinyanı təbrik etməyib. Əvəzində isə seçkidən dərhal sonra Avropanın demək olar ki, bütün liderləri Nikol Paşinyana təbriklərini çatdırıblar. Ötən gün isə ABŞ lideri Donald Tramp da Paşinyanı dəstəklədiyini bir daha elan etdi və onun qələbəsini alqışladı.

Aİİ və KTMT ölkələri içərisində yalnız Qazaxıstan lideri Tokayev Nikol Paşinyanı təbrikə cəsarət edib. Ermənistanın digər “müttəfiqləri” görünür, Rusiyanın davranışını izləyirlər.

Belə bir durumda Azərbaycan XİN Paşinyanı təbrik edə bilərmi?

Ermənistanın qonşuları – Gürcüstan və İran artıq Paşinyanı təbrik ediblər. Hətta Türkiyə XİN də Ermənistandakı seçkiyə münasibət bildirib və seçki nəticəsinin Azərbaycanla sülh müqaviləsi imzalanmasına yol açacağına ümid ifadə edilib.

Ermənistanda revanşistlər hakimiyyətə gəlsəydi, regionda tam fərqli siyasi inkişaf baş verə bilərdi. Ona görə də Ermənistanda seçkilərdən öncə Mülki Müqavilə Partiyası xalqı “sülh, yoxsa müharibə” arasında seçim etməyə dəvət edirdi. Hazırda Qərb erməni xalqının sülhə səs verdiyini bildirir və dəstəkləyir. Sülh isə əlbəttə ki, Azərbaycanla bağlı proseslərə aiddir.

Paşinyanın qələbəsi TRİPP-in gerçəkləşməsi, nəqliyyat əlaqələrinin inkişafı, regiona Rusiyanın təsirinin azalması və Rusiyanın Orta Dəhlizə mane olmaq imkanlarının aradan qalxması deməkdir.

Bu baxımdan region ölkələrini daim bir-birinə qarşı körükləyərək, öz təsirini saxlamaq siyasətini onillərdir yeridən Rusiyanın 7 iyunda hədəfinə çatmaması Azərbaycanın da maraqlarına uyğundur - xüsusilə ərazi bütövlüyünü tam təmin etdikdən sonra regional layihələrin icrasına başlayan və sülh təşəbbüsü ilə ilk çıxış edənin Azərbaycan olduğunu nəzərə alsaq.

Yəni Azərbaycanın da Türkiyə XİN-in münasibətinə uyğun bir açıqlama ilə çıxış etməsi və Paşinyanı təbrik edən Qərbin yanında yer alması məntiqli görünür.

Amma məsələnin digər tərəfi Ermənistan daxilində hazırda davam edən proseslərdir. Ermənistanın diaspordan asılı olan və hazırda Karapetyanın maliyyəsinə göz dikən mediası (bura revanşistlərin əlində olan media qurumlarını da əlavə edək) Paşinyanın qələbəsini Azərbaycanın “təmin etdiyi” təbliğatını aparmağa davam edirlər. Azərbaycan XİN-in açıqlaması revanşistlərin Paşinyana qarşı təbliğatında sui-istifadəyə çevrilə bilər.

Buna baxmayaraq, sülh müqaviləsinin paraflandığı, sərhədin delimitasiyası istiqamətində addımların atıldığı, TRİPP layihəsinin gerçəkləşməsi prosesinə başlanıldığı, QHT-lər arasında münasibətlərin qurulduğu, birbaşa sərhəddən ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil edildiyi, Azərbaycan dəmir yolları ilə Ermənistana tranzit daşımalara izn verildiyi, neft məhsulları göndərildiyi və yeni səhifə açıldığı bir siyasi-iqtisadi şəraitdə Azərbaycan XİN-in müstəqillik dövründə, 35 ildən sonra ilk addımı atması da gözləniləndir.

Tarix
2026.06.11 / 11:48
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Bu, Şuşa Bəyannaməsinin geostrateji əhəmiyyətini artırır

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla