Prezident İlham Əliyevin ötən həftə Nazirlər Kabinetinin
iclasında çıxışı zamanı işlətdiyi fikirlərdən biri də bu olub ki,
hazırkı hakimiyyətin siyasətinə alternativ siyasət xaosdur,
qarşıdurmadır. Prezident konkret hansısa müxalif qüvvənin adını
çəkməyib.
Musavat.com-un
məlumatına əsasən, deputat Zahid Oruc hesab edir ki, ölkə
prezidentinin həmin bir cümləsi hər hansı konkret qüvvəyə, konkret
hərəkata, şəxsə, subyektə yönəlmədən metafora kimi işlənib, real
mahiyyət daşıyır:
"Gerçəkdən də bu gün İlham Əliyev siyasətinin alternativi
qarşıdurma, xaosdur. Təkcə müxalifət qüvvələri üçün yox, hakimiyyət
cinahından da bütün qüvvələrin, komandanın maraq və mənafelərini
uzlaşdıran ən güclü lider məhz İlham Əliyevdir. Əslində on illər
ərzində Heydər Əliyev siyasətinin hakimiyyətdə olmağının səbəbi bir
tərəfdən millətin maraqlarının dövlət idarəçiliyində təmsil
olunmasıdırsa, o biri yandan əks qüvvələrin inkarçı mövqeyidir.
Baxın, Türkiyədə 1923-cü ildən bu yana hakimiyyətə gələn qüvvələr,
hətta çevriliş vasitəsilə mövcud iqtidarları devirənlər də Atatürk
irsinə istinad eləyib, onun Türkiyə üçün həyata keçirdiyi böyük
tarixi işlərin inkarında durmayıblar. Əksinə, həmin o
cümhuriyyətçilik idealları Osmanlı İmperiyasının qalıqları
üzərindən bir ölkənin viranəyə çevrilməməsi və xilaskarlıq
missiyası, sonradan bütün sahələrdə həyata keçirilən böyük
tədbirləri müsbət hadisə kimi dəyərləndirib. Azərbaycanda ötən on
illər ərzində biz Heydər Əliyev irsi, siyasəti deyəndə onun daxildə
bütün etnik milli zümrələrin vahid bir vətəndaş marağında "bu
dövlət hamınındır" prinsipi ilə birləşdirilməsini nəzərdə tutmuşuq.
İndi də davam edən bu siyasət Ermənistandan savayı Azərbaycanın
ərazi bütövlüyünə hörmət göstərən ölkələrlə mühüm əlaqələri özündə
ehtiva edib. Neft amilini Azərbaycanın güc faktoruna çevirmək və
bununla beynəlxalq əlaqələrimizi güclü bir şəkildə təmin etməyi
özündə ehtiva edib. Bütün bunlar inkar edilincə, gerçəkdən də çox
ağır bir mənzərə yaranır".
Z.Oruca görə, bu gün həqiqətən də İlham Əliyev hakimiyyətinin
alternativi xaosdur: "Ona görə ki, müxalif qüvvələrin baxışlar
sistemi Azərbaycana güclü bir dövlət qurmağı və işıqlı gələcəyi vəd
eləmir. Reallıq bundan ibarətdir ki, ötən illər ərzində güclü
müxalif sistemlərin formalaşa bilməməsi, onlarda yeniləşmənin
getməməsi, siyasi vitrinin dəyişməməsi, ən güclü xarici
universitetlərdə və daxildə təhsil alanların gəlib müxalif
sistemlərdə özlərinə gələcək qurmaq istəməməsi onları ölkənin
həlledici mənada gələcəyindən, həyatından sıxışdırıb kənarda
qoyub.
Ona görə də biz İlham Əliyevin liderliyinə, onun birləşdirici
gücünə, regional ağır savaşlardan çıxmaq bacarığına, Azərbaycan
maraqlarını güzəştsiz müdafiə etməsinə və Qarabağ məsələsində
hamıdan daha kəskin siyasəti yürütməsinə yeganə kurs kimi
yanaşırıq. Müxalif qüvvələrin hakimiyyəti Qarabağın
müstəqilləşməsi, beynəlxalq aləmdə tanıdılması demək olacaq. Ona
görə ki, bu cür avantüra ilə, sadəcə, guya ermənilərin üzərinə
getmək ideyası ilə və iqtidarı yenidən bu vasitə ilə zəbt eləməklə
Azərbaycana uğurlu bir sabah vəd eləmək mümkün deyil.
Bu gün gerçəkdən də ermənisiz Azərbaycan modeli ilə düşmən
qarşısına çıxmaq mümkün deyil. Çox sadə bir sual olunur ki, bu
dövlətin gələcəyi üçün ən bədbin proqnoz verən qüvvələr
fərqindədirlərmi bu gün Azərbaycanın valyuta ehtiyatından çıxış
eləsək, qarşıdakı illərdə ölkəyə hər hansı bir ixracdan bir dollar
belə daxil olmasa belə, Azərbaycanı indiki vəziyyətdə ən azı üç il
saxlamaq mümkündür? Hakimiyyət bu qədər valyuta rezervlərini və
ölkənin perspektivini formalaşdırırkən iqtidarı niyə başqa qüvvəyə
verməlidir?! Vaxtilə büdcəsiz yaşanan Azərbaycan reallığı və
faciələrini təkrar bu ölkəyə yaşatmaq üçün məlum müxalif
qüvvələrəmi iqtidarı verməlidir?! Bütün faktorları nəzərə alanda
ölkənin gələcəyi həmin qüvvələrin timsalında son dərəcə faciəli
görünür. Dağlıq Qarabağın tanıdılmasından tutmuş, Azərbaycan
dövlətçiliyinin sarsıdılmasına qədər acı perspektiv bu qüvvələrin
iqtidara gəlişi nəticəsində meydana çıxa bilər".
Deputata görə, hər hansı siyasi qüvvə gələcəkdə Heydər Əliyev
siyasətinə istinad eləməsə, ona söykənməsə, Azərbaycan maraqları
təhdid olunacaq: "Türkiyədə CHP də, MHP də, AKP də, digər qüvvələr
də Atatürkün varlığını, Türkiyə həyatı üçün işlərini inkar etmir.
Çünki inkar edəndə quru səhra yaranır. Çünki Türkiyəni bir dövlət
kimi var edən Atatürk olub".