Bu gün Azərbaycan Müdafiə Nazirliyində Rusiya
Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı
Valeriy Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma
mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
"Axar.az"a verilən məlumata görə, ordu generalı
V.Gerasimov fəxri qarovul dəstəsinin önündən keçib və hər iki
ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq
qonaq "Şərəf kitabı"nda ürək sözlərini qeyd edib.
Sonra Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı
Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul
edib.
Geniş tərkibdə keçirilən görüşdə general-polkovnik N.Sadıkov
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində
ərazilərimizin işğal olunması faktını, bunun nəticəsində doğma
ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi
köçkün soydaşlarımızın mövcudluğu problemini qonaqların diqqətinə
çatdırıb və zəbt olunan ərazilərin mütləq azad ediləcəyinə
əminliyini vurğulayıb.
İki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində
əməkdaşlıq və regional təhlükəsizlik məsələləri, o cümlədən aprelin
8-də Bakıda MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah
Rəisləri Komitəsinin növbəti iclasına hazırlıq məslələri müzakirə
edilib.
Sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir
Həsənov ordu generalı V.Gerasimovu qəbul edib.
Müdafiə naziri qonağı salamlayaraq iki ölkə arasında əməkdaşlığın
dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu
əlaqələrin daim inkişaf etdiyini qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional
sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq
normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini
vurğulayıb.
Ordu generalı V.Gerasimov da öz növbəsində dövlətlərimizin
əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını,
Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Sonra Azərbaycan-Rusiya hərbi əlaqələri, tərəfdaşlığın
perspektivləri və qarşılıqlı maraq doğuran digər regional məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda müdafiə naziri general-polkovnik Z.Həsənovun
əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində
göstərdiyi xidmətlərə görə Rusiya Federasiyası Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi ordu generalı V.Gerasimov Azərbaycan
Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı
ilə təltif olunub.
Görüşdə Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı
Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik N.Sadıkov,
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir
Doroxin də iştirak ediblər.