Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır.
Axar.az xəbər verir ki, bu barədə “Mudis”in son hesabatında qeyd olunub.
Reytinq agentliyinin məlumatına görə, bu, Azərbaycanın Rusiya ilə məhdud iqtisadi və maliyyə əlaqələrinin olması, neft qiymətlərinin yüksəlməsi nəticəsində karbohidrogen gəlirlərinin təmin etdiyi dayanıqlıq, eləcə də manatın ABŞ dollarına bağlılığının təmin etdiyi sabitliklə əlaqədardır.
Ümumilikdə, “Mudis” qeyd edir ki, Mərkəzi Asiya və Qafqaz iqtisadiyyatları geosiyasi hadisələrin yaratdığı dolayı risklərə inflyasiya vasitəsilə məruz qalır. Belə ki, enerji daşıyıcılarının, ərzağın və digər resursların bahalaşması pul-kredit siyasətinin yumşaldılmasını gecikdirə, faiz dərəcələrini və borclanma xərclərini yüksək səviyyədə saxlaya bilər.
“Mudis” hesab edir ki, regional geosiyasi risklərin artması və ya qlobal iqtisadiyyatın əhəmiyyətli dərəcədə zəifləməsi şəraitində Mərkəzi Asiya və Qafqaz ölkələrindən kapital axını milli valyutaları zəiflədə bilər. Hazırda belə bir ssenari gözlənilmir.
“Bu, inflyasiyanı gücləndirəcək və Mərkəzi Asiya və Qafqaz ölkələrində əhəmiyyətli valyuta risklərinə malik bankların borc yükünü artıracaq. Azərbaycan bankları bu riskə ən az məruz qalan banklardır. Çünki manat faktiki olaraq ABŞ dollarına bağlıdır və bu da iqtisadiyyatı və bank sistemini məzənnə dəyişkənliyindən qorumağa kömək edir”, - deyə hesabatda bildirilir.
Azərbaycan manatını gələn il nə gözləyir? Risklər varmı və devalvasiya ehtimalı nə dərəcədədir?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Musavat.com-a bildirib ki, həm Azərbaycan iqtisadiyyatı, həm də manatın məzənnəsi üçün ən çətin dövrlərdən biri 2026-cı ildir:
“ABŞ hökumətinin həyata keçirdiyi siyasət, eyni zamanda ABŞ-İran-İsrail konfliktinin yaratdığı konyuktur çox ciddi risklər formalaşdırdı. Bu, gözlənilməz risklərə qlobal iqtisadiyyatın verdiyi reaksiya ən mühüm problemlərdən birinə çevrildi. Lakin bu dövr ərzində həm qlobal iqtisadiyyatın oyunçuları, həm də Azərbaycan müəyyən qədər müqavimət əldə edir və yaranmış şəraitə uyğun olaraq, öz adaptasiya gedir, eyni zamanda müəyyən qədər mövqelər formalaşdırılı. 2027-ci il üçün ən ciddi risk ABŞ-İran-İsrail konflikti ilə bağlı eskalasiyanın yaranması və Azərbaycanın siyasi tərəfə çevrilməsi kimi təsiredici amili ola bilər, amma bu ehtimal daha aşağıdır. Azərbaycan hökumətinin bu günə qədər verdiyi mesajlar, təsdiqlənən sənədlər, dövlət proqramları və s. aydın görünən odur ki, məzənnə ilə bağlı müvafiq status-kvonu davam etdirməyə çalışır. Manatın məzənnəsini ən azı 2030-cu ilə qədər dəyişmədən davam etdirməyə çalışacaq. Kapital axını investisiyanın geri çəkilməsi kimi nəzərdən keçirilirsə, Azərbaycanın, nə qədər təzadlı olsa da, üstünlüyü var, çünki Azərbaycan iqtisadiyyatı, xüsusilə qeyri-neft iqtisadiyyatı investisiya cəlb etməkdə zəif olduğu üçün daha az risklə üzləşmiş olacaq. Ölkədən xarici investisiyanın axını ilə bağlı isə müxtəlif yollarla məhdudiyyət tətbiq edilməkdədir. Bu da iqtisadiyyata və manatın məzənnəsinə risk yaradacağı təqdirdə müdaxilə imkanının olduğu qənaətindəyəm. 2027-ci ildə manatın məzənnəsinin sabit saxlanacağını proqnozlaşdırmaq olar”.