AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Məhərrəm Babayev tutduğu vəzifədən azad
edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında təsdiq
olunub.
Qeyd edək ki, M.Babayev vəzifəsindən öz xahişi ilə azad
olunub.
Digər bir qərarla institutun direktoru vəzifəsini aqrar elmlər
üzrə fəlsəfə doktoru Əmirah Məmmədov icra edəcək.
"Axar.az" "Modern.az"a
istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) institutları və elmi müəssisələrinin 18 direktoru vəzifəsinə
təsdiq edilib.
AMEA Rəyasət Heyəti akademiyanın bir sıra elmi-tədqiqat
institutu və ona bərabər statuslu elmi müəssisələrində direktor
seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. Bununla
bağlı AMEA-nın bölmələri üzrə ümumi yığıncaqlarda direktor
vəzifələrinə seçkilər keçirilib.
AMEA Rəyasət Heyətinin bugünkü iclasında seçkilərin nəticələri
nəzərə alınaraq AMEA institutları və elmi müəssisələrinin 18
direktoru vəzifəsinə təsdiq olunub.
Beləliklə, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə
akademik Telman Əliyev Kibernetika İnstitutunun, AMEA-nın müxbir
üzvü Adil Qəribov Radiasiya Problemləri İnstitutunun, AMEA-nın
müxbir üzvü Rasim Əliquliyev İnformasiya Texnologiyaları
İnstitutunun, AMEA-nın müxbir üzvü Əyyub Quliyev Şamaxı Astrofizika
Rəsədxanasının, fizika-riyaziyyat elmləri doktoru, professor Misir
Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun, fizika-riyaziyyat
elmləri doktoru Nazim Məmmədov Fizika İnstitutunun;
Yer Haqqında Elmlər Bölməsi üzrə akademik Akif Əlizadə Geologiya
İnstitutunun (qeyd edək ki, Akif Əlizadə həm də AMEA-nın
prezidentidir), AMEA-nın müxbir üzvü Ramiz Məmmədv Coğrafiya
İnstitutunun;
Humanitar və İctimai Elmlər Bölməsi üzrə akademik İsa Həbibbəyli
Ədəbiyyat İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev Dilçilik
İnstitutunun, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi
Muzeyinin, AMEA-nın müxbir üzvü Rafael Hüseynov Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin, AMEA-nın müxbir üzvü Teymur Kərimov
Əlyazmalar İnstitutunun, filologiya üzrə elmlər doktoru Gövhər
Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, fəlsəfə üzrə elmlər doktoru
İlham Məmmədzadə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun;
Biologiya və Tibb Elmləri Bölməsi üzrə akademik Məmməd Salmanov
Mikrobiologiya İnstitutunun, biologiya üzrə elmlər doktoru Ulduz
Həşimova Fiziologiya İnstitutunun direktoru vəzifəsinə təsdiq
olundular.
Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Zəkəriyyə Əlizadə
isə Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təsdiq
edildi.
Digər bir qərarla biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov
AMEA Şəki Regional Elmi Mərkəzinin direktor müavini, tarix üzrə
fəlsəfə doktoru Ramin Sadıqov isə Mərkəzin elmi katibi vəzifəsinə
təyin edildilər.