13:24
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Ağstafa rayonuna səfərə gedib.
Axar.az xəbər verir ki, dövlət başçısı əvvəlcə ulu öndər Heydər
Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək
önünə gül dəstəsi qoyub.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev
Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və
yenidənqurma işləri barədə məlumat verib. Bildirilib ki, ərazidə
geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi
qurulub.
Dövlət başçısı oktyabrın 19-da Ağstafaya səfəri çərçivəsində
əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan
şəraitlə tanış olub.
Respublikamızda bütün sahələrin inkişafında, dövlətimizin
beynəlxalq nüfuzunun artmasında, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin
zəngin irsi ölkəmizin bütün bölgələrində öyrənilir. Ümummilli
Liderin xalqımız qarşısındakı tarixi xidmətlərini daha dərindən
öyrənmək məqsədi ilə Ulu Öndərin adını daşıyan muzeylər və
mərkəzlər müstəsna əhəmiyyətə malikdir. Son dövrlərdə bir çox
bölgələrdə bu cür mərkəz və muzeylər istifadəyə verilib. Bu
baxımdan Ağstafada əsaslı şəkildə təmir edilərək yenidən qurulan
Heydər Əliyev Mərkəzi də xüsusi rola malikdir.
Ağstafada Heydər Əliyev Mərkəzinin inşasına 2008-ci ilin
fevralında başlanılıb və həmin ilin sentyabrında Prezident İlham
Əliyevin iştirakı ilə açılışı olub. Mərkəzin binasında 2016-cı ilin
yanvar-fevral aylarında əsaslı təmir və yenidənqurma işləri
aparılıb.
Əsaslı yenidənqurma işləri çərçivəsində mərkəzin dam örtüyü,
havalandırma sistemi təzələnib. Mərkəzin 320 tamaşaçı yerlik açıq
konsert meydanı yaradılıb. Dördmərtəbəli binanın foyesində ulu
öndər Heydər Əliyevin barelyefi qoyulub. Mərkəzdə Ümummilli Liderin
həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya
zalları yaradılıb. Zallarda dahi şəxsiyyətlə bağlı bir-birindən
maraqlı fotolar, sənədlər və digər eksponatlar nümayiş olunur.
Burada Ulu Öndərin uşaqlıq, gənclik, tələbəlik illərində, həmçinin
müxtəlif vəzifələrdə çalışdığı dövr və Ağstafaya səfərləri, rayon
zəhmətkeşləri ilə görüşləri zamanı çəkilən fotoları maraqla
qarşılanır.
Aparılan əsaslı təmir işləri nəticəsində mərkəzin funksionallığı
daha da artırılıb. Mərkəzdə "Saloğlu" mebel və "Akkord" tikiş
fabriklərinin sərgi salonları açılıb.
Burada yaradılan 400 yerlik akt zalı müasir akustika avadanlığı
ilə təchiz olunub. Akt zalında rayon əhəmiyyətli mühüm tədbirlərin
keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Mərkəzdə nikah
mərasimləri üçün otaq, memarlıq, incəsənət, reklam, xalçaçılıq
studiyaları fəaliyyət göstərəcək. Bundan başqa, burada distant
təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri,
rəqs studiyası, rəsm qalereyası və dil kursları da yaradılıb. Kiçik
kino zalı, 30 və 70 yerlik konfrans zalları da rayon sakinlərinin
ixtiyarına veriləcək. Mərkəzin bütün inzibati otaqları zəruri
avadanlıqla təchiz olunub.
***
Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində "Saloğlu" mebel
istehsalı müəssisəsinin nəzdində yaradılmış "Modern" mebel
fabrikinin açılışında iştirak edib.
Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət
göstərilir, yeni-yeni sənaye və emal müəssisələri yaradılır.
Görülən bu işlər nəticəsində qeyri-neft sektorunun çəkisi və rolu
son illərdə daha da artıb, yeni inkişaf mərhələsinə qədəm qoymuş
ölkə sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı, digər müasir
sənaye sahələri yaradılıb. Ağstafa rayonunda "Saloğlu" mebel
istehsalı müəssisəsinin nəzdində "Modern" mebel fabrikinin
yaradılması bunu bir daha təsdiqləyir.
Dövlət başçısının müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun
olaraq həyata keçirilən tədbirlər nəticəsində son dövrlərdə yeni
istehsal sahələrinin yaradılması ümumilikdə Azərbaycanın ixrac
potensialına da müsbət təsir edir. Bu cür müəssisələrin istifadəyə
verilməsi, onların ən müasir avadanlıqla təchiz edilməsi ölkəmizdə
sənaye sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir,
daxili bazarın tələbatını ödəmək baxımından müstəsna əhəmiyyət
daşıyır. Qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və
iqtisadi resursların dövriyyəyə cəlb edilməsi istiqamətində görülən
işlər həm də yüzlərlə yeni iş yerinin açılmasına geniş imkan
yaradır. Belə istehsal sahələrinin yaradılması həm də onu göstərir
ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq ölkəmizin sənaye
potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü
tədbirlər uğurla davam edir.
Dövlət başçısı əvvəlcə "Saloğlu" mebel fabrikinin məhsullarına
baxdı, müəssisənin yeni layihələri ilə tanış olub.
Daha sonra Prezident İlham Əliyev "Modern" mebel fabrikini işə
salıb.
Azərbaycan Prezidentinə yeni fabrik barədə məlumat verilib.
Bildirildi ki, fabrikin inşasına 2015-ci ilin dekabrında
başlanılıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən
ibarətdir. Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və
quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin
yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça
üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel
dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik
Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə
təchiz olunub. Burada 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə
tutulub. Müəssisənin texniki imkanları yüksək səviyyəli məhsul
istehsal etməyə imkan verir.
Fabrikin məhsulları keyfiyyəti ilə seçilir, ölkəmizdə və xaricdə
böyük maraqla qarşılanır. Bu cür müəssisənin istifadəyə verilməsi
yalnız Ağstafa rayonu deyil, ümumilikdə, regionun iqtisadi
inkişafına mühüm töhfə verir.
Sonra Prezident İlham Əliyevə "Saloğlu" mebel istehsalı
müəssisəsinin nəzdində yaradılacaq "Venzana" mebel fabriki barədə
məlumat verilib. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət
olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı,
Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya,
İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub. İşçilərin istirahəti,
onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr
evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası
nəzərdə tutulub. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı,
"Yaşıl Bazar" satış kompleksi və mehmanxana da tikiləcək. Layihə
üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması
nəzərdə tutulub. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə
təmin ediləcək.
Dövlət başçısı yeni fabrikin təməlini qoyub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 19-da Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında
iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəni infrastruktur
yaradılır. Bu, özünü mövcud mədəniyyət və incəsənət obyektlərinin
yenidən qurulmasında və yenilərinin inşasında aydın göstərir.
Ağstafada müasir üslubda inşa edilən Musiqi Mərkəzi də bu sırada
mühüm yer tutur.
Qeyd edək ki, bu mərkəz 1970-ci ildə yaradılıb və bu günədək
şəhər 1 saylı tam orta məktəbin yardımçı və təsərrüfat otaqlarında
fəaliyyət göstərirdi. Yeni binada zəngin musiqimizin, musiqi
alətlərimizin sirlərinə dərindən yiyələnmək üçün hərtərəfli şərait
var. Musiqi Mərkəzinin inşası həm də gələcəyimiz olan uşaqların
asudə vaxtlarının səmərəli təşkili baxımından vacib layihələrdən
hesab olunur. Zövqlə tikilən binada işlərin keyfiyyətlə həyata
keçirilməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş
abadlıq və yaşıllaşdırma işləri görülüb, ətrafda park salınıb, açıq
konsert meydançası yaradılıb, ərazinin suvarılması və
işıqlandırılması sistemləri quraşdırılıb.
Mərkəzin binası Prezident İlham Əliyevin 2014-cü il 30 iyun
tarixli Sərəncamına uyğun olaraq inşa edilib. Qədim musiqi aləti
olan ud formasında inşa edilən mərkəzin 300 şagird yerlik binası 3
mərtəbədən ibarətdir. Binanın foyesində ulu öndər Heydər Əliyevin
büstü qoyulub, Ümummilli Liderin və dövlətimizin başçısı İlham
Əliyevin rayona səfərlərini və mədəniyyət sahəsinə diqqətini əks
etdirən şəkillərdən ibarət fotostend yaradılıb. Mərkəzdə
Azərbaycanın görkəmli bəstəkarlarının portretləri də asılıb. Yeni
binada 39 sinif, qrup və məşğələ otağı var. Burada xor zalı,
kitabxana və mətbəx-kafe də şagirdlərin ixtiyarına veriləcək.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış
olub.
Dövlət başçısına məlumat verilib ki, hazırda Ağstafa şəhər
Musiqi Mərkəzində 90 müəllim çalışır və 269 şagird təhsil alır.
Burada təhsil müddəti 5 və ya 7 ildir. Təhsil ocağında 400 yerlik
müasir konsert zalı yaradılıb. Mərkəz yeni musiqi alətləri və
inventarla təchiz edilib. Ümumi tikinti sahəsi 2400 kvadratmetrə
yaxın olan bina mərkəzi isitmə sistemi ilə təchiz olunub, müasir
havalandırma qurğuları quraşdırılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 19-da Ağstafada "Karvan-L EKO" sənaye parkında inşası
başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında
iştirak edib.
Azərbaycan Prezidentinin yerlərdə investisiya qoyuluşunun cəlb
edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun
artırılması barədə tapşırığına uyğun olaraq, Ağstafada yeni
istehsal və emal müəssisələrinin tikilməsi istiqamətində zəruri və
ardıcıl işlər görülür. Bu işlər nəticəsində son illərdə rayonun
sənaye potensialından səmərəli istifadə, yeni istehsal
müəssisələrinin yaradılması və iş yerlərinin açılması istiqamətində
mühüm layihələr icra olunub. "Karvan-L EKO" sənaye parkının
tikintisi də bunun əyani göstəricisidir.
Dövlət başçısı müəssisələrin və istixana kompleksinin açılışını
edib.
Prezident İlham Əliyev yeni müəssisələrlə tanış olub.
Sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 19-da "Ağstafa Aqroservis" MMC-nin nəzdində yaradılacaq
taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının
təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, Ağstafa taxıl və un
məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında
başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may
ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar
"Toxumluq taxıl emalı", "Taxıl emalı və un istehsalı" və "Çörək və
yarımfabrikatlar istehsalı" zavodlarıdır.
Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək
zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları,
mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı,
ikimərtəbəli "fast food" iaşə obyekti, 140 yerlik yeraltı avtomobil
dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2 min kvadratmetr
olacaq "fast food" iaşə obyektində kompleksin istehsal etdiyi
çörək, un və qənnadı məhsulları təqdim ediləcək. Kompleksin
yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə
texnologiyalarından istifadə olunduğu üçün kadr hazırlığı məqsədilə
tədris kurslarının təşkil edilməsi nəzərdə tutulub.
"Ağstafa Aqroservis" MMC-nin ikinci layihəsi olan taxıl və un
məmulatları kombinatı layihəsinin tərkibinə 6 min hektar torpaq
sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir.
Təsərrüfatda 2016-2017-ci il üçün taxıl səpini işlərinə start
verildi. Rayonun Ceyrançöl adlanan ərazisində "Ağstafa Aqroservis"
MMC-nin istifadəsində olan 2729 hektar sahədə regiona
uyğunlaşdırılmış sortun səpin işləri tədbir zamanı canlı
yayımlanıb.
Burada hektardan məhsuldarlığın 50-60 sentner təşkil edəcəyi
gözlənilir. Taxıl təsərrüfatında Almaniyanın "DSV-saaten"
Toxumçuluq İnstitutuna məxsus Akteur buğda sortunun əkilməsi
nəzərdə tutulub.
Dövlətimizin başçısına yeni yaradılacaq taxıl dəyirmanı barədə
məlumat verilib.
Dəyirman müasir iqtisadiyyatın tələbinə uyğun olaraq yeni
texnologiyalarla təchiz ediləcək. Bu texnologiyaların tətbiqi
dəyirmanda keyfiyyətli məhsul əldə etməyə imkan verəcək. Dəyirmanın
emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi
buğdadan maksimum un əldə etməyə şərait yaradacaq. Beləliklə, həm
yüksək keyfiyyətli un məhsulları əldə ediləcək, həm də mövcud
tullantılardan səmərəli istifadə olunacaq. Bu dəyirmanın ən böyük
əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl
yuyulmayacaq. Onun nəmləndirilməsi xüsusi texnologiya ilə həyata
keçiriləcək ki, bu, həm unun keyfiyyətli olmasına şərait yaradacaq,
həm də vaxt və məhsul itkisinin qarşısını alacaq. Emal zamanı
yaranan kəpək və digər qırıntılardan yem istehsal ediləcək.
Prezident İlham Əliyev yeni dəyirmanın təməlini qoyub.
Dövlət başçısı burada hazır məhsul anbarına da baxıb.
Ümumi sahəsi 5048 kvadratmetr olan anbarda satış üçün saxlanılan
bir neçə çeşiddə un, qaba yem və hazır toxumlar barədə Prezident
İlham Əliyevə məlumat verilib.
Hələlik cəmiyyətin öz emal zavodları hazır olmadığından
yetişdirilmiş buğda Şəmkir rayonuna nəql olunaraq orada emal
edilir.
Prezident İlham Əliyevə yerli undan hazırlanan qənnadı
məhsulları təqdim olunub.
Dövlət başçısına burada quraşdırılması nəzərdə tutulan toxum
istehsalı xətti barədə də məlumat verilib. Qeyd edilib ki, layihə
üzrə müəssisənin tərkibində saatda 25 ton emal gücü olan
Almaniyanın "Petkus" şirkətinə məxsus toxum istehsalı xətti
qurulacaq.