Bu gün bəşəriyyət tarixinin ən mürəkkəb informasiya dönəmini yaşayır. İnformasiya artıq sadəcə xəbər deyil. O, siyasi təsir vasitəsidir, iqtisadi alətdir, psixoloji silahdır və milli təhlükəsizliyin əsas elementlərindən biridir. Ən təhlükəli məqam isə ondan ibarətdir ki, dezinformasiya kampaniyaları getdikcə daha çox insanın ən həssas dəyərlərini - milli kimliyini, dini inancını və mənəvi hissini hədəfə alır.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qusarda “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, din cəmiyyətləri birləşdirməli olduğu halda, rəqəmsal mühitdə bəzən dindən parçalamaq üçün istifadə edirlər.
“Məhz buna görə bu gün müzakirəyə çıxardığımız “Dini mövzuların mediada təqdimatı” mövzusu təkcə media və ya din məsələsi deyil. Bu, təhlükəsizlik, sabitlik və sosial həmrəylik məsələsidir.
Bu gün insanların əhəmiyyətli hissəsi dini biliklərini artıq məscidlərdən, dini təhsil müəssisələrindən və ya elmi mənbələrdən deyil, sosial şəbəkələrdən əldə edir. Tiktok, Yutub, Feysbuk, İnstaqram və Teleqram dini diskursun yeni meydanına çevrilib.Burada isə alqoritmlər həqiqəti deyil, diqqəti satır. Daha emosional, aqressiv və qalmaqallı məzmun daha çox yayılır. Nəticədə ən çox izlənilən fikir ən doğru fikir olmur”, - deyə o qeyd edib.
A.Camalqızı vurğulayıb ki, bu isə dezinformasiyanın yayılması üçün ideal mühit yaradır:
“BMT Baş katibi Antonio Quterreş bir çıxışında qeyd edib ki, dezinformasiya nifrəti qidalandırır, münaqişələri dərinləşdirir və insan hüquqlarını təhdid edir. Bu fikir xüsusilə dini mövzular üçün olduqca aktualdır. Rəqəmsal mediada dini manipulyasiyanın əsas üsulları artıq yaxşı məlumdur. Birincisi, müqəddəs mətnlərin kontekstdən çıxarılmasıdır. Ayə və hədislərin yalnız müəyyən hissələri paylaşılır, onların tarixi və hüquqi izahı gizlədilir. Beləliklə insanlar dini deyil, manipulyasiya edilmiş mesajı qəbul edirlər. İkincisi, saxta dini avtoritetlərin meydana çıxmasıdır. Bu gün milyonlarla izləyicisi olan şəxslərin bir çoxunun nə dini təhsili, nə də elmi hazırlığı var. Lakin izləyici sayı onların etibarlılıq göstəricisinə çevrilir. Üçüncüsü isə emosional manipulyasiyadır - qorxu, qəzəb, nifrət və günah hissi. Bu emosiyalar insanın məntiqli düşünməsini zəiflədir”.
Əməkdar jurnalist radikal qrupların da məhz bundan istifadə etdiyini diqqətə çatdırıb: “UNESKO media və informasiya savadlılığını XXI əsrin əsas vətəndaş bacarıqlarından biri hesab edir. Bu təsadüfi deyil. Çünki informasiya bolluğu həqiqətin çoxalması demək deyil. Əksinə, saxta məlumatların da sürətlə artması deməkdir. Dünya İqtisadi Forumunun “Qlobal Risklər” hesabatlarında dezinformasiya və yanlış informasiya son illərin ən ciddi qlobal riskləri sırasında göstərilir. Artıq təhlükə təkcə sərhədlərdə deyil. Təhlükə telefonlarımızda, sosial şəbəkə lentimizdə, kompüterlərimizin ekranlarında, mesaj qruplarındadır”.
A.Camalqızı süni intellektin bu problemi daha da mürəkkəbləşdirdiyini bildirib:
“Artıq “deepfake” texnologiyaları vasitəsilə dini liderlərin saxta çıxışlarını hazırlamaq mümkündür. Saxta videolar, səslər və müraciətlər bir neçə dəqiqə ərzində milyonlarla insana çata bilir. Əgər əvvəllər “gördüyümə inanıram” deyirdiksə, bu gün artıq gördüyümüzü də yoxlamağa məcburuq. Gələcəyin əsas bacarığı məlumat toplamaq deyil, yəqin ki, məlumatı yoxlamaq olacaq. Azərbaycanın təcrübəsi bu baxımdan xüsusi diqqətə layiqdir. Əsrlər boyu ölkəmiz müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı nadir məkanlardan biri olub. Məscidlər, kilsələr və sinaqoqların yanaşı fəaliyyət göstərməsi təsadüfi deyil. Bu, dövlət siyasətinin və xalqımızın tolerantlıq ənənələrinin nəticəsidir. Lakin məhz bu model də zaman-zaman xarici informasiya manipulyasiyalarının hədəfinə çevrilir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və sonrakı mərhələdə Azərbaycan haqqında çoxsaylı saxta məlumat, köhnə video, montaj edilmiş görüntüləri və dini zəmində qarşıdurma yaratmağa hesablanmış materiallar dövriyyəyə buraxıldı. Məqsəd sadəcə yanlış informasiya yaymaq deyildi. Məqsəd cəmiyyəti qarşı-qarşıya qoymaq, etimadı sarsıtmaq və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq idi. Bu təcrübə bir daha göstərdi ki, informasiya müharibəsində media cəbhəsi bəzən hərbi cəbhə qədər əhəmiyyətlidir. Bir jurnalist kimi hesab edirəm ki, media bu prosesdə iki seçim qarşısındadır: ya manipulyasiyanın alətinə çevriləcək, ya da həqiqətin müdafiəçisi olacaq”.
Onun fikrincə, dini mövzuda yazılan hər xəbər ikiqat məsuliyyət tələb edir:
“Burada qətiyyən sensasiya axtarmaq, emosiyaları qızışdırmaq olmaz. Yalnız faktlar, peşəkarlıq və məsuliyyət danışmalıdır. Çünki yanlış təqdim edilmiş dini xəbər təkcə informativ səhv deyil. O, insanların inancına, ictimai sabitliyə və dövlət təhlükəsizliyinə təsir edə bilər. Ancaq məsuliyyət yalnız jurnalistlərin üzərində deyil. Bu gün hər bir smartfon sahibi eyni zamanda informasiya yayıcısıdır. Bir düymə ilə minlərlə insana təsir etmək mümkündür. Ona görə də hər paylaşmadan əvvəl özümüzə 4 sadə sual verməliyik:
- Bu məlumatın mənbəyi kimdir?
- Bu məlumatı kim və nə məqsədlə yayıb?
- Etibarlı mənbələr bunu təsdiqləyirmi?
Bu paylaşım cəmiyyətə fayda gətirəcək, yoxsa qarşıdurma yaradacaq?
Əgər bu sualların cavabı məlum deyilsə, həmin məlumat paylaşılmamalıdır. Prezident İlham Əliyevin tez-tez vurğuladığı bir prinsip var: Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı hörmət və etimad şəraitində yaşadığı ölkədir. Bu model təkcə tariximizin deyil, dövlət siyasətimizin də mühüm istiqamətidir və onu qorumaq hər birimizin məsuliyyətidir. Bu gün bu məsuliyyət təkcə məbədlərdə deyil. Media redaksiyalarında da hər birimiz məsuliyyət daşıyırıq. Universitet auditoriyalarında, sosial şəbəkələrdə də eyni məsuliyyəti daşıyırıq. Çünki rəqəmsal dövrdə həqiqəti qorumaq yalnız jurnalistin işi deyil. Bu, hər bir vətəndaşın və hər bir cəmiyyətin ortaq missiyasıdır. Yalan çox sürətlə yayıla bilər. Ancaq həqiqətə inam qorunarsa, dezinformasiya heç vaxt qalib gələ bilməz”.