"Ermənistan silahlı qüvvələrinin Tovuzun Əlibəyli kəndi
istiqamətində atəşkəsi pozması, axşam saatlarında mülkü vətəndaşın
maşınını, sonra isə kənd sakini Etibar Tağıyevin evini, kənd
sakinlərinin evlərini atəşə tutması nəticəsində gərgin və narahat
bir gecə yaşadıq".
"Axar.az" xəbər verir ki, bu sözləri Tovuz rayonundan millət
vəkili Qənirə Paşayeva dünən gecədən cəbhə xəttəində ermənilərin
atəşkəsi pozması nəticəsində başlayan atışmaya münasibət
bildirərkən "Publika.az"a deyib. Millət vəkilinin sözlərinə görə,
ötən gecə demək olar ki, yata bilməyiblər:
"Sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq,
xüsusən axşam saatlarında... Ermənistanın və onun silahlı
qüvvələrinin xisləti bundan ibarətdir. Bu dəfə də insanlığa
sığmayan əməllərini davam etdirərək Etibar Tağıyevin evini gülləyə
tutublar və güllələrdən biri evin divarını keçərək Etibarın
ayağından yaralayıb. Rayon xəstəxanasına çatrdırılan Etibarın
vəziyyəti çox şükür indi normaldır. Həkimlər tərəfindən bütün
yardımlar olunub və onun ayağı itirilmə təhlükəsi riski daşımır.
İnşallah bir neçə günə tamam yaxşılaşar. Bir az öncə Etibarın
vəziyyəti ilə bağlı təkrar rayon xəstəxanasının baş həkimi Paşa
həkimlə danışdım və Paşa həkim Etibarın ayağının yaxın zamanlarda
tam sağalacağını dedi".
Q.Paşayeva qeyd edib ki, yaralanan şəxsin övladlarının yaşadığı
gərginlik onu hər şeydən çox üzür.
"Məktəb yaşlı 3 uşağın və ailənin xanımının yaşadıqları təbii
ki, çox ağır hadisədir və çox şükür ki, onlar ciddi bir xəsarətlər
almayıblar. Amma yaşadıqları psixoloji gərginlik təbii ki, onlara
ciddi təsir edib. İnşallah bir daha nə onlar, nə də digər
ailələrimiz belə hadisələr yaşamasın. Ermənistan dövləti və onun
silahlı qüvvələri isə bir daha simasını hər kəsə göstərdi. Evləri,
sivil insanları, qadınları, uşaqları gülləbaran etmək, hədəfə
alaraq qətlə yetirmək arzusu. Bu xəstə təfəkkürdən və ruh halından
xilas olmaq istəmədiklərini bir daha göstərdirlər. ATƏT-in Minsk
qrupu həmsədrləri, beynəlxalq təşkilatlar isə yəqin ki, reaksiya
verməkdən, etiraz bildirməkdən yayınacaqlar. Həmişə olduğu kimi...
Çox təəssüf... Bu insanlar isə onlardan ən azı etiraz səslərini
ucaldan açıqlamalar gözləyirlər. Onların ədalət və
obyektivliklərinə artıq inanmasalar da..."-deyə millət vəkili
bildirib.
Q.Paşayeva cəbhədəki hərbiçilərimizə də təşəkkür edib: "Tovuzda
ön cəbhəni qoruyan hərbiçilərimiz düşmənə layiqli cavabı hər zaman
olduğu kimi verib və sivil insanlarımızı, evlərimizi daha geniş
hədəfə almalarından qoruyub. Allah hər zaman onları qorusun! Bir az
əvvəl hərbi hissənin rəhbəri ilə danışdım. Bütün gecə yatmadan
Ermənistan silahlı qüvvələrinin kənd sakinlərinə zərər vura
bilməməsi üçün çalışıblar. Allah Tovuz da daxil olmaqla ön
cəbhəmizi qoruyan bütün hərbiçi və əsgərlərimizi qorusun! Gücləri
daha da çox olsun!".