"Nurçular Türkiyə Silahlı Qüvvələrinin daxilində çox
gizli təşkilatlanmaya sahibdirlər".
"Axar.az" xəbər verir ki, bu sözlərlə hazırda həbsdə olan
Türkiyə ordusunun keçmiş polkovniki Əhməd Zəki Üçok çıxış edib.
O, Türkiyə ordusunda nurçularla bağla araşdırma aparan tək adam
olduğuna görə həbsdə saxlanıldığını deyib: "Türkiyə Silahlı
Qüvvələrində dövlət içində dövlətlə bağlı araşdırma aparan tək
adamam. Ona görə də indi həbsdəyəm. Onlar artıq illərdir odunun
içərisindədirlər. Üstəlik, hər biri müxtəlif vəzifələrdə artıq
özlərinə yer ediblər. Silahlı Qüvvələr daxilində üçlü qruplar
formasında tam gizli hərəkət edirlər. Ona görə onları tapmaq və yox
etmək çox çətindir. Bir-birini tanımadıqlarına görə, ələ keçən
adamın digərini ələ vermək şansı yaranmır. Onlar terror
təşkilatları kimi kod adlarından istifadə edirlər. Bir dəfə
onlardan birini yaxalayanda mənə dedi ki, böyüyümüzün kod adı
Yusifdir. Amma onu tanımırıq və üzünü görməmişik".
Polkovnik Fətullah Gülən camaatına daxil olan müxtəlif
biznesmenlərin bu araşdırmalara mane olmağa çalışdığını qeyd
edib:
"Apardığım araşdırmalardan sonra ilk dəfə onları Kayseridə üzə
çıxartdıq və yasaqlaya bildik. Sonradan Hərbi Hava Qüvvələrində
"İşıq evləri" təhqiqatı zamanı bir neçə dəfə müxtəlif iş adamları
vasitəsiylə mənə təhdid dolu mesajlar göndərdilər. Bir dəfə iş
adamlarında biri özü mənə dedi ki, sən Fətullah Gülənə çatmaq
istəyirsən? Buna gücün çatmaz.
Başqa biri vasitəsiylə isə, "Türkiyə Silahlı Qüvvələri
içərisində yenidən təşkilatlanma olacaq. Ona görə də tərəfini doğru
müəyyənləşdir" - mesajını göndərdilər. Məhkəməm olanda hakim əvvəl
mənə bəraət vermişdi. Sonradan onu qadınlarla lüt şəkillərini
yayımlayacaqları ilə təhdid etdilər və o da məni həbsə
göndərdi".
Qeyd edək ki, Əhməd Zəki Üçok "Balyoz davası" zamanı tutulub.
Ona qarşı aparılan 10 məhkəmə prosesində fətullahçılar tərəfindən
cəmi 724 il həbs istənilib.
Hazırda Sincan həbsxanasındadır.