Yuxarı

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.

Mövzu ilə bağlı Axar.az-a açıqlamasında deputat Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin qələbəmizdən sonra Mərkəzi Asiya ölkələrinə səfərləri xüsusi yer tutur.

Onun sözlərinə görə, konkret olaraq, həm Türk Dövlətləri Təşkilatının keçirdiyi zirvə görüşləri və digər xarakterli tədbirlər, həm də ikitərəfli formatda olan görüşlər xüsusi bir səviyyəyə çatıb:

“Hesab edirəm ki, bu, bir strategiyadır. Başqa sözlə, Azərbaycanın qazandığı geosiyasi statusun və yeni gücün ifadəsidir. Düşünürəm ki, bu cəhətdən beynəlxalq məkanda ölkəmizin addımları güclü şəkildə izlənilir.

Ən başlıcası, Mərkəzi Asiya Məşvərət Şurasında Azərbaycanın tamhüquqlu formatda iştirakıdır. Çünki ötən il belə bir təşəbbüs artıq gerçəkləşdi və onun hüquqi baxımdan rəsmiləşdirilməsi çərçivəsində ölkəmiz həmin platformada aktiv və bərabərtərəfli iştirak imkanını qazandı. Nəzərə almalıyıq ki, Mərkəzi Asiya dövlətlərinin dördü məhz türk ölkələridir. Belə olan şəraitdə Azərbaycanın bir neçə mexanizm vasitəsilə həmin ölkələrlə əlaqələrini gücləndirmək imkanı var.

O cümlədən, həmin məşvərət formatı regional format kimi beynəlxalq aləmdə də qəbul olunur. ABŞ-ın əvvəlki illərdə həm Əfqanıstandan gələn təhlükələrə, həm də sonrakı dövrdə, xüsusilə mineral ehtiyatlara görə bu regionla çox ciddi və sıx əlaqələri yaranıb. Ona görə də, görürsünüz ki, istər Özbəkistan, istərsə də Qazaxıstan liderləri Ağ Evdə qəbul olundular. Yeni müqavilələrin imzalanması ilə Mərkəzi Asiya üzərində Rusiya, Çin və İranın təsirləri fonunda həm Avropa Birliyinin, həm də Amerikanın fəal şəkildə münasibətləri inkişaf etdirməsinin şahidi oluruq.

Hesab edirəm ki, bu prizmadan yanaşdıqda Azərbaycanın önəmi qat-qat artmış olur. Ona görə ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi və İran ətrafında qlobal gərginlik fonunda alternativ təchizat zəncirləri və onların diversifikasiyası dövlətlər qarşısında mühüm çağırışa çevrilir. Hesab edirəm ki, bu baxımdan Azərbaycan həmin Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışında önəmli xətdir”, - o bildirib.

Deputat hesab edir ki, əvvəlki dövrdə Azərbaycan liderinin, Prezident İlham Əliyevin gündəliyə gətirdiyi məsələni ən vacib məqamdan qiymətləndirmək lazımdır:

“1990-cı illərdə, məğlubiyyət dövründə bölgənin potensialından tam istifadə olunmurdu. Çünki Ermənistan mühüm bir ərazidə təcridin səbəbinə çevrilmişdi, özü də forpost rolunu oynayırdı və strateji layihələrin icrasına maneçilik törədirdi. Buna görə də Azərbaycan məhz Gürcüstan üzərindən Qərbə çıxış imkanlarını formalaşdırmışdı.

İndiki reallıqda isə artıq Orta Dəhliz layihəsinə Mərkəzi Asiya dövlətləri tərəfindən güclü maraq ifadə olunur. Dünən ölkə rəhbərinin bu səfəri kontekstində Qazaxıstan lideri Tokayevin də bəyan etməsi ki, TRİPP və Orta Dəhlizin inteqrasiyası üçün ekspertlər səviyyəsində geniş müzakirələrə başlanmalıdır, onu göstərir ki, Azərbaycan gələcək dövrdə Cənubi Qafqazda strateji məkana, özü də mühüm bir dəhlizə çevrilə bilər.

Düşünürəm ki, məhz bu mənada, həm Amerika ilə münasibətlərin, həm də Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin əlaqələrinin yüksək səviyyədə olması fonunda belə bir təşəbbüs irəli sürə bilərik: Orta Dəhliz və TRİPP-in inteqrasiyası ilə bağlı Bakı sammiti, Bakı zirvəsi məhz paytaxtımızda keçirilə bilər.

Digər tərəfdən, Amerika TRİPP layihəsinə artıq real dəstək göstərir. Layihənin texniki əsaslandırmasının hazırlanması, investisiyaların cəlb olunması və sair məqsədlərə xidmət edən bu proses çərçivəsində ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin hər iki ölkəyə səfəri də həmin məqsədə xidmət edirdi. Sonrakı dövrdə strateji xartiyanın imzalanması ətrafında gedən danışıqlarda da bu məsələ öncülük daşıyır.

ABŞ-ın 8 avqust 2025-ci ildə üçtərəfli razılaşma sənədlərinə ciddi qətiyyət və iradə nümayiş etdirməsi, Rusiya, İran və digər qüvvələrin təsirlərindən kənar şəkildə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında mühüm rol oynaması və indi iqtisadi-nəqliyyat dayaqlarının formalaşdırılması üçün addımlar atması belə bir inam yaradır ki, gələcək dövrdə Mərkəzi Asiya dövlətləri də bu prosesdə fəal iştirak edərsə, Orta Dəhlizi daha geniş miqyasda həyata keçirmək imkanı yaranacaq.

Hesab edirəm ki, Prezident İlham Əliyevin Cənubi Qafqaz və Mərkəzi Asiya arealını vahid geosiyasi məkan kimi birləşdirməsi yeni təhlükəsizlik arxitekturasının qurulması deməkdir. 1990-cı illərin geosiyasi formatı məhv edildi. Bu, əslində, inqilabi bir prosesdir.

Yəni ATƏT-in Minsk qrupunun öz aralarında Qafqazı təsir zonalarına bölmək üçün atdığı addımlar iflasa uğradı. Bu, əslində, üzərimizə əl qoyan və azadlığımıza məhdudiyyətlər yaradan, çərçivələr müəyyənləşdirən dairələrin də maraqlarına zərbədir. Ona görə də Azərbaycan Partiyasının VIII qurultayında ölkə rəhbəri “Biz bu qələbəni görün hansı güclərə qarşı dirəniş göstərərək əldə etmişik” mesajı ilə xalqımıza bu geosiyasi proseslərin mahiyyətini çatdırmağa çalışırdı. Bununla da millətimizə dövlətin addımlarını və strateji planlarını hər zaman müdafiə etməyin vacibliyi ilə bağlı mesaj verilirdi”.

Zahid Oruc Mərkəzi Asiya səfəri, xüsusilə də MDB dövlət başçılarının qeyri-formal görüşündən sonra keçirilən digər formatlı tədbirlər, eləcə də Türkmənistan-Azərbaycan münasibətlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Əvvəlki dövrdə müəyyən qədər mövcud olan gərginliklərin və ayrı-ayrı məsələlərdəki anlaşılmazlıqların tam aradan qaldırılması, Azərbaycan liderinin Türkmənistan rəhbərliyinə xüsusi jest olaraq dostluq və qardaşlığın ifadəsi kimi gəmi hədiyyə etməsi, artıq bu istiqamətdə Türkmənistan-Azərbaycan qazının Qərbə çıxarılması üçün imkanların birləşdirilməsi onu sübut edir ki, Prezident qələbədən sonra yeni geosiyasi arxitektura qurur. Bu, çox önəmlidir

Keçmiş yüzillərdə regionun taleyini həmişə imperiyalar, indi isə onların varisləri müəyyənləşdirməyə çalışıblar. İlk dəfədir ki, məhz qələbəmizin nəticəsində həmin dairələr regiondakı proseslərə fəal müdaxilə edə bilmirlər. Ölkə rəhbəri hər zaman söyləyirdi ki, bölgə niyə inkişafdan geri qalıb? Çünki həmin qüvvələrin apardığı geosiyasi mübarizə regiona zərbə vurub. İndiki şəraitdə bu səfər qarşıdakı dövr üçün həm Orta Dəhlizin, həm də TRİPP-in regional kommunikasiyalarla əlaqələndirilməsi imkanlarını ortaya çıxarır. Düşünürəm ki, Paşinyanın da bir gün əvvəl gəlməsi və bu tədbirlərdə iştirak etməsi həmin xəttin işləməsi imkanlarını daha da genişləndirmək məqsədi daşıyır.

Düşünürəm ki, Azərbaycanın iradəsi Mərkəzi Asiya dövlətləri tərəfindən güclü şəkildə qəbul olunur. Belə demək mümkündürsə, yolaçıcı qüvvə bizik. Məhz bu baxımdan qələbəmizin siyasi coğrafiyası genişlənir və onun legitimliyi qəbul olunur.

Hesab edirəm ki, müharibəmizin əsas məqsədlərindən biri də məhz ondan ibarət idi ki, qeyd etdiyimiz layihələrin həyata keçirilməsi Naxçıvanı ana torpağımız olan Azərbaycanla tam birləşdirsin. Belə olduğu təqdirdə, hesab edirəm ki, bu səfərlər Prezidentin strateji məqsədlərinə xidmət etmək baxımından mühüm əhəmiyyət daşıyır və biz onun nəticələrini ən yaxın zamanda da görəcəyik”.

Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Tarix
2026.10.09 / 18:13
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla