Azərbaycanın Əməkdar artisti Abbas Bağırov "Bank of
Azerbaijan" tərəfindən məhkəməyə verilib.
Məlumata görə, A.Bağırov xeyli müddətdir ki, "Bank of
Azerbaijan"dan böyük məbləğdə kredit götürüb. 2008-ci ilə təsadüf
edən kredit rəsmiləşdirməsi sonradan problemli məsələyə çevrilib.
Üstündən 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq, A.Bağırov bankdan
götürdüyü 140 min manatı qaytarmayıb. Bu səbəbdən də bank müğənnini
məhkəməyə verərək 140 min manatı geri tələb edir.
2011-ci ildə keçirilmiş məhkəmə araşdırmaları zamanı A.Bağırovun
adına olan kreditinin şübhəli girov sənədləri əsasında
rəsmiləşdirildiyi aşkar olunub. Məlum olub ki, kreditin əvəzində
banka girov kimi qoyulmuş obyektin müğənniyə heç bir aidiyyəti
yoxdur. Sonradan müğənni girov kimi banka özünəməxsus səsyazma
studiyasını qoyub. Beləliklə, məhkəmə vəsaitin ödənilməsilə bağlı
qətnamə çıxarıb və cavabdehə daha bir müddət vaxt verilib.
Lakin A.Bağırov bundan sonra da banka vəsait ödəməyib və
beləliklə, onun adına olan 140 min manatlıq kredit faiz artımları
ilə birgə iki dəfədən çox artıb. Məlumata görə, sonuncu məhkəmə
prosesi 2014-cü ilin yanvar ayına təyin olunsa da, A.Bağırov
məhkəməyə gəlmədiyindən işin baxılması təxirə salınıb.
Qeyd edək ki, A.Bağırov Gəncə şəhərində qeydiyyatda olduğundan
onun problemli krediti üzrə işə Gəncə İnzibati İqtisad Məhkəməsində
baxılır. Müğənniyə qarşı məhkəmə davasını isə "Bank of
Azərbaijan"ın baş ofisi açıb.
Maraqlıdır ki, kreditin verilməsindən 6 ilə yaxın vaxt keçməsinə
və cavabdehin bank qarşısında götürdüyü öhdəlikləri yerinə
yetirməkdən boyun qaçırmasına baxmayaraq onun hazırda banka
qoyulmuş girovuna toxunulmayıb. Halbuki, başqa hallarda cavabdehin
gecikdirdiyi kreditə görə girovu qısa müddət ərzində bank
tərəfindən müsadirə olunur.
Elə məsələnin ən maraqlı məqamı da buradan başlayır. Heç kəsə
sirr deyil ki, "Bank of Azərbaijan" Nəqliyyat naziri Ziya
Məmmədovun oğlu Anar Məmmədovun nəzarətindədir. Hamı bilir ki,
Abbas Bağırov Anar Məmmədovla dost münasibətindədir. Anar
Məmmədovun mahnılarını da elə Abbas oxuyur. Tez-tez görüşürlər,
hansısa mahnı üzərində işləyirlər. Amma bir tərəfdən də Anar
Məmmədov Abbası borca görə məhkəməyə verib.
Hətta bir neçə il əvvəl "Aləm gözəldi" mahnısının üstünə dava
düşəndə Əməkdar artist Abbas Bağırov həmkarı Ramalın deyil, nazir
oğlunun yanında yer aldı. Əslində mahnının Ramala məxsus olduğu
hamıya aydın idi.
Biz məsələnin bu tərəfinə toxunmayaraq, işin pərdə arxasında
dayanan şok məqamlara aydınlıq gtirmək istəyirik. Redaksiyamıza
daxil olan məlumat da o da qeyd olunur ki, əslində müğənninin banka
olan borcu böyük bir fırıldaqdır. Daha doğrusu, Anar Məmmədovun
sahibi olduğu bankdan pul çıxarmaq üçün istifadə etdiyi variantdır.
İddia olunur ki, nazir oğlu müxtəlif adamların adına kredit
rəsmiləşdirməklə bankdan milyonlarla pul çıxararaq özünün bildiyi
təyinat üzrə xərcləyib. Sözügedən məsələlərlə bağlı müvafiq
qurumlar tərəfindən araşdırma aparıldığı barədə də məlumat var. O
məqamda bizə məlum olub ki, "Bank of Azərbaijan"la müxtəlif
müştərilər arasında kredit öhdəliyinin yerinə yetirilməməsi ilə
bağlı problem mövcuddur və hər biri iş üzrə məhkəmə çəkişməsi
gedir. Çox maraqlıdır ki, həmin müştərilərin heç birinin nə əmlakı
müsadirə olunub, nə də onlara qarşı tədbir görülüb. Təkcə onu deyək
ki, bankla məhkəmə çəkişməsində olan Abbas Bağırov son bir neçə
ildə demək olar hər gün Anar Məmmədovla görüntülənir.
Qeyd edək ki, "Bank of Azerbaijan"ın səhmlərini böyük hissəsi
"Bağlan Group"un rəhbəri, Nəqliyyat naziri Ziya Məmmədovun şəriki
"Hafka" ləqəbi ilə tanına iş adamı Hafiz Məmmədovun oğlanlarına
məxsusdur: Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%)
Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Mübariz
Məcid oğlu 6,030.000 AZN (12.07%) NEM Holdinq 335.000 AZN (0.67%)
Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur.
"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı sözügedən bankla
əlaqə saxlayıb informasiya haqda bankın mövqeyini öyrənmək istəsə
də, sualı eşidən kimi sorğu göndərmələrini tələb ediblər. Bu gün
səhər "Bank of Azərbaijan"a rəsmi sorğu göndərilsə də, hələ ki,
sorğuya cavab verən olmayıb.
Abbas Bağırov isə bu barədə məlumatların həqiqətə uyğun
olmadığını bildirib. Daha sonra müğənni bankla arasında hansısa
prosesin yaşandığını etiraf etsə də, "Bank of Azərbaijan"a borclu
olmadığını iddia edib:
""Bank of Azərbaijan"dan mənə zəng etmişdilər, dolaşıq düşən
məsələlər var. Mənim maşınım kreditdədir, amma başqa bankda. Bu
banka borcum yoxdur"
Eyni zamanda Abbas Bağırov redaksiyadan bu məlumatların
işıqlandrılmamasını xahiş edib.