Fəaliyyəti 2012-ci ilin
dekabrında dayandırılmış və 2013-cü ilin ortalarında Rusiyadan
təhvil alınmış Qəbələ radiolokasiya stansiyası ("Daryal "RLS)
Azərbaycan Silahlı Qüvvələrinin balansından çıxarılıb.
"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə
Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası
Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və
şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən
düşməsi ilə əlaqədar Rusiyanın stansiyanın istismarının
dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim etdiyi 10
dekabr 2012-ci il tarixindən stansiyanın fəaliyyəti tam
dayandırılıb.
RLS-nın əmlakı və ərazisi Nazirlər Kabinetinin qərarı ilə
müvafiq qurumlara həvalə olunub.
"Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli sərəncamı ilə
RLS-in bağlanması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üzrə
Komissiyanın tərkibi müəyyən edilib və aidiyyəti dövlət orqanları
bu Komissiyanın işindən irəli gələn vəzifələrin həyata keçirilməsi
ilə bağlı məsələləri həll edib. Qəbələ RLS-in təhvil-təslimi üçün
yaradılmış dövlət komissiyası qarşıya qoyulan bütün məsələləri tam
başa çatdırıb. Keçmiş Qəbələ RLS-nın əmlakının və ərazisinin
gələcəkdə istifadəsi Nazirlər Kabinetinin qərarı ilə müvafiq
qurumlara həvalə olunub", - deyə məlumatda qeyd olunub.
Məlumata görə, Qəbələ RLS Müdafiə Nazirliyinin balansından
çıxarıldıqdan sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin
balansına verilib. Hazırda stansiyanın ərazisinin və qalan
əmlakının mühafizəsi mühafizə polisi tərəfindən həyata
keçirilir.
Stansiyanın ərazisində minatəmizləmə əməliyyatları, radioloji və
ekoloji monitorinqlər tamamlandıqdan sonra ərazinin gələcək taleyi
barədə qərar qəbul ediləcək.
Qeyd edək ki, Qəbələ RLS Azərbaycan müstəqilliyini elan etdikdən
sonra Rusiyanın istifadəsində olub.
"Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası
hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və
şərtləri haqqında Saziş" 2002-ci ildə imzalanıb. 1984-cü ildə
SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ
RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin
buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə
müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7
milyon dollar ödəyib.