Yuxarı

“Siyasi nəticələr vəziyyəti kökündən dəyişəcək” – Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın işğalçı siyasəti heç zaman uğurla nəticələnə bilməz.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov 2016-cı ilin yekunları ilə bağlı Azərtac-a müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Ermənistan xoşniyyətli danışıqlar aparmaq əvəzinə, münaqişənin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri açıq şəkildə pozur:

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, qanlı etnik təmizləmə nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin olmasına imkan verməmək üçün Ermənistan tərəfi həmişə təxribatçı əməllərə əl atır. 2014-cü ilin sonunda prezidentlərin Paris görüşündən sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 40 mindən çox şəxsi heyətin iştirakı ilə hərbi təlimlərə başladı və məlum helikopter insidentinin baş verməsinə rəvac verərək vəziyyəti gərginləşdirdi. 2015-ci il ərzində və 2016-cı ilin əvvəlində də münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, Ermənistan tərəfi hücum xarakterli yeni hərbi doktrina qəbul etdi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutaraq, məlum aprel hadisələrinin baş verməsinin səbəbkarı oldu. Ermənistanın məsuliyyətsiz hücumları nəticəsində uşaqlar da daxil olmaqla, 6 nəfər həlak oldu, 33 nəfər ciddi yaralandı.

Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verdi, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad etdi. Aprel hadisələri zamanı Azərbaycan həm hərbi-diplomatik üstünlüyünü ortaya qoydu, həm də informasiya müharibəsində bu vaxta kimi apardığı davamlı fəaliyyətin nəticəsini gördü. Hadisələrin ilk dəqiqələrindən Xarici İşlər Nazirliyi vaxtaşırı bəyanatlar verərək Ermənistanın təxribatçı əməlləri barədə dünya ictimaiyyətini məlumatlandırdı. Dünyanın aparıcı informasiya agentlikləri XİN-in bəyanatlarına və açıqlamalarına istinad etdilər, xarici KİV nümayəndələrinin və diplomatik korpusun qoşunların təmas xəttinə səfərləri təşkil olundu. Onlar dövlət orqanları ilə əlaqəli şəkildə Azərbaycan həqiqətlərini dünyaya çatdıra bildilər, ölkəmizin diplomatik nümayəndəlikləri və konsulluqları bu prosesə yaxından qoşuldu və akkreditə olunduqları ölkə rəsmilərini və ictimaiyyətini məlumatlandırdılar. Sevindirici haldır ki, dünyanın nüfuzlu media orqanlarında ölkəmizin ədalətli mövqeyini əks etdirən çoxsaylı məqalələr dərc edildi, foto və videoreportajlar efirə getdi.

Beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, status-kvonun saxlanması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalmaqdadır.

ATƏT-in Minsk Qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində dəfələrlə status-kvonun qəbuledilməz və qeyri-davamlı olması barədə bəyanatlarla çıxış ediblər. Azərbaycan hazırkı status-kvonun dəyişməsində ən maraqlı tərəfdir. Bu xüsusda, biz Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndiririk. Biz bu fürsəti davam etdirməli və həmin görüşlərdə əldə olunmuş razılaşmaları gecikdirmədən konkret tədbirlərə çevirməliyik.

Siyasi müstəvidə əsaslı konkret nəticələr vəziyyəti köklü şəkildə dəyişəcək. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması, regional nəqliyyat və kommunikasiya xətlərinin bərpa edilməsi və müvafiq təhlükəsizlik tədbirlərini təmin edərək məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və şərəfli qayıdışından başlamaqla münaqişənin fəsadlarının mərhələli şəkildə aradan qaldırılması münaqişə dinamikasının dəyişməsinə və regionda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq. Bu yanaşma BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır və xüsusilə, 1994-cü il Budapeşt Sammitinin qərarı daxil olmaqla, ATƏT-in qərarlarında təsdiq olunub.

Ermənistanın işğalçı siyasəti heç zaman uğurla nəticələnə bilməz. Ermənistan bu reallığı nə qədər tez dərk etsə və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, münaqişə bir o qədər tez həll ediləcək, habelə Ermənistan və onun əhalisi əməkdaşlığın perspektivləri, eləcə də iqtisadi inkişafdan faydalanacaq.

Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək. Eyni zamanda, bu məqsədlə bütün beynəlxalq platformaların imkanlarından istifadə ediləcək”.

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan üzv olduğu bütün müvafiq beynəlxalq təşkilatların tribunalarından istifadə edərək 2016-cı ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb:

“BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət və GUAM ərazisində həlli uzadılmış münaqişələr kimi gündəlik maddələri saxlanılır. Bu əsasda Azərbaycan BMT Baş Assambleyasının tribunasından istifadə edərək münaqişənin müxtəlif aspektlərini gündəmə gətirir və müzakirələrə çıxarır. BMT sistemi ilə bərabər, digər beynəlxalq təşkilatlarla da fəal iş aparılır.

İslam Əməkdaşlıq Təşkilatının aprelin 10-15-də İstanbulda dövlətimizin başçısının iştirakı ilə keçirilmiş 13-cü sessiyası ölkəmizin maraqlarına cavab verən bir sıra qərarların qəbul edilməsi ilə yadda qaldı.

Bu mövqe İstanbul Zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən yekdilliklə qəbul edilmiş kommunikenin müvafiq olaraq 16-cı və 17-ci bəndlərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün qınanılmasına dair İƏT üzv dövlətlərinin prinsipial mövqeyi bir daha ifadə olunaraq, Ermənistandan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməsi və öz silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ətraf rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmçinin yekun kommunikedə üzv dövlətlər tərəfindən Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində davamlı olaraq həyata keçirdiyi hücumları, bu ilin aprel ayında cəbhədə vəziyyəti gərginləşdirməsi və bunların nəticəsində mülki insanlara, sosial və iqtisadi infrastruktura və digər obyektlərə zərərlərin yetirilməsi qəti olaraq pislənilir.

Sammitin nəticəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması vacib qərarlardan biridir. Sözügedən qrupun tərkibinə Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxil olub. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsindəki bütün regionlar təmsil olunub. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilmiş 71-ci sessiyası çərçivəsində İƏT baş katibinin sədrliyi ilə Kontakt Qrupunun ilk iclası keçirildi.

İyulun 8-9-da NATO-nun Varşavada keçirilmiş Zirvə toplantısında üzv dövlətlərin qəbul etdiyi yekun kommunikenin 24-cü paraqrafında dövlət və hökumət başçıları Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməyə sadiq olduqlarını bir daha vurğuladılar, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiklərini ifadə etdilər. Əvvəlki Zirvə toplantılarında da üzv dövlətlər tərəfindən eyni mövqe ifadə olunmuşdu.

Qoşulmama Hərəkatına üzv ölkələrin sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin yekun sənədində isə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər və münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar.

Həmçinin oktyabrın 18-19-da İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən 43-cü sessiyasında Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılmasına dair qətnamələr qəbul olundu.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat BMT Baş Assambleyasının 70-ci sessiyasının gündəliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və digər müvafiq adlı bəndlərə uyğun olaraq, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bu ilin mart ayında təqdim edilən “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat erməni mənbələrinin məlumatları əsasında hazırlanıb. Hesabatda ölkəmizin işğal olunmuş ərazilərində beynəlxalq hüquqa məhəl qoyulmadan Ermənistan tərəfindən məskunlaşmanın həyata keçirilməsi, şəxsi və dövlət mülkiyyətində olan obyektlərin, maddi-mədəniyyət abidələrinin, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarəti kimi davamlı qanunsuz fəaliyyəti sübut edən kifayət qədər təsdiqedici dəlillər öz əksini tapıb.

İl ərzində beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qərar və qətnamələr Azərbaycanın ədalətli mövqeyini və münaqişənin həllinin siyasi-hüquqi əsaslarını daha da gücləndirir. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş bu kimi çoxsaylı qərar, qətnamə və bəyanatlar münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin qəti iradəsinin ifadəsidir.

Münaqişənin həlli prosesində hər hansı təsisat inhisarçı rola iddia edə bilməz. Ermənistanın ölkəmizə qarşı təcavüz və işğalının nəticələri aradan qaldırılana, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunana qədər bütün müvafiq beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinin gündəmə gətirilməsi siyasətimiz davam etdiriləcək”.

Tarix
2016.12.27 / 15:50
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla