Ermənistan hökumət oktyabrın 1-də keçirilən iclasında “Ermənistan Respublikasının 2027-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, qanun layihəsi müzakirə üçün Milli Məclisə təqdim olunacaq.
Layihəyə əsasən, 2027-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 3 trilyon 603,8 milyard dram (9.91 milyard dollar), xərclərin 4 trilyon 72 milyard dram (11.19 milyard dollar), kəsirin isə 468,2 milyard dram (1.29 milyard dollar) olması planlaşdırılır.
Vergi yığımları və dövlət rüsumları hesabına təxminən 3 trilyon 462,7 milyard dram (9.51 milyard dollar) gəlirin təmin edilməsi planlaşdırılır.
Rəsmi qrantlar təxminən 14,2 milyard dram (38.45 milyon dollar), digər gəlirlər isə 126,9 milyard dram (348.56 milyon dollar) təşkil edəcək.
Layihəyə əsasən, dövlət büdcəsi kəsirinin təxminən 187,5 milyard dramının (515.01 milyon dollar) daxili mənbələrdən, təxminən 280,7 milyard dramının (771.01 milyon dollar) xarici mənbələrdən maliyyələşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, Ermənistanın 2026-cı il büdcəsinin xərcləri 9,82 milyard, gəlirləri 8,43 milyard, kəsiri 1,4 milyard dollar olaraq proqnozlaşdırılıb.
Beləliklə, 2027-ci ildə Ermənistan büdcəsinin xərcləri bu illə müqayisədə 1 milyard 370 milyon dollar, gəliri isə 1 milyard 480 milyon dollar çox olacaq.
Büdcə kəsiri isə 110 milyon dollar daha az olacaq.
Xatırladaq ki, Ermənistanın 2026-cı il büdcəsi 2025-ci ilə nisbətən 2 milyard dollar artmışdı.