Ukraynanın devrilmiş prezidenti Moskvanın milyarderlər
məhəlləsində 56 milyon dollara ev alıb.
Ukraynanın devrilmiş prezidenti, özünü hələ də qanuni dövlət
başçısı adlandıran Viktor Yanukoviçin Rusiyaya qaçması və sığınacaq
alması ilə bağlı yeni sensasion faktlar məlum olub. Bu gün
"Sobesednik" qəzeti Yanukoviçin Rusiyaya nə vaxt keçdiyini və
harada qaldığını yazıb. Qəzetin əldə etdiyi informasiyalara görə,
Yanukoviç Moskvaya fevralın 25-nə keçən gecə təyyarə ilə gəlib.
Təyyarənin Ukrayna, yoxsa Rusiya ərazisindən havaya qalxdığı məlum
deyil.
Əvvəlcə qalmağa yeri olmayan Yanukoviç prezident Vladimir
Putinin tələbəlik dostu olmuş azərbaycanlı milyarder İlham Rəhimova
və onun yəhudi ortaqları Zarah İliyevlə Qod Nisanova məxsus
"Ukrayna" otelində ("Radisson Royal") qalıb.
Fevralın 25-nə keçən gecəni oteldə qalan Yanukoviç daha sonra
Rusiya prezidentinin İşlər İdarəsinin balansında olan "Barvixa"
sanatoriyasına yola düşüb. Orada bir sutkadan artıq qalmayıb və
həmin müddətdə Moskva ətrafında özünə yeni iqamətgah seçməklə
məşğul olub.
Qəzet yazır ki, Yanukoviçə uzağa getmək lazım gəlməyib. O,
"Mayndroff qəsri" kimi də tanınan, prezident Putinin xarici
qonaqları qəbul etdiyi "Barvixa" iqamətgahından cəmi bir kilometr
məsafədə özünə yeni iqamətgah tapıb.
Viktor Yanukoviç iqamətgahın alınmasını sürətlə rəsmiləşdirib və
artıq fevralın 26-da o, rəsmi olaraq Moskva ətrasında yeni mülkün
sahibi olub.
Bu informasiyanı ilk dəfə fevralın 27-də "Yaşıllar alyansı-Xalq
partiyası"nın mərkəzi Şurasının sədri Oleq Mitvol Twitter bloqunda
yazıb. "Yanukoviç indi Moskvaətrafı sakinidir... Və hava da Kiyev
havasıdır. Ukraynalı qaçqın qardaşlarımızı dünən Barvixa
qəsəbəsində 52 milyon dollara ev almaları münasibətilə təbrik edə
bilərik. Rublyovkaya eşq olsun!" - deyə O.Mitvol yazıb.
O.Mitvol yazıb ki, Barvixa qəsəbəsi əvvəlcə eyniadlı
sanatoriyanın ərazisinə daxil olub, hazırda isə xüsusi mülkiyyətdə
olan ərazidir. Ərazi vaxtilə qanunsuz şəkildə özəlləşdirilib və
oliqarxlar orada mülklər tikdirib.
"Sobesednik"ə məlumat verən mənbə deyib ki, Yanukoviç Rostovda
birinci mətbuat konfransı keçirəndən iki gün əvvəl Moskva ətrafında
mülk sahibi olmuşdu. "O, axşamlar yeni evinin ərazisində cığırlarla
gəzir və özünü evdəki kimi hiss edir. Onun rəfiqəsini isə
Rublyovsk-Uspensk şossesində yerləşən "Dream House" ticarət
mərkəzində görmək olar. O, hər gün ora ərzaq dalınca gedir" - deyə
mənbə bildirib.
Məlumatlara görə, Yanukoviçin məşuqəsinin adı Lyubov Polejaydır.
O, Yanukoviçin şəxsi aşpazı Nadejda Marintsevanın bacısıdır.
Əvvəlcə Lyubov Yanukoviçin yanında sadə ofisiant işləyib, lakin son
bir neçə ildə onunla birlikdə Kiyev ətrafındakı "Mejiqorye"
iqamətgahında yaşayıb.
Oleq Mitvol deyir ki, "Mejiqorye" iqamətgahı Yanukoviçin, daha
doğrusu, onun adından çıxış edən Ukrayna vətəndaşlarının Moskva
ətrafında aldığı yeni evlə müqayisədə zövqsüzlük nümunəsidir. "İndi
onun doğrudan da yaxşı evi var, ingilis üslubunda tikilmiş
üçmərtəbəli evdir. Əvvəlki sahibi il yarım idi ki, onu sata
bilmirdi, hətta 35 milyona verməyə hazır idi. Lakin gözlənilmədən
istədiyi qiyməti - 52 milyon dolları verməyə hazır olan müştəri
tapıldı" - deyə Mitvol bildirib.
O, evin əvvəlki sahibinin adını açıqlamayıb, lakin məlum olub
ki, söhbət erməni əsilli rusiyalı biznesmendən gedir.
Yanukoviçin evinin yerləşdiyi "Mayndroff bağları" adlanan kottec
qəsəbəsinin sakinləri leqal, yaxud qeyri-leqal milyarderlərdir.
Orada evlərin qiyməti 100 milyon dollara qədər qalxır. Milyarder
Roman Abramoviçin qayınatası Aleksandr Jukov, Rusiya Erməniləri
İttifaqının rəhbəri Ara Abramyan, "Rosneft"in keçmiş prezidenti
Sergey Boqdançikov da bu qəsəbədə yaşayır.
Elit yaşayış kompleksinin ərazisində cəmi 50-yə yaxın mülk var.
Ərazi güclü mühafizə altındadır. Qəzet yazır ki, Rusiyadakı nüfuzlu
azərbaycanlıların da biri həmin qəsəbədə mülk sahibidir və həmin
mülk Yanukoviçin yeni evi ilə qonşudur. ("virtualaz.org")