Azərbaycanla Avropa Birliyi arasında bütün sahələrdə olduğu kimi, enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın inkişafı üçün zəngin perspektivlər var.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov 2016-cı ilin yekunları ilə bağlı Azərtac-a verdiyi müsahibədə deyib.
Nazirin sözlərinə görə, son 20 ildə Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı maraq kəsb edən bir çox sahələrdə sıx və faydalı əməkdaşlıq əlaqələri qurub:
“Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını 1996-cı il aprelin 22-də imzalanmış və 1999-cu il iyulun 1-də qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Bu saziş çərçivəsində siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadiyyat, qanunvericilik, mədəniyyət və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq nəzərdə tutulub. Sazişin imzalanmasından keçən 20 il ərzində Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı maraq kəsb edən bir çox sahələrdə sıx və faydalı əməkdaşlıq əlaqələri qurub.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil edir. 2006-cı il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradan bu sənəd ötən müddət ərzində tərəflər arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə də mühüm töhfələr verib.
Azərbaycanla Avropa İttifaqı arasında bütün sahələrdə olduğu kimi, enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın inkişafı üçün zəngin perspektivlər var. Anlaşma Memorandumunun icrasının nəticəsi olaraq 2011-ci il yanvarın 13-də Azərbaycan və Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb. Təbii qazın Avropa bazarlarına nəqlini nəzərdə tutan bu əhəmiyyətli layihənin fəaliyyətə başlaması ilə Azərbaycan 2018-ci ildən sonra Avropanı ildə 10 milyard kubmetr, 2030-cu ildən etibarən isə il ərzində 25-30 milyard kubmetr qazla təmin edə biləcək. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan uzunmüddətli dövr ərzində Avropanın enerji təchizatı mənbələrinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.
Ona görə də sektoral əməkdaşlıqda Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının bünövrəsini təşkil edən enerji sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilib. “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üzrə Məşvərət Şurasının ikinci toplantısı fevralın 29-da Bakı şəhərində keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirə Avropa İttifaqı tərəfindən xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və enerji birliyi üzrə vitse-prezident Maroş Şevçoviç, həmçinin layihənin iştirakçısı olan ölkələrdən enerji nazirləri və digər yüksək səviyyəli qonaqlar da qatılıblar. İclasın sonunda “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə və layihənin Balkan bölgəsinə genişlənməsinə (Yunanıstan-Bolqarıstan bağlayıcı kəməri) dəstəyi əks etdirən Birgə Bəyannamə imzalanıb.
Azərbaycan 2009-cu ildən həyata keçirilən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirak edir. Azərbaycan Avropa İttifaqı ilə sıx iqtisadi-ticarət əlaqələrinə malikdir. Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Avropa İttifaqına üzv olan ölkələr də Azərbaycanın əsas ticarət tərəfdaşları və ölkə iqtisadiyyatına sərmayə qoyan ən böyük investorlar siyahısına daxildir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qurulub.
Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır və bununla əlaqədar olaraq 2015-ci ilin may ayında Riqada keçirilmiş “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin Sammitində Avropa İttifaqına “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş” layihəsini təqdim edib. Avropa İttifaqı Şurası artıq Azərbaycan ilə Avropa İttifaqı arasında sözügedən saziş layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verib. Hesab edirik ki, yeni sənəd təşkilatla ikitərəfli əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq və əməkdaşlığın hərtərəfli inkişafını təmin etmək üçün hüquqi baza yaradacaq. Hazırda sazişin hazırlanması üzrə tərəflərin nümayəndə heyətlərinin tərkibi formalaşdırılır. 2017-ci ilin əvvəlindən etibarən intensiv danışıqlar başlanılacaq.
2015-ci ildə Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Avropa İttifaqının mövqeyini bir daha ifadə edərək bildirmişdi ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir. Biz Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin bu il Azərbaycana səfəri zamanı keçirdiyimiz birgə mətbuat konfransında Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini açıq şəkildə bəyan etməsini yüksək qiymətləndiririk.
Avropa İttifaqının yeni qəbul edilmiş qlobal strategiyasında da dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və sərhədlərinin toxunulmazlığının təmin olunmasının Avropa düzəninin əsasını təşkil etdiyi vurğulanır və bu prinsiplərin Avropa İttifaqı daxilində və Avropa İttifaqının sərhədləri xaricində bütün dövlətlərə şamil olunduğu bildirilir”.