General-mayor İsgəndər Allahverdiyev dəfn edilib.
Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Hərbi Memorial Məzarlıqda keçirilən mərasimdə mərhumun ailə üzvləri və yaxınları, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim zamanı general-mayorun Azərbaycan dövlətçiliyinə, təhlükəsizlik və sərhəd mühafizəsi orqanlarında xidmətlərinə toxunulub, onun əziz xatirəsi ehtiramla yad edilib.
Mərasimdə DSX rəisi Elçin Quliyev, DTX rəisi Əli Nağıyev və müdafiə naziri Zakir Həsənov iştirak ediblər.
Qeyd edək ki, İ.Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olub. 1991-ci ildə yaradılan Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri təyin edilib, 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Sonrakı dövrdə milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları İdarəsinin rəisi və Sərhəd Qoşunlarının komandanı vəzifələrində xidmət edib. Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olan general-mayor "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
İ.Allahverdiyev sentyabrın 18-də vəfat edib.