Bir neçə gündür medianın gündəmindən düşməyən hadisə
barədə yeni təfərrüat ortaya çıxıb.
Axar.az xəbər verir ki, Bakının Zərifə Əliyeva küçəsi, 53
ünvanında, "Marriott Absheron" otelinin arxasında yerləşən elit
yaşayış kompleksinin həyətində "Rənc Rover" sahibi olan xanımın
döydürdüyü qarovulçunun adı açıqlanıb.
Virtualaz.org öz mənbələri ilə dəqiqləşdirib ki,
döyülən qarovulçu 26 yaşlı Gülüşov Famil Fazil oğludur.
Hadisə necə olmuşdu...
Hadisə sentyabrın 23-ü, saat 16:00-da baş verib. ...003 dövlət
nömrə nişanlı "Rənc Rover"lə gələn qadın həmin küçədə parklanma
üçün ayrılmış ərazidə boş yer tapmadığından avtomobili yaşayış
kompleksinin mühafizə olunan həyətinə sürüb. Qarovulçuya
yaxınlıqdakı "Room" mebel mağazasına dəyib qayıdacağını deyib,
ancaq oradan çıxıb gözəllik salonuna gedib və gec qayıdıb.
Hadisənin şahidlərindən biri danışıb ki, görünür qadın gec
qayıtdığından qarovulçu ona irad tutub, yaxud nəsə xoşagəlməz söz
deyib.
İddiaya görə, bundan sonra qadın kiməsə zəng vurub və çox
keçmədən "AA" seriyalı avtomobillə gələn şəxs - qadının əri
qarovulçunu xüsusi amansızlıqla və qəddarcasına döyüb, aldığı
zərbələrdən qarovulçu küçənin ortasında huşunu itirib.
Yaxınlıqdakılardan heç kim müdaxilə etməyib, ancaq təcili yardım
çağırılıb. Ağır vəziyyətdə olan qarovulçu xəstəxanaya aparılıb.
Famil Gülüşovdur. O, təcili yardım briqadası ilə Bakıdakı 1
saylı Klinik Xəstəxanaya ("Semaşko") çatdırılıb. Xəstəxanada onun
ağır kəllə-beyin travması və digər xəsarətlər aldığı müəyyən
edilib. Lakin nədənsə bu cür ağır xəsarətlər almış şəxs ertəsi gün
xəstəxanadan çıxıb, ev şəraitində müalicəyə göndərilib.
Xəstəxananın qəbul şöbəsindən bildiriblər ki, həqiqətən döyülən
Gülüşov Famil Fazil oğlu ağır bədən xəsarətləri ilə cərrahiyyə
şöbəsinə yerləşdirilib, durumu orta-ağır qiymətləndirilib.
Sentyabrın 24-də isə öz istəyi ilə xəstəxanadan çıxıb gedib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə sayta
açıqlamasında mətbuatın hadisəni şişirtdiyini, ucuz sensasiya
düzəltməyə çalışdığını vurğulayıb. Onun sözlərinə görə, qadın göz
yaşları içində ərinə zəng vurub:
"Müəyyən olunub ki, həmin binanın həyətində qeyri-rəsmi
mühafizəçiliklə məşğul olan şəxs qadına qarşı kobudluq edib, ona
qarşı təhqiramiz ifadələr işlədib. Qadın da ağlayaraq göz yaşları
içində ərinə zəng vurub. Əri öz dostunun maşınında hadisə yerinə
gəlib, orada onunla mühafizəçi arasında xuliqanlıq zəminində
mübahisə baş verib. Mühafizəçinin ağır xəsarətlər aldığı haqda
deyilənlər doğru deyil, əks halda onu bir gün sonra xəstəxanadan
buraxmazdılar. Hadisə barədə istintaq davam edir. Hadisə yerinə
baxış keçirilib, tərəflərin izahatları alınıb. Faktla bağlı Cinayət
Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi
başlanılıb".
DİN rəsmisi istintaqın getdiyini əsas gətirərək, qarovulçunu
döyən şəxsin kimliyini açıqlamayıb. Orxan Mansurzadə ancaq onu
deyib ki, qadın və əri ziyalıdır. Qadın elmlər namizədidir, əri də
alimdir, Bakıdakı ali məktəblərdən birində dərs deyir:
"Ailədə hətta professor da var! Ziyalı ailədir, istəmirlər ki,
adları mətbuatda hallansın".