ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Rusiyaya səfərinin “rutin xarakter” daşıdığını bildirib. ABŞ lideri bunu radio aparıcısı Qlenn Bekə müsahibəsində deyib. Doğrudanmı belədir?
Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz deyib.
“Con Retkliffin Rusiyaya səfərinin “rutin bir hərəkət” kimi qiymətləndirilməsi, yəqin ki, cənab Trampın növbəti “zarafatlarından”dır.
Bilirsiniz, hər dəfə Donald Tramp dünyanı heyrətləndirən qeyri-adi açıqlamalar verəndə onun sözçüləri media orqanları qarşısına çıxıb “başqanın zarafat etdiyini” bildirir və ajiotajı yatırmağa çalışırlar. Adətən bu zarafatlar dünyanın ürəyini ağzına gətirəcək qədər şişirdilmiş, dramatikləşdirilmiş tərzdə olur. Maraqlıdır ki, Trampın budəfəki “zarafatı” isə tam tərs istiqamətli idi: o, səfərin əhəmiyyətini şişirtmir, əksinə, kiçiltməyə çalışırdı.
Rutin hərəkətlər adətən tez-tez baş verən və təəccüblü sayılmayan addımlara deyilir. Trampın dediyinə inansaq, belə çıxır ki, MKİ direktoru hər səhər yuxudan oyananda birinci Kremlə gedib Putini məlumatlandırır və Moskvada işini bitirdikdən sonra Vaşinqtona qayıdır. Halbuki, MKİ direktorlarının Moskvaya səfərləri nadir rastlanan hadisələrdən sayılır”, - o bildirib.
Heydər Oğuz xatırladıb ki, sonuncu və bəlkə də ilk belə səfər 5 il əvvəl baş vermişdi:
“2021-ci ilin noyabr ayında dövrün MKİ direktoru Uilyam Börns gözlənilən Ukrayna savaşının qarşısını almaq üçün təcili Moskvaya getmiş və Putinlə görüşmüşdü. O zaman Börns Ukrayna savaşının yol açacağı təxribatlara Putini inandıra bilməmiş, 5 ildir davam edən və nə zaman bitəcəyi bəlli olmayan Ukrayna-Rusiya müharibəsi başlamışdı. Ondan sonra MKİ direktorunun Moskvaya növbəti səfəri Con Retkliffə aiddir.
Con Retkliffin Moskvaya səfəri Trampın dediyi kimi, “rutin hərəkət” olmadığından və səfərin əsl məqsədi gizli tutulduğundan vəziyyət düşünüldüyü qədər sadə olmaya bilər. Məsələ burasındadır ki, MKİ-nin sabiq direktoru Uilyam Börns səfərinin məqsədini açıq şəkildə ifadə etmiş və Putinlə görüşərək ABŞ-ın mövqeyini ona çatdırmışdı. Onun xələfi Con Retkliffin səfərində isə bu şəffaflığı görmürük. Üstəlik, o, Putinlə də görüşməyib. Belə çıxır ki, ABŞ və Rusiyanın kəşfiyyat nümayəndələri arasındakı danışıqlarda ortaq məxrəc tapılmayıb və onlar danışıqları ən yüksək səviyyəyə çıxarmağa lüzum görməyiblər.
Bəs, ABŞ-la Rusiya arasında anlaşılmaz qalan hansı məsələlər ola bilər? Ümumiyyətlə, Con Retkliffin Moskva səfərində qovluğunda hansı məsələlər var idi?
Əsas məsələlərdən biri, təbii ki, İran problemidir. Bilirsiniz ki, ABŞ İrana qarşı iqtisadi savaş elan edib və hər kəsi İranla əlaqələri kəsməyə çağırıb. İranın əsas tərəfdaşlarından biri isə Rusiyadır. Sözsüz ki, Vaşinqton Moskvanın da bu sanksiyalara qoşulmasını arzulayır və üstəlik, ABŞ-ın bu regionda idxal-ixrac prosesinə nəzarət edə bilməyəcəyi başlıca məkanlardan biri Xəzər dənizidir. Rusiya istənilən zaman İrana mal keçirib, mal çıxara bilər. Bu isə ABŞ-ın embarqosunu dəlmək mənasına gəlir. Böyük ehtimalla, Con Retkliffin qovluğunda olan əsas məsələlərdən biri də Xəzərə nəzarətlə bağlı idi.
Digər böyük məsələlərdən biri isə Rusiya prezidentinin bu yaxınlarda Kuril və Saxalin adalarında verdiyi mesajlarla əlaqədar ola bilər. Avqustun 13-də bu adalara səfər edən Putin bir neçə gündən sonra başlanması planlaşdırılan hərbi təlimlərə qatıldı. Təlimlərdə nüvə reaktoru ilə işləyən “Varyaq” gəmisinin də yer alması, zənnimcə, subliminal mesajdır. Sanki Rusiya bu addımla Yaponiyaya nüvə zərbəsinin yaratdığı fəlakətləri bir daha xatırlatmağı lüzum gördü. Təsadüfi deyil ki, Con Retkliffin Moskvaya uçduğu gün Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Kuril adaları ilə bağlı ərazi mübahisəsindən söz açmış və Yaponiyanı açıq şəkildə təhdid edərək, nüvə arsenalı barədə danışmışdı. O, Kuril adalarının Rusiyanın ayrılmaz hissəsi olduğunu Tokionun yadına salıb və ona ağsaqqal məsləhəti verərək deyib:
“Onlar militarist Yaponiyanın milyonlarla mülki şəxsin ölümünə səbəb olduğu vaxtı xatırlamalıdırlar. İndi onlar eyni ritorikaya qayıtmağa çalışırlar. Qayıtmalıdırlar. Rusiya kimi nüvə gücünü məğlub etmək mümkün deyil. Yəni, bu savaşda uduzsaq, nüvə arsenalımıza da baş vura bilərik”.
Göründüyü kimi, Rusiya sadəcə subliminal mesajlarla kifayətlənməyib, açıq şəkildə nüvə təhdidi edib. Adətən nüvə təhdidləri nüvə silahı olmayan tərəflərə göndərilməz və Yaponiya nüvədən arındırılmış bir ölkədir.
Deməli, məntiqlə, Rusiyanın subliminal və konkret təhdidləri başqa bir yerə ünvanlanıb. Bu ünvan hara ola bilər? Təbii ki, ABŞ. Sanki bu təhdidlərlə Rusiya ABŞ-a demək istəyir ki, məni sadəlövh sayma. Getdikcə militarizə olunan və Rusiyaya qarşı ritorikasını kəskinləşdirən Yaponiyanın arxasında sənin dayandığını bilirəm. Nüvə hesablaşmasını ondan yox, səndən soracağam. Subliminal və açıq mesajların havada uçuşduğu bir zamanda Con Retkliffin Moskvaya səfəri, məncə, təsadüfi deyil. Görünür, MKİ direktoru Moskvanın nə demək istədiyini birbaşa Putinin dilindən eşitmək üçün bu səfərə çıxmışdır. Putin isə onunla özü görüşməyərək qətiyyətini və “küskünlüyünü” nümayiş etdirmişdir”.
Heydər Oğuzun fikrincə, ABŞ və Rusiya kəşfiyyat liderləri arasında danışıqlarda Ukrayna, Ermənistan, Moldova və Baltik ölkələri müzakirə olunub:
“Amma bunlar əsas məsələlər deyil, yeri gələndə tərəflərin bir-birinə güzəştə gedə biləcəyi ikinci dərəcəli problemlərdir. Necə ki Tramp dəfələrlə Ukrayna məsələsində Putinə güzəştə gedib və bu problemin ABŞ-ın deyil, Avropanın məsuliyyət dairəsinə daxil olduğunu bildirib.
Qısası, ABŞ üçün hazırda ən ümdə məsələ nüvə təhdidi və İran məsələsidir. Çünki bu problemlərdən biri onun fiziki həyatını, digəri isə hərbi imicini, dolayısıyla hərbi çəkindimə gücünü təhdid edir”.