Xəbər verdiyimiz kimi, bu gün Berlində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev xaricdə məskunlaşan bloger Tural Sadıqlının istəyi ilə onunla dialoqa girib və bəzi xatırlatmalar edib.
Axar.az xəbər verir ki, Hikmət Hacıyevin xüsusilə vətənə xəyanətlə bağlı dediyi sözlər qarşı tərəfin müzakirə və təbliğat predmetinə çevrilib.
“Həyatda ən çətin şey vətənə və dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara, səmimi deyirəm, yazığım gəlir. Düzdür, Allahın yazığı gəlsin. Amma mən bunu bədbəxtlik sayıram”, - H.Hacıyev Tural Sadıqlıya deyib.
H.Hacıyevin bu xatırlatmasını bəziləri müzakirəyə çıxarıb və “vətənə xəyanət” məsələsinin çox ağır və sübut tələb edən məsələ olduğunu bildirir.
Bu müzakirələrə yalnız bir video təqdim edirik: 2023-cü ilin 15 martında Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qətnamə zamanı Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədovun reaksiya və açıqlamalarını...
Yada salaq ki, Laçın dəhlizi ilə Xankəndiyə silah-sursat daşınması, o cümlədən Qarabağdakı yeraltı-yerüstü sərvətlərin talanmasının qarşısının alınması məqsədilə vətəndaş cəmiyyətinin fəalları 2022-ci ilin 12 dekabrından Laçın dəhlizində müddətsiz aksiyalara başlamışdılar.
O vaxt ərazimizdə rus sülhməramlıları yerləşmişdi və erməni separatizmini bəsləməyə davam edirdilər. Həmçinin ərazi bütövlüyümüz tam təmin edilməmişdi - hələ Laçında sərhəd postu qoyulmamış və antiterror əməliyyatı keçirilməmişdi.
Ukraynada üz-üzə gələn Rusiya və Avropa, “nədənsə”, 44 günlük İkinci Qarabağ savaşındakı qələbəmizin tamamlanması istiqamətində dövlətimizin iradəsinə qarşı birlikdə çıxış edirdilər: rus sülhməramlılar yerdə, Avropa Ermənistana müstəsna siyasi-iqtisadi dəstək göstərməklə.
Məhz bu vaxt AP Azərbaycana qarşı qətnamə qəbul edir və əlbəttə ki, insan haqları məsələsini dəyənək kimi istifadə etməklə. Eyni zamanda, bu qətnamədə 2022-ci il 14-16 sentyabr sərhəd toqquşması Azərbaycanın işğalı kimi qiymətləndirilir, eyni zamanda Xankəndi və ətrafında o vaxt hələ də davam edən separatçı ünsirlərin “humanitar fəlakətlə üzləşdiyi” əks olunur.
Yəni faktiki olaraq bu qətnamədə Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınır, üstəlik, Ermənistan deyil, Azərbaycan işğalçı adlanır.
Tural Sadıqlı bu qətnamə qəbul olunarkən sevinir, əl çalır, yoldaşları ilə təbrikləşir, bayram edir.
T.Sadıqlı dərhal şərh də verir ki, Ermənistanla sərhəddə problemi yaradan Azərbaycandır. “2022-ci ilin sentyabr ayında biz dəfələrlə müraciət etdik ki, bu addımlar, sərhəd toqquşmaları yaratmaq, süni problemlər (Xankəndidə separatizm ocağı qalıb və körüklənir, ancaq problemi Azərbaycan yaradır? - red.) Azərbaycana ziyandır və nəticədə də Avropa Parlamenti belə qərar qəbul etdi”.
Tural Sadıqlı və Məhəmməd Mirzəli AP qətnaməsində heç bir qərəzin olmadığını qəti şəkildə ifadə edirlər. M.Mirzəli əlavə edir: “Azərbaycan həm öz vətəndaşlarına, həm də qonşularına aqressiya göstərir”.
Yəni AP-nin qətnaməsini ədalətli sayıb, Azərbaycanı aqressor (işğalçı, təcavüzkar) adlandırırlar.
Videonu təqdim edirik: