Türkiyədə səhmləri dövlətin nəzarətində olan "Halk
Bank"la bağlı böyük qalmaqal üzə çıxıb.
Məlumata görə, Azərbaycan əsilli yəhudi milyarder Telman
İsmayılovun Antalyada açdığı dəbdəbəli "Mardan Palace" otelinə görə
bu bankdan 62,5 milyon dollar kredit alaraq geri qaytarmayıb.
Xatırladaq ki, "Halk Bank" ötən il dekabrın 17-də Türkiyədə
keçirilən rüşvət və korrupsiya əməliyyatında əsas hədəf olub. Məlum
olmuşdu ki, İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab Türkiyə
hökumətinin bəzi nazirlərinin də yardımı ilə bu bank üzərindən
İrana aid on milyardlarla dolların qeyri-leqal transferini həyata
keçirib. Əməliyyat zamanı bankın rəhbəri Süleyman Arslan da
saxlanılmış və onun evində ayaqqabı qutularına doldurulmuş
milyonlarla dollar nağd pul aşkarlanmışdı.
İndi isə məlum olub ki, "Halk Bank" 5 il əvvəl dünyanın məşhur
ulduzlarının iştirakı ilə açılan "Mardan Palace" otelinin ehtiyacı
üçün onun sahibi Telman İsmayılova 62,5 milyon dollar kredit verib.
Lakin kreditin geri qaytarılmasında problem yaranıb və bank oteli
araşdırmağa başlayıb.
Məlum olub ki, otelin yerləşdiyi ərazinin bir hissəsi dövlətə
məxsusdur və bank geri qaytarılmayan kreditin əvəzində həmin
əraziyə iddia edə bilməz. Xəbərdə bildirilir ki, Telman İsmayılov
atasının adını daşıyan otelin dəbdəbəli açılışını 2009-cu ildə
Hollivud ulduzlarının iştirakı ilə həyata keçirəndən sonra kredit
üçün "Halk Bank"ın qapısını döyüb.
"Halk Bank" rəhbərliyi isə bu cür dəbdəbəli mərasimlə açılan
otelə kredit ayırmaq üçün əlavə zəmanət tələb etməyə ehtiyac
görməyib.
Lakin ötən ildən etibarən "Mardan Palace" kreditin geri
ödənilməsini ləngitməyə başlayıb. Bank rəhbərliyi isə durumdan
şübhələnərək "Mardan Palace" ilə bağlı hesabat hazırlanmasını
istəyib. 2013-cü ilin aprelində hazırlanan hesabata əsasən,
T.İsmayılov 1,4 milyard dollara başa gələn otelin inşası üçün başqa
türk banklarından da kredit alıb. Lakin bu kreditlərin məbləği
məlum deyil.
Həmçinin məlum olub ki, otelin yerləşdiyi ərazinin bir hissəsi -
914 kvadratmetrlik ərazi dövlətə məxsus olub və T.İsmayılov bu
ərazini sadəcə olaraq zəbt edib. Ərazi dövlətə məxsus olduğu üçün
bank ödənilməyən kreditə görə həmin ərazini ala bilməz.
O da məlum olub ki, "Mardan Palace"ın yerləşdiyi ərazinin bəzi
hissələrinin sənədləri də qaydasında deyil. Otelin yerləşdiyi
ərazinin 3 hektara yaxını Antalyanın Aksu bələdiyyəsinin
mülkiyyətidir. Həmçinin otelin inşasına dair icazənin yoxa çıxdığı
bəlli olub.
Beləliklə, müəyyən edilib ki, "Halk Bank" mülkiyyət və inşaat
sənədləri baxımından riskli olan oteli maliyyələşdirdiyi üzə çıxıb.
Bankdakı qaynaqlar "AST Telman"ın aldığı krediti hələ geri
qaytarmadığı və problemin davam etdiyini bildiriblər.
/Virtualaz.org/