BMT Baş Assambleyasının 81-ci sessiyası İkinci Dünya müharibəsindən sonra yaradılan beynəlxalq təhlükəsizlik sisteminin böhran keçirdiyini açıq göstərdi. Müzakirələr qarşılıqlı ittiham, boykot və hərbi təhdidlərlə yadda qaldı. Azərbaycan müstəqillik qazananda beynəlxalq qurumlardan gözləntiləri böyük idi. 1994-cü ilin 29 sentyabrında milli lider Heydər Əliyevin Assambleyadakı çıxışı ölkəmizin məruz qaldığı işğalın beynəlxalq səviyyədə tanıdılması və gələcək Zəfərin əsasını qoydu. Ona görə 32 il sonra Azərbaycan dövlətinin ədaləti təmin etməsi 81-ci sessiyanın əsas siyasi mövzusu olmalı idi.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, lakin əvəzində qardaş Türkiyənin müəyyən sol və islamçı media platformalarında ölkəmiz ayrıca hədəfə alındı və xeyli müddətdir aparılan sistemli kampaniya iki dövlətin münasibətlərinə zərər vurmağa yönəldi:
"İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışına qarşı onlarla etirazçının plenar zalı tərk etməsi hər bir dövlətin apardığı siyasətin ölçüsünə çevrildi. Halbuki Azərbaycanın Fələstin məsələsində iki dövlətli həll variantını, daimi atəşkəsi və humanitar yardımları ardıcıl dəstəkləməsi bir günlük zal boykotundan daha əhəmiyyətlidir. On illər boyu fələstinlilərin hüquqlarını sümürən və onu geosiyasi maraqları üçün alətə çevirən mərkəzlər ölkəmizin 30 illik işğalına qarşı hansı etiraz və yardım siyasətini həyata keçiriblər? Serj Sərkisyan və Robert Köçəryan Assambleyada çıxış edərkən Xocalı qətliamına görə neçə müsəlman lideri və aparıcı Qərb dövlət təmsilçisi Nyu -Yorkun baş binasını tərk ediblər? Qəzza məsələsini dünyanın bir nömrəli problemi elan edən dairələr torpaqlarımızın azad olunmasına yox, heç olmasa, indi Zəfərimizin legitimliyini tanımağa və Qarabağda Yeni Vətən quruculuğuna hansı köməyi göstəriblər?
Müharibə qurbanlarına dəstək yalnız bəyanat, qətnamə qəbulu və zalı tərk etməklə ölçülmür. Ötən əsrdə o torpaqlarda qanlı toqquşmaları yaradan indi salonu tərk edən bir çox dövlətlərdir. Emanuel Makron islam dünyasının rəğbətini qazanmaq üçün alovlu bir çıxış etdi, halbuki 2020-ci ilin 25 noyabrında hökuməti ikinci erməni dövlətini tanımağa çağıran da məhz Fransa Senatı idi”.
Deputat bildirib ki, İkinci Dünya müharibəsindən sonra Almaniyanın bərpasında "Marşal Planı" mühüm rol oynamışdı:
"Azad Qarabağda ortaq “İslam və Türk Marşalı” layihəsini həyata keçirib Zəngilanda bir kəndi inşa etməyənlərin özlərini qlobal prokuror kimi aparmağa ixtiyarı yoxdur. Həmrəylik təkcə salondan çıxmaqla ölçülmür, dağıdılmış şəhərləri, məktəbləri, xəstəxanaları və insanların həyatını yenidən qurmaqla sübut olunur.
81-ci sessiyada mühakimə edilməli ölkə biz deyilik, icrasız qətnamələr və otuz illik münaqişəni həll etməyən beynəlxalq təşkilatlardır. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini özü təmin edib və indi Qafqazda çoxəsrlik düşmənçiliyə son qoyaraq sülh erasını başladır. BMT-nin ölkəmizdən öyrənəcəyi dərs, bir diplomatın kresloda qalıb-qalmamasından qat-qat böyükdür. Təklif edirik ki, BMT-nin müvafiq institutları ilə birlikdə parlamentin payız sessiyasında qlobal dünya nizamını təmin edən Zəfərimizə həsr olunan ardıcıl tədbirlər keçirilsin.
İkinci məsələ, Zəfərin yaratdığı yeni hüquqi, sosial, iqtisadi və təhlükəsizlik reallığının qanunlarını formalaşdırmaq da Milli Məclisin üzərinə düşür. Ermənistanla münasibətlər normallaşan kimi onun ardınca gömrük, tranzit, sərhəd ticarəti və digər əlaqələri üzrə geniş hüquqi münasibətlərin zərurəti meydana çıxacaq. Sabah sərhədlər açılarsa, hansı gömrük rejimi işləyəcək, tranzit yüklərin hüquqi və sığorta təminatı necə olacaq, yeni mərhələdə enerji xətlərinin, dəmir yollarının, rəqəmsal kommunikasiya şəbəkələrinin və beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyi ön plana çıxır. Təklif edirik ki, parlamentin payız sessiyasında Cənubi Qafqaz sülh və inteqrasiya mövzusunda ardıcıl tədbirlər keçirilsin".