Müsbət Dəyişikliklər Hərəkatının təsisçisi Bəxtiyar
Hacıyev "Axar.az"ın suallarını cavablandırıb. Gənc fəal barəsində
açılmış cinayət işindən və aktrisa Mətanət Əhmədova ilə olan pul
qalmaqalından danışdı.
- Bəxtiyar bəy, Nurəddin Eres adlı Türkiyə vətəndaşının
şikayəti əsasında sizə cinayət işi açılıb. Niyə birinci siz polisə
müraciət etməmisiniz?
- Daxili İşlər Nazirliyinin rəsmi səhifəsi vasitəsi ilə
rəhbərliyə Nurəddin Eresin dələduzluq addımları ilə bağlı
müraciətlər etmişəm. Bu ilin fevral, mart, aprel aylarında da
dəfələrlə 102 xidmətinə, Səbayel Rayon Polis İdarəsinin 9-cu polis
bölməsinə, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə
müraciətlərim olub. Hər dəfə ondan sadə bir izahat alınıb. Eres
qeyd edib ki, cəmi bir neçə gün sonra borcları qaytaracaq. Amma
sonradan yenidən vətəndaşlardan gizlənib.
- Demək olar ki, hamı bu problemdən sizin polisə
çağırılmağınızdan sonra xəbər tutdu. Problemi niyə əvvəlcədən
ictimailəşdirmədiniz?
- Məsələni müxtəlif orqanlara müraciət edərək həll etmək
istəyirdim. Deyirdim ki, Eresin yeri müəyyənləşdirilsin, pulu qısa
zamanda geri qaytarsın. Çünki bu pul Eres barədə müsbət tövsiyəm
ilə başqa bir dostum tərəfindən verilmişdi. Ona ən qısa zamanda
qaytarılmalı idi. Sonradan onun ailəsi, yaxınları vasitəsi ilə
Nürəddinlə danışmaq istədim. Mən istəmirdim ki, məsələ
ictimailəşsin. İstəmirdim hamı onun və ona dəstək verən xanımı
Mətanət Əhmədovanın dələduzluğundan xəbərdar olsun. Düşünürdüm ki,
insanlar öz törətdikləri əməllərdən peşman olarlar, üzr istəyərlər.
Təsəvvür edə bilməzdim ki, bu işlərin arxasında dayanan aktrisa
Mətanət Əhmədova bütün abır-həya limitlərini keçib, öz əməllərindən
diqqəti yayındırmaq üçün məndən polisə şikayət edəcək.
Sonradan mənə məlum oldu ki, bu cütlük 20-dən çox Azərbaycan
vətəndaşına qarşı eyni "əməliyyat" vasitəsi ilə təzyiq ediblər.
Onlardan borc adı ilə pul alıblar, sonra gizləniblər. Onları
təxribata çəkiblər və sonradan borc aldıqları adamlarla bağlı
müxtəlif qurumlara şikayət etməklə hədələyiblər. Bəzi insanlar
onlara verdikləri pulları almaqdan imtina edib və geri çəkiliblər,
bəzilərini isə şərləməyə müvəffəq olublar.
Mənə bildirilib ki, Mətanət Əhmədovanın qurbanlarından biri
Aslan adında öz doğma əmisi oğludur. Mətanət Əhmədova ictimaiyyətə
vətənpərvərlik dərsi keçəndə şəhid əmisindən istifadə etməyə
çalışırdı. Amma əmisi oğluna qarşı da dələduzluq ediblər.
- Sizə cinayət işinin açılmasında başqa bir səbəb
görmürsünüz ki?
- Düşünmürəm ki, cinayət işinin açılması ictimai-siyasi
fəaliyyətimlə bağlıdır. Amma ictimai fəaliyyətim bu məsələdən bəzi
şəxslərin və onlara yaxın mətbuatın sui-istifadə etməsinə fürsət
verib. Həmin rəsmi şəxslər müxtəlif səbəblərə görə mənə
qarşı olan incikliklərini bu məsələdən istifadə edərək göstərməyə
çalışırlar.
Mən isə buna təbəssümlə yanaşıram. Çünki dövlətin əhəmiyyətli
vəzifələrində oturmuş şəxslərin belə yollarla öz əhəmiyyətlərini
mənə göstərmək istəməkləri çox da ciddi görünmür. Eyni zamanda, bu
məsələ hüquq-mühafizə orqanlarında və qanunlarımızda səhv
yanaşmaları da ictimailəşdirdi.
Birincisi, hüquq-mühafizə orqanlarımızda əcnəbi vətəndaşların
Azərbaycan vətəndaşlarına qarşı törətdikləri əməllərə bir
biganəlik, ehtiyatlılıq var. Hansı quruma müraciət etsək, kiminsə
Türkiyə vətəndaşı olması əsas gətirilərək, onunla həddindən artıq
ehtiyatlı, Azərbaycan vətəndaşları ilə isə sərt davranılır.
İkincisi, uzun illərdir ki, dələduzlar müxtəlif insanların
etibarından istifadə edərək onlara məxsus vəsaitləri mənimsəyirlər.
Sonradan dələduzların qurbanları olmuş insanlar ya bu pulları
itirdikləri ilə barışırlar, ya da məhkəmə hökmü ilə uzun illər
ərzində qaytarırlar.
Təsəvvür edin ki, Mətanət Əhmədova və Nürəddin Eres bir
Azərbaycan vətəndaşından 20 min manat alır. Məhkəmə isə hökm
çıxarır ki, Mətanət Əhmədova və əri həmin vətəndaşa ayda 100 manat
ödəməklə, borcunu qaytarsın.
Yəni 200 aya, 16 ilə borc geri qaytarılır. Bunu bilən dələduzlar
isə müxtəlif insanlardan borc adı ilə pul alırlar. Sonradan öz
adlarına mülk olmadığını, işləmədiklərini əsas gətirərək, pulu
qaytarmağa imkanları olmadığını deyirlər.
Üçüncüsü, hüquq-mühafizə orqanlarının vahid elektron məlumat
bazasının olmaması ilə bağlı problemdir. Məsələn, eyni şəxsin eyni
əməli ilə bağlı 10 vətəndaş müxtəlif rayonlarda yerləşən polis
şöbələrinə müraciətlər edir. Bütün şöbələrdə müraciətlər kağız
vərəqlər üzərində yazılmış ərizələr və izahatların olduğu
qovluqlarda saxlanılır. Heç kim yoxlaya bilmir ki, həmin vətəndaş
kimlərə qarşı nə vaxt eyni əməlləri törədiblər. Vətəndaşların
şikayətlərinin araşdırılmasını asanlaşdırmaq üçün hüquq-mühafizə
orqanları və onlara nəzarət edən şəxslər siyasətə ayırdıqları vaxt
qədər məlumat bazalarının elektronlaşmasına da vaxt ayırsalar, daha
səmərəli olar.
- Feysbuk səhifənizdəki statusda şərh kimi aktrisa
Mətanət Əhmədovaya yazdığınız özəl mesajların "skrinşot"larını da
yayımlamısınız. Çoxları bunun sizin əleyhinizə istifadə ediləcəyi
fikrindədir. Sizcə bu nə dərəcədə həqiqətə uyğundur?
- Həmin mesajları Mətanət Əhmədova da çap edərək, istintaqa
təhvil verib. Mən həmin mesajları ona görə yaydım ki, insanlar o
mesajlarda Mətanət Əhmədovanın təqdim etdiyi kimi hədə-qorxu,
təhqir olmadığını görsünlər. İctimaiyyət bilsin ki, mən kifayət
qədər yumşaq ifadələrlə Mətanət Əhmədovanı və həyat yoldaşını
vətəndaşlara qarşı dələduzluq etməklərini dayandırmağa, insanlara
olan borclarını qaytarmaq haqda düşünməyə çağırmışam.
- Aktrisa Mətanət Əhmədova bildirib ki, siz və
dostlarınız Nurəddin Eresi döymüsünüz. Bu kimi bir çox iddialar
irəli sürüb. Dediklərinin həqiqət olduğunu israrla bildirir. Bu
haqda nə deyə bilərsiniz?
- Yəqin ki, qısa zamanda hüquq-mühafizə orqanları bu məsələyə öz
rəyini bildirəcək. Ona qədər isə sadəcə onu deyə bilərəm ki,
Azərbaycanda bəzi insanların abırsızlıq və həyasızlıq limitinin
olmadığını gördüm.
- Müraciətinizin müsbət nəticələnməyəcəyi təqdirdə hansı
addımlar atmaq niyyətindəsiniz?
- Mən müraciətimin obyektiv araşdırılacağına və müsbət nəticə
verəcəyinə əminəm. Müsbət nəticə verməsə, deməli, kimlərsə "çıx,
get bu ölkədən" demək istəyir.