Ermənistanda itkin düşmüş hərbçilərin yaxınlarına məxsus DNT analizlərinin nəticələrinin onların xəbəri olmadan Azərbaycana ötürülməsi ilə bağlı qalmaqal yaranıb.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Ermənistan parlamentinin müxalif “Güclü Ermənistan” fraksiyasından olan deputatı Areqa Ovsepyan itkin düşmüş hərbçilərin ailə üzvləri ilə görüşünün təfərrüatlarını açıqlayıb.
Deputatın sözlərinə görə, həmin şəxslər DNT analizlərinin nəticələrinin Azərbaycan tərəfinə təqdim edilməsindən xəbərsiz olublar.
Ovsepyan bildirib ki, məlumatların hansı hüquqi əsaslarla və hansı şəraitdə Azərbaycana ötürüldüyünü müəyyənləşdirmək üçün müvafiq dövlət qurumlarına rəsmi sorğular göndərəcək.
Görüş zamanı itkin düşmüş hərbçilərin yaxınları başqa bir tələb də irəli sürüblər. Onlar Ermənistan və Azərbaycan arasında beynəlxalq məhkəmələrdə qaldırılmış iddiaların İrəvan tərəfindən geri götürülməsinə dair razılaşmanın əldə olunmasına qarşı çıxıblar.
Deputatın sözlərinə görə, müxalif fraksiya bu məsələni həm Ermənistan parlamentində, həm də beynəlxalq platformalarda gündəmə gətirməyi, üçüncü ölkələrin vasitəçiliyi ilə mümkün həll yollarını araşdırmağı planlaşdırır.
Areqa Ovsepyan Azərbaycanın itkin düşmüş azərbaycanlılarla bağlı məlumatların və arxiv sənədlərinin təqdim edilməsi tələbinə də münasibət bildirib.
O, Bakının bu tələbini məntiqli adlandırıb. Deputatın fikrincə, məntiqsiz olan Ermənistan hakimiyyətinin analoji tələblərlə çıxış etməməsidir.
Müxalif deputat 44 günlük müharibənin şəraitini araşdıran Ermənistan parlamentinin istintaq komissiyasının hesabatının ictimaiyyətə açıqlanması məsələsinə də toxunub.
Ovsepyan hesab edir ki, Ermənistan cəmiyyəti 2020-ci ildə baş vermiş müharibənin bütün şəraitini və hadisələrin necə inkişaf etdiyini bilmək hüququna malikdir.