Rusiyanın Cənubi Qafqaz siyasəti barədə adətən bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin danışır. O, bu dəfə də Ermənistan və Azərbaycanla bağlı açıqlamalar verib. Azərbaycanla bağlı deyib ki, Moskva və Bakı 2024-cü ilin dekabr ayında Aktau yaxınlığında baş verən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı bütün məsələləri həll ediblər. Cinayətkarların cəzalandırılması kimi məsələnin üzərində çox dayanmadan təyyarə qəzasında ölənlərin ailələrinə və yaralılara kompensasiya ödənildiyi barədə xəbərlər yayımlanıbmı?
Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Qaluzin açıqlamasında Bakıda “Rus evi”nin yenidən fəaliyyətə başlaması gərəkliyini bildirib. “Azərbaycanda “Rus evi”nin fəaliyyətinin yenidən bərpa olunması hər iki dövlətin və xalqın maraqlarına tamamilə cavab verərdi” deyən Qaluzin bu “evin” bağlanmasının səbəblərini tez unudub. Aydındır ki, Qaluzin və digər rusiyalı diplomatlar azərbaycanlı həmkarlarıyla danışıqlarda bu məsələni daima qaldırırlar. Rusiyalı diplomat yaxın günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya rəsmi səfər edəcəyini söyləyib. Görünür, Ceyhun Bayramovla görüşdə də “Rus evi” məsələsi qaldırılacaq. “Rus evi” yalnız Bakıda bağlanmayıb, başqa ölkələrdə bu “evin” təxribatçı məqsədlərlə istifadə olunduğu aşkarlanıb. Eyni fəaliyyət davam edəcəksə, “Rus evi”nin yenidən açılması üçün heç bir əsas yoxdur.
Qaluzin açıqlamasında Kremlin “Tramp yolu” ilə bağlı xəbərdarlığını da Bakı və İrəvana ötürüb. Onun açıqlamasındakı “TRIPP-in perspektivləri birmənalı deyil. Bu layihə Rusiyanın iştirakından yalnız qazanardı”, “Tramp marşrutu"ndan İran çətin ki, məmnun olsun. Güman etməyə əsas var ki, bu layihə Çini də qane etmir”, “TRIPP-in Rusiya sərhədçiləri tərəfindən qorunan ərazidən keçməsi planlaşdırılır. Buna görə də həm Rusiyanın, həm də Avrasiya İqtisadi İttifaqının fikirləri nəzərə alınmalıdır” kimi cümlələri bundan xəbər verir.
Ukraynaya qarşı işğalçı müharibə aparan ölkə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən layihəyə mane olmaq istəyir və bu zaman nəqliyyat yolunu əngəlləmək məqsədilə müttəfiqlərini də “köməyə çağırır”.
Ermənistanın Baş naziri Nikol Paşinyan “Tramp yolu”nun tikintisinə başlamağa tələsməlidir, əks halda Kreml Qaluzinin vasitəsilə səsləndirdiyi təxribatlarını həyata keçirmək istəyəcək”, - politoloq bildirib.