AAzərbaycanın şanlı zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşlərindən altı il ötür. Azərbaycana qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun çirkin niyyətinin qarşısını sərt şəkildə aldı. Tovuz döyüşlərində Azərbaycan Ordusu tərəfindən düşmənə ağır zərbələr endirilib və xeyli canlı qüvvəsi, hərbi texnikası məhv edilib.
Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.
Deputat bildirib ki, Tovuz döyüşlərinin ən böyük önəmi həm də xalqımızın düşmənə qarşı Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına döyüşən ordumuza yüksək həmrəylik nümayiş etdirməsi idi:
"Döyüşlərin davam etdiyi günlərdə on minlərlə insan, xüsusilə gənclər paytaxtımızda və bölgələrdə yürüş edərək Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirdilər. Minlərlə azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi".
Millət vəkilinin sözlərinə görə, bir neçə gün davam edən Tovuz döyüşləri zamanı düşmən beynəlxalq humanitar qaydalara zidd olaraq yaşayış məntəqələrini, mülki insanları da hədəfə alıb:
"Buna cavab olaraq Azərbaycan ordusu düşmənin hərbi qüvvələrinə və döyüş texnikalarına sarsıdıcı zərbələr endirib. Tovuz döyüşləri Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, peşəkarlığını və qətiyyətini bir daha nümayiş etdirdi. Döyüşlər zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı, bir mülki şəxs həyatını itirdi. Qarşı tərəf isə 100-dən çox hərbçisini, eləcə də çoxlu sayda döyüş texnikasını itirdi. Azərbaycan xalqı Vətən uğrunda canından keçən igid oğullarını böyük izdiham və ehtiramla son mənzilə yola saldı”.
Samir Vəliyev əlavə edib ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Polad Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib:
“Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsinə gedən yolda ən mühüm mərhələlərdən biri oldu. Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Düşmənə sarsıdıcı zərbə vuran qəhrəman əsgər və zabitlərimiz Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun və digər şəhidlərimizin qanını yerdə qoymadı, xalqımıza sonsuz qürur və sevinc hissi yaşatdılar. 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində isə Qarabağda erməni separatizminin kökü kəsildi, bununla da dövlətimizin suverenliyi tam bərpa olundu. Beləliklə, Tovuz döyüşləri Azərbaycanın müasir hərb tarixinin dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Həmin günlərdə ordumuz düşmənin təxribatlarının qarşısını qətiyyətlə almaqla yanaşı, döyüş meydanında üstünlüyünü təsdiqlədi, xalq isə misilsiz birlik və həmrəylik göstərərək Silahlı Qüvvələrin yanında olduğunu bütün dünyaya nümayiş etdirdi. Tovuz döyüşləri bir daha sübut etdi ki, qüdrətli ordu ilə xalqın sarsılmaz birliyi Azərbaycanın ən böyük gücüdür”.