Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarın
sonunda məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal
edilmiş avtomobillərdən istifadəni tövsiyə etməsindən sonra
nazirlik və dövlət idarələri o avtomobilləri almağa başlayıb. Bəs
hazırda bu sahədə real nəticə nədən ibarətdir?
Axar.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi Naxçıvanın NAZ zavodunun istehsal etdiyi avtomobilləri
yalnız müharibə əlilləri üçün alır. Vəzifəli şəxslər isə bu
avtomobildən istifadə etmir.
Nazirliyin şöbə müdiri Elman Babayev açıqlamasında təmsil etdiyi
qurumun NAZ-Lifan avtomobillərinin kütləvi alışı və yayılmasında
vacib rol oynadığını deyib:
"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq
əlillərin dövlət büdcəsi hesabına avtomobillə təmin edilməsi
çərçivəsində maşınlar məhz Naxçıvan Avtomobil Zavodundan alınır.
Prezidentin 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il
sərəncamlarına uyğun olaraq, son iki ildə 1933 avtomobil alınaraq
müharibə əlillərinin istifadəsinə verilib. Cari ildə də NAZ-Lifan
avtomobillərinin alınması nəzərdə tutulur".
Təhsil Nazirliyi isə xidməti istifadə üçün 25 ədəd NAZ minik
avtomobili alıb. Bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə
əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov məlumat verib.
Energetika Nazirliyi son illərdə ümumiyyətlə avtomobil parkının
yenilənmədiyini bildirib. Bu səbəbdən də nazirliyin xidməti
avtomobilləri arasında NAZ-Lifan yoxdur.
Vergilər Nazirliyində 2012-ci ildə alınmış avtomobillərdən
istifadə edilir. Bu avtomobillər isə "Toyota Kəmri", "Honda
Akkord", "Neksia", KİA, QAZ-31, "Mitsubişi", "Şevrolet Niva",
UAZ-3163-10 markalı minik avtomobilləridir.
"Nazirlik sonunci dəfə 2014-cü ildə xidməti istifadə üçün "Fiat
Doblo" markalı avtomobil alıb. Əgər gələcəkdə büdcədən avtomobil
alınması üçün vəsait ayrılsa, onda NAZ-Lifan markalı maşınların
alınması məsələsinə baxılacaq", - naziriyin mətbuat xidmətindən
Sputnik.az-a bildirilib.
Qeyd edək ki, Azərbaycanda nazirlik və dövlət idarələrinə
avtomobillərin alınmasını Nazirlər Kabineti tənzimləyir. Qurumların
avtomobil parkının yenilənməsi yaxın zamanlarda gözlənilməsə də,
təcili ehtiyac yarandığı halda Naxçıvanda istehsal olunan NAZ-a
müraciət etmək olar.
Çünki bu avtomobillərin qiyməti Qərb və Yaponiya
istehsalçılarının aparıcı avtomobil şirkətlərinin istehsal etdiyi
maşınlardan ucuzdur.