18:30
Prezident İlham Əliyev Türkiyə Respublikasının
Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu
göndərib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə
Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və
Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Türkiyə Respublikası iyulun 15-də Konstitusiyasına,
dövlətçiliyinə və demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdinin
sınağından mərdliklə çıxaraq müstəqillik və demokratiya yoluna
sadiq olduğunu bir daha parlaq şəkildə nümayiş etdirdi və
qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən
birini yazdı. Həmişə Türkiyənin yanında olan Azərbaycan o dəhşətli
gecənin bütün ağrı-acısını da, qardaş xalqın zəfərini də Sizinlə
birlikdə yaşadı.
Əminəm ki, daim möhkəmlənən Azərbaycan-Türkiyə müttəfiqliyi və
tərəfdaşlığı, qardaşlıq münasibətlərimiz bundan sonra da
ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda
sülhün və sabitliyin bərqərar olmasına xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə bir daha təbriklərimi yetirir,
möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim
əmin-amanlıq və firavanlıq diləyirəm".
***
Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş
naziri Zati-aliləri cənab Binəli Yıldırıma təbrik məktubu
göndərib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Baş nazir,
Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə
Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Türkiyə bu gün özünün iqtisadi yüksəlişi və beynəlxalq aləmdə
mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanmışdır.
Dövlətçiliyinə qarşı yönəlmiş çevriliş cəhdinin sınağından
mərdliklə çıxması Türkiyənin bir dövlət kimi qüdrətini, eləcə də
ölkədəki sarsılmaz dövlət-xalq vəhdətini bir daha əyani şəkildə
nümayiş etdirdi.
Azərbaycanla Türkiyəni möhkəm dostluq və qardaşlıq telləri,
ortaq mənəvi dəyərlər və həmrəylik birləşdirir. İnanıram ki,
ölkələrimizin birliyi və müttəfiqliyi bundan sonra da xalqlarımızın
rifahına, qarşıya qoyduğumuz vəzifələrin həllinə, beynəlxalq
məsələlərdə qarşılıqlı dəstəyimizin möhkəmlənməsinə xidmət
edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,
qardaş Türkiyə xalqına daim sülh və rifah arzulayıram".