Oktyabrın 31-də ədliyyə naziri Fikrət Məmmədovun
sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər
ki, iclasda ölkəmizdə dövlət müstəqilliyinin bərpasının 25-ci
ildönümünün qeyd olunduğu, bu münasibətlə keçirilmiş rəsmi qəbulda
Prezident İlham Əliyevin nitqində Azərbaycanın müstəqillik
illərindəki inkişaf yolunu dolğun və ətraflı təhlil etdiyi
vurğulanıb və müstəqilliyimizin qorunub möhkəmləndirilməsində
ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri qeyd edilib.
Həmçinin dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın
hərtərəfli dinamik tərəqqisindən, hüquqi dövlət quruculuğu
prosesində, xüsusilə ədliyyə və məhkəmə-hüquq sistemində aparılan
mütərəqqi islahatlardan bəhs olunub.
Kollegiyada təməli Ümummilli Lider tərəfindən qoyulmuş humanizm
siyasətinin uğurla davam etdirilməsi diqqətə çatdırılaraq
bildirilib ki, ötən dövrdə Azərbaycan Prezidentinin 61 əfv aktı ilə
6 min 500-ə yaxın məhkum müxtəlif cəzalardan azad olunub, qəbul
edilmiş 11 amnistiya qərarı isə 118 minə qədər şəxsə tətbiq olunub
ki, onlardan 30 minədək məhkum ailəsinə, cəmiyyətə qovuşub.
Qeyd olunub ki, Ulu Öndərin mərhəmət, insanpərvərlik
məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək
Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Fondun
prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın təşəbbüsü ilə cari il 28 May - Respublika Günü
münasibətilə qəbul edilmiş sayca 4-cü amnistiya qərarı ilə 11 minə
yaxın şəxs müxtəlif cəzalardan, o cümlədən 3535 nəfər azadlıqdan
məhrumetmə cəzasından azad olunub. 15 İyun - Milli Qurtuluş Günündə
icrasına başlanılmış bu humanist aktın müəyyənləşdirilmiş vaxtda
dürüst icrası təmin edilib.
İclasda Azərbaycan Prezidentinin "Xarici donorlar tərəfindən
Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi
prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 2016-cı il
21 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə
olunub.
Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin
artırılmasında, qrantların verilməsi prosedurunun
asanlaşdırılmasında və bu sahədə şəffaflığın təmin olunmasında qeyd
olunan Fərmanın müstəsna əhəmiyyəti vurğulanaraq bildirilib ki,
gələn il yanvarın 1-dən xarici donorlar tərəfindən qrantların
verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqinə
başlanılacaq və bu prosedurda qeyri-kommersiya qurumlarına və
fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi əlaqələndirici qurum
kimi müəyyən olunub.
Bununla əlaqədar Azərbaycan Prezidentinin Fərmanının icrası, o
cümlədən vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı ayrılan maliyyə
vəsaitlərinin qeydiyyatı işinin dəqiq və dürüst təşkili, qrantın
maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi
prosedurunun sadələşdirilməsi, bu sahədə qanunvericiliyin
təkmilləşdirilməsi və maarifləndirmə tədbirlərinin gücləndirilməsi
ilə bağlı və digər konkret tədbirlər müəyyən olunub.
Məlumat verilib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına
daim xüsusi önəm verilir, bu məqsədlə nazirlik tərəfindən
qeyri-hökumət təşkilatları üçün "Fərdi elektron pəncərə" elektron
məlumat sistemi yaradılaraq aparılır və QHT-lər bu sistemdən
səmərəli istifadə edirlər. Həmçinin dövlət qeydiyyatına alınan
qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4300-ü,
KİV-lərin sayı isə 5100-ü ötüb.
Kollegiyada, həmçinin ədliyyə orqanlarında kadr işinin, o
cümlədən gənclər və könüllülər ilə fəaliyyətin təkmilləşdirilməsi
üzrə görülən tədbirlər müzakirə edilib.
Qeyd olunub ki, son 10 ildə 5500-ə yaxın hazırlıqlı, müasir
texnologiyalara bələd və mənəvi cəhətdən saf mütəxəssis işə qəbul
olunub. Bu zaman dövlət gənclər siyasətinə müstəsna yer verilib və
bunun nəticəsidir ki, hazırda ədliyyə qurumlarında çalışan
işçilərin təxminən yarısını gənclər təşkil edir.
Həmçinin könüllülər institutunun təşviqinə xüsusi önəm verilərək
gənc könüllülərin ədliyyə orqanlarına cəlb olunduğu, bu zaman
Azərbaycan brendi olan və 12 milyondan çox insanın faydalandığı, o
cümlədən əməliyyatların təxminən 40 faizinin aparılmasında payı
olan ədliyyənin müxtəlif xidmətlər göstərdiyi "ASAN xidmət"in
təcrübəsindən yararlanıldığı diqqətə çatdırılıb. Ötən dövr ərzində
müvafiq vərdişlərə malik və könüllü kimi fəaliyyət göstərmiş 50-yə
yaxın könüllünün işlə təmin edildiyi vurğulanıb.
Bildirilib ki, ölkəmizdə bu yeni institutun inkişafı üzrə
məqsədyönlü addımlar atılır, dövlət başçısının təşəbbüsü ilə
"Könüllü fəaliyyət haqqında" Qanunun, habelə könüllülərin
həvəsləndirilməsi ilə bağlı mühüm qərarların qəbul olunması, ASAN
Könüllülərinin I Ümumrespublika Forumunun açılışında Prezident
İlham Əliyevin şəxsən iştirakı bu sahəyə dövlət qayğısının bariz
təzahürü olub.
Bununla əlaqədar iclasda könüllülərlə işin təşviqi üzrə əlavə
tədbirlərin görülməsinin vacibliyi vurğulanaraq, onların ədliyyə
fəaliyyətinin müxtəlif istiqamətlərinə daha geniş cəlb edilməsi,
könüllülərin zəruri bilik və bacarıqlar əldə etmələri üçün Ədliyyə
Akademiyasında təlimlərin təşkili və s. məsələlərlə bağlı
tapşırıqlar verilib.
Kollegiyada bir çox qeyri-kommersiya hüquqi şəxslər dövlət
qeydiyyatına alınıb.