Türkiyənin Yarğıtay Başsavcılığı (ali ədliyyə orqanı)
Fətullah Gülən təriqətinin fəaliyyəti ilə bağlı istintaq başladan
Azərbaycan Baş Prokurorluğuna bu təriqətin fəaliyyətinə dair bütün
detalların yer aldığı dosye göndərib.
Virtualaz.org
xəbər verir ki, dosyedə Fətullahçı Terror Ögütü - FETÖ-nun TANAP
kimi strateji enerji layihələrini necə hədəf aldığını göstərən
əhatəli MİT hesabatı da var.
Qəzet yazır ki, Azərbaycanda FETÖ-nun fəaliyyətinə dair təhqiqat
başladan Baş Prokurorluq Türkiyə tərəfindən dəstək istəyib. Bu
müraciətə cavab olaraq Türkiyə tərəfi FETÖ-nun Azərbaycanda necə
təşkilatlandığına dair əhatəli dosye hazırlamağı qərara alıb. Lakin
Türkiyədə Azərbaycandakı kimi Baş Prokurorluq sistemi olmadığından,
bu məsələdə Bakı ilə tərəfdaşlıq etmək üçün Yarğıtay Baş
Prokurorluğu seçilib. Nəticədə Yarğıtay Baş Prokurorluğu Türkiyənin
müvafiq strukturlarına Azərbaycan tərəfinə təqdim olunmaq üçün
FETÖ-ya dair materialların toplanılıb təqdim edilməsinə dair sorğu
verib.
Məlumata görə, sorğu əsasında Ankara, İstanbul və İzmir
prokurorluqları başda olmaqla, Türkiyənin ədliyyə orqanları
əllərindəki materialları Yarğıtay Baş Prokurorluğuna təqdim edib.
Habelə Hakimlər və Prokurorlar Yüksək Şurası da FETÖ-nun
Azərbaycandakı fəaliyyətinə dair sənədləri verib. Bundan əlavə,
Milli İstihbarat Təşkilatı (MİT) "FETÖ-Azərbaycan hesabatı" adlı
sənədi Yarğıtay Baş Prokurorluğuna təqdim edib. Həmin hesabatda
FETÖ-nun beynəlxalq miqyasda fəaliyyəti və istifadə etdiyi
metodlar, türk cümhuriyyətlərində necə təşkilatlanması, terror
təşkilatı üçün ən kritik ölkələrdən birinin də Azərbaycan olması
barədə danışılır.
MİT hesabatında deyilir ki, FETÖ Azərbaycan və digər ölkələrdə
enerji layihələrini idarə etməyə çalışır, TANAP qaz kəməri layihəsi
də bu çərçivədə təşkilatın hədəfləri sırasındadır. Bir neçə gün
əvvəl Azərbaycan Baş Prokurorluğuna göndərilən dosyedə FETÖ-nun
Azərbaycanda təhsil müəssisəsi adı altında azı 28 özəyinin yer
aldığı göstərilir. Habelə dosyedə 15 iyul hərbi çevriliş cəhdinə
görə həbs olunanların ifadələrindən detallar da yer alır,
Türkiyənin FETÖ üzvü kimi axtarışa verdiyi şəxslərin siyahısı da
Bakıya təqdim olunur.
Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanları FETÖ ilə
bağlı başladılan istintaq çərçivəsində AXCP sədrinin köməkçisi Faiq
Əmirli də daxil olmaqla Əli Kərimlinin bir neçə tərəfdaşını
Fətullah Gülən tərəfdarı kimi həbs edib. İstintaqın açıqladığına
görə, Faiq Əmirli Fətullah Gülənin "Azərbaycan imamı" kimi
fəaliyyət göstərib. Azərbaycan tərəfi Türkiyə tərəfindən istintaqa
yardım göstərilməsini xahiş edib və bu məqsədlə daxili işlər naziri
Ramil Usubov Türkiyədə səfərdə olub.