Millət vəkili Qənirə Paşayeva dünən Milli Məclisdə
əlillər, autizmli xəstələr və göz əməliyyatları ilə bağlı vacib
təkliflərlə çıxış edərək əlillərin işlə təminatındakı problemlərdən
və qanunvericiliyi yerinə yetirməyərək əlilləri işə götürməyən
müəssisə, qurum və şirkətlərə qarşı cəza tədbirlərinin
sərtləşdirilməsini irəli sürüb.
Axar.az xəbər verir ki, millət vəkili əlillərin işlə təminatı və
məşğulluğu sahəsində həllini gözləyən ciddi problemlərin olduğunu
bildirib:
"Məşğulluq haqqında qanuna görə əlillərin işlə təminatı üçün
kvota qoyulub. Çox təəssüf ki, bir sıra müəssisə, təşkilat və
şirkətlər var ki, qanunun bu müddəasını lazımı şəkildə yerinə
yetirmir və əlilləri işə götürməkdən imtina edirlər.
Qanunvericiliyi bu istiqamətdə mütəmadi pozanlara cəza mexanizmləri
daha sərt olmalıdır. Bəzi qanunlarımızda onların hüquqlarının daha
möhkəm müdafiəsi istiqamətində əlavə və dəyişikliklər etməliyik.
Əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi
istiqamətində nəzarət mexanizmləri ciddi şəkildə
gücləndirilməlidir. MM-də hökumətin hesabatı zamanı məşğulluq
haqqında qanunun necə yerinə yetirilməsi, bunu yerinə
yetirməyənlərə qarşı görülən tədbirlər, daha çox hansı qurumların
bu istiqamətdə qanunu pozması, onlara qarşı görülən tədbirlərlə
bağlı məsələlər də öz əksini tapsa, yaxşı olardı".
Q.Paşayeva həmçinin görmə imkanları məhdud gənclərin işlə
təminatındakı problemlərə də toxunub və ali təhsil almış bu cür
gənclərə xüsusi diqqət ayırmağa çağırıb.
O, Təhsil naziri Mikayıl Cabbarova xahiş çağırışı da
səsləndirib:
"Müəllim ixtisası üzrə universitetləri bitirmiş bir neçə görmə
imkanı məhdud olan gənc bir neçə gün əvvəl bununla bağlı mənə
müraciət etmişdi və həmin gənclərlə görüşüb, geniş söhbət etdik.
Onların müəllim kimi işlə təminatı çox vacib məsələdir və ümid
edirik ki, bu qrup gənc mütəxəssislər işlə təmin olunacaq".
Deputat "əlillər və əlillərin reablitasiyası" ilə bağlı qanunun
qəbulunun vacibliyindən danışıb:
"Sosial Siyasət komitəsində "əlillər və əlillərin
reablitasiyası" ilə bağlı qanun layihəsi hazırlanırdı. Yaxşı olardı
ki, həmin layihə payız sessiyasında müzakirəyə çıxarılsın. Bu
istiqamətdə qanunun qəbulu onların həllinə böyük təsir göstərə
bilər".
Millət vəkili daha önəmli bir məsələnin - autizmli xəstələrin
problemləri və onlara dəstək göstərilməsi ilə bağlı məsələlərin
qanunvericilikdə öz həllini tapmasının vacibliyini vurğulayıb:
"Buynuz qişanın köçürülməsi üçün toxumanın ölkəyə gətirilməsində
ortaya çıxan problemlər üzündən bu əməliyyatlar aparıla bilmir və
vətəndaşlar xaricə üz tutmaq məcburiyyətində qalır. Halbuki Zərifə
Əliyeva adına Göz İnstitunda bu əməliyyatı keçirmək üçün bütün
imkanlar və yaxşı mütəxəssislər var. Nə üçün bu qədər pul xaricə
getməlidir? Axı qanunvericilikdə buynuz qişanın köçürülməsi üçün
toxumanın ölkəyə gətirilməsi qadağan edilmir. Hesab edirəm ki, bəzi
qanunlara əlavələr etməklə və icra orqanları səviyyəsində bu
məsələnin qısa zamanda həllini tapması çox vacibdir".
Bunlarla yanaşı, Əli Bəy Hüseynzadənin qəbrinin yüksək səviyyədə
abadlaşdırılması və ona abidənin qoyulması təklifi ilə çıxış edən
deputat Türkiyədə Əli Bəy Hüseynzadənin qızı ilə görüşdüyünü qeyd
edib:
"Dahi şəxsiyyətin övladı heç bir qarşılıq gözləmədən təmənnasız
Əli Bəy Hüseynzadədən qalan qiymətli rəsmlərini, əsərlərini,
sənədləri, istifadə etdiyi avadanlıq və əşyaları Azərbaycan
dövlətinə hədiyyə edib və indi onun ölkəmizə gətirilməsi
istiqamətində işlər görülür. Əli Bəy Hüseynzadənin dəyərli
övladının bu cür addımı yüksək qiymətləndirilir. Azərbaycan
dahisinin İstanbuldakı məzarı yüksək səviyyədə abadlaşdırılmalı,
Əli bəyə bir abidə ucaldılmalıdır".
Nuri Paşanın rəhbərliyi altında Bakının erməni daşnakları və
onların havadarlarının törətdiyi dəhşətli cinayətlərdən xilas
olmasının 100 illiyinin yaxınlaşdığını deyən millət vəkili bu
münasibətlə Bakıda Nuri Paşaya abidə qoyulmasını təklif edib.