"Axar.az" Prezident Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a verdiyi
müsahibəsini təqdim edir:
- Aprelin 24-də dünya erməniləri ötən əsrin əvvəllərində
Osmanlı İmperiyasında baş vermiş qondarma "erməni soyqırım"ının
99-cu ildönümünü qeyd ediblər. Çoxları hesab edir ki, ermənilər
yalan üzərində qurduqları bu təbliğat kampaniyasının miqyasını nə
qədər genişləndirsələr də, artıq əvəlki effekti ələ edə bilmirlər.
Siz bu haqda nə düşünürsünüz? Ümumiyyətlə, bu "soyqırım" iddiasının
kökləri haqda fikrinizi bilmək maraqlı olardı.
- Həqiqətən də, uzun illər boyu bu mifi dünyaya qəbul etdirməyə
çalışan Ermənistan rəhbərliyi və diasporu, bu il Birinci Dünya
Müharibəsi zamanı Osmanlı İmperiyasında baş vermiş hadisələrin
mahiyyətini və tarixi həqiqətlərin təhrifinə yönəlmiş kampaniyanı
gücləndirməyə çalışıb. Bu da onunla bağlıdır ki, gələn il dünya
erməniliyi bu qondarma "soqyırım"ın 100 illiyini qeyd etməyə
hazırlaşır və indiki kampaniyanı, bu "yubiley tədbirləri"nə
hazırlıq kimi də qiymətləndirmək olar. Amma bu məsələyə siyasi
maraqlar prizmasından deyil, obyektiv tarixi kontekstdən yanaşanlar
söhbətin genişmiqyaslı saxtakarlıqdan getdiyinə şübhə etmirlər.
Çünki tarixi faktlar və gerçəkliklər sübut edir ki, özlərini
"soyqırıma məruz qalmış xalq" kimi qələmə verən ermənilərin,
əslində özləri onilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı
kütləvi qətliamlar törədiblər. Bütün tarixi sənədlər sübut edir ki,
Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında yaşanmış
hadisələrin kökündə erməni xalqına qarşı soyqırım siyasəti deyil,
erməni əsilli vətəndaşların öz dövlətlərinə qarşı qaldırdıqları
silahlı üsyanın yatırılması dayanıb. Türkiyə ordusunun cəbhə
xəttində olmasından istifadə edən erməni quldur dəstələri yüzlərlə
türk kəndini viran qoyub, yüz minlərlə dinc əhalini - qoca, qadın
və uşaqları qətlə yetirib. Bu qətliamın qarşısını almaq üçün
Osmanlı dövləti cəbhə xəttinə yaxın ərazilərdə yaşayan, təxribat və
sabotaj yolu ilə türk ordusunun mövqelərini zəiflədən erməni
əhalisini imperiyanın digər ərazilərinə köçürüb. Xüsusi olaraq
xatırlatmaq istəyirəm ki, cəbhə bölgəsindən uzaqda yaşayan erməni
əhalisinə bu köçürülmə şamil edilməyib. Bu faktın özü, dövlət
səviyyəsində hansısa "soyqırım" törədildiyi haqda iddiaların
əsassız olduğunu sübut edir. Bu gün məhz tarixi həqiqətlərin üzə
çıxacağından ehtiyat etdiyi üçün dünya erməniliyi Türkiyənin
arxivlərin açılması və birgə tarixi tədqiqatların aparılmasına dair
təklifini rədd edir.
Bütün bunlara baxmayaraq, bu gün mifik deyil, real soyqırımın
kimlər tərəfindən törədildiyinə, həm Osmanlı İmperiyasında, həm də
Azərbaycanda əsl soyqırıma türk və azərbaycanlı əhalinin məruz
qaldığına dair həqiqətləri ört-basdır etmək mümkün deyil.
- Belə demək mümkündürmü ki, Azərbaycanın müstəqillik
qazanması və güclənməsi ilə erməni diasporu və lobbisinin on
illiklər boyu tarixi saxtalaşdırmağa yönəlmiş siyasəti zəifləyib və
iflasa uğrayıb?
- Bəli, tamamilə doğrudur. Uzun illər Türkiyə bu saxtalaşdırma
siyasətinə qarşı təkbaşına müqavimət göstərməli olub. Lakin bu
müqaviməti effektli qura bilməyiblər. Bu, ilk növbədə, Türkiyənin
xaricdə mütəşəkkil və siyasi proseslərə ciddi təsir göstərmək
gücündə olan diasporunun yoxluğu, ermənilərin isə əksinə, diaspora
quruculuğuna prioritet sahə kimi yanaşması ilə bağlı olub. Bundan
başqa, Türkiyənin özündə də ermənilərin yalan üzərində qurulmuş
təbliğatına ciddi əhəmiyyət verilməyib. Bu gün isə Türkiyə
rəhbərliyi bu problemə artıq tamamilə fərqli mövqedən yanaşır,
bunun verə biləcəyi fəsadları dərindən təhlil edir və lazımi
addımlar atır. Digər tərəfdənsə, bu gün Türkiyə artıq meydanda tək
deyil. Regionda mövqelərini kifayət qədər möhkəmləndirmiş, aktiv
xarici siyasət yürüdən, xaricdə mütəşəkkil diaspora təşkilatları
ilə proseslərə aktiv təsir göstərmək iqtidarında olan Azərbaycan
kimi müttəfiqi var. Bilirsiniz ki, bir neçə il əvvəl Fransa
parlamentində qəbul edilmiş "soyqırımın" danılmasını
kriminallaşdıran qanunun sonradan qüvvəsini itirməsində Azərbaycan
həm rəsmi şəkildə, həm də bu ölkədəki diaspora təşkillatlarının
köməyi ilə çox mühüm rol oynadı.
Bu bir daha göstərdi ki, Azərbaycanla Türkiyənin bu istiqamətdə
yekdil siyasəti real nəticələr verir.
- Əsl soyqırımı türklərin ermənilərə qarşı deyil,
ermənilərin türklər və azərbaycanlılra qarşı törətdiyini nəzərə
alsaq, bu gün Azərbaycan dövləti bu tarixi həqiqətlərin üzə çıxması
üçün hansa real addımlar atır?
- Məhz Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi
siyasətin nəticəsidir ki, bu gün artıq hadisələrin real inkişafı
haqda dünyada müəyyən təsəvvür formalaşır. Bu faktdır ki, tarixən
azərbaycanlıların yaşadığı əraziləri qəsb etmək məqsədi güdən
ermənilərin artıq 2 əsrdir həyata keçirdikləri düşünülmüş soyqırım
nəticəsində minlərlə yaşayış məntəqəmiz yerlə-yeksan edilib, yüz
minlərlə soydaşımız xüsusi qəddarlıqla öldürülüb. 1905-1906 və
1918-1920-ci illərdə Bakı, Gəncə, Şuşa, Cəbrayıl, Şamaxı, Quba,
Qarabağ, Naxçıvan və digər bölgələrdə yüzlərlə azərbaycanlı kəndi
yer üzündən silinib, on minlərlə dinc sakin öldürülüb, mədəniyyət
abidələri məhv edilib.
Bu soyqırım siyasəti XX əsrin ortalarında da davam edib, ancaq
bir qədər fərqli şəkildə - kütləvi deportasiya formasında.
1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan on minlərlə
azərbaycanlı öz doğma torpaqlarından kütləvi şəkildə köçürülüb.
Təəssüf ki, ermənilərin XX əsrin əvvəllərindən mərhələli şəkildə apardığı ardıcıl etnik
təmizləmə və soyqırımı siyasəti bu gün də davam edir. Soyqırımın
1988-ci ildən başlayan mərhələsində Azərbaycan ərazilərinin 20
faizi işğal edilib, 1 milyon insan doğma yurd-yuvalarından qovulub,
on minlərlə azərbaycanlı qətlə yetirilib. 1992-ci il fevralın 26-da
isə Xocalıda XX əsrin ən dəhşətli qətliamlarından biri törədilib:
yerlə-yeksan edilmiş yaşayış məntəqəsində 613 dinc sakin xüsusi
qəddarlıqla məhv edilib.
Uzun illər boyu biz bu acı həqiqətləri dünyaya çatdırmaqda
çətinlik çəkmişik. Amma Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə gəlişindən sonra Azərbaycan informasiya blokadasını
yarmağı bacardı və bu gün biz artıq öz səsimizi bütün dünyaya
çatdırmaq gücündəyik. Prezident Heydər Əliyevin 1998-ci il martın
26-da imzaladığı Fərmanla, hər il martın 31-i Azərbaycan
Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı
günü kimi qeyd edilir. Bu gün Azərbaycan diplomatik istiqamətdə
cənab Prezident İlham Əliyevin irəli sürdüyü konsepsiya əsasında
hücum taktikasını seçərək, həm 1915-ci ildə Osmanlı İmperiyasında
baş verən hadisələr, həm də azərbaycanlılara qarşı 2 əsrdir davam
edən və bəşəriyyət əleyhinə cinayət sayıla biləcək qətliamlar haqda
həqiqətləri dünya birliyinə çatdırmaq üçün düşünülmüş və ardıcıl
siyasət aparır.
- Bu istiqamətdə atılan addımların daha da effektli
olması üçün nə etmək lazımdır?
- Artıq qeyd etdiyim kimi, Azərbaycan bu istiqamətdə həm rəsmi,
həm də qeyri-rəsmi şəkildə effektli addımlar atmaqda davam edir,
həm ölkə daxilində, həm da xaricdə ermənilərin yalan üzərində
qurulmiş təbliğatının ifşa olunması, tarixi saxtalaşdırmaların
qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülür. Bu işdə
Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun, xüsusən Fondun
vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya
ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin ciddi
effekt verdiyinı diqqətə çatdırmaq istəyirəm. Bundan başqa xarici
ölkələrdəki diaspor təşkilatları, xaricdə təhsil alan azərbaycanlı
tələbələr də bu işdə yaxından iştirak edirlər. Bu koordinasiyalı
fəaliyyət nəticəsində azərbaycanlıların soyqırımına həsr olunmuş
etiraz aksiyaları, anım məraismləri, beynəlxalq konfranslar,
sərgilər və digər tədbirlər təşkil edilir. Yalnız bir faktı qeyd
etmək kifayətdir ki, 5 ildə Xocalı soyqırımı ilə bağlı dünyanın
50-yə yaxın ölkəsində 1000-dən artıq tədbir keçirilib. Artıq
dünyanın 7 ölkəsi, ABŞ-ın 10-dan artıq ştatı Xocalıda törədilmiş
qətliamı soyqırım kimi tanıyıb.
Bir sözlə, bu sahədə görülən işlərin real nəticələri, əldə
olunan uğurlar göz qabağındadır. Amma etiraf etmək lazımdır ki,
erməni diasporu və lobbisinin təsiri altında olan bir çox ölkələr
hələ də tarixi faktlara, reallığa və həqiqətə göz yummaqdan, tarixi
saxtakarlığı isə həqiqət kimi qəbul etməkdən çəkinmirlər. Odur ki,
Azərbaycan bundan sonra da bu istiqamətdə fəal və qətiyyətli mövqe
nümayiş etdirərəcək, biz Ermənistanın və erməni lobbisinin iftira
üzərində qurulmuş qərəzli təbliğatını zərərsizləşdirmək üçün hücum
taktikasını davam etdirəcəyik. Çünki biz əminik ki, vandalizm,
terror və soyqırım siyasətinə beynəlxalq səviyyədə hüquqi-siyasi
qiymətin verilməsi yalnız Azərbaycanın deyil, ümumilikdə
bəşəriyyətin gələcəkdə bir daha bu cür faciələr yaşamaması üçün
böyük əhəmiyyət daşıyır.