Yuxarı

Rəis Rəsulzadə: “Babam Stalini ölümün caynağından almışdı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından nə az, nə çox, düz 94 il ötür. Bu tarix müstəqil Azərbaycanın banisi olan M.Ə.Rəsulzadənin adı ilə sıx bağlıdır.

Belə bir gündə ulu öndərin oğul nəvəsi ilə müsahibənin tam yerinə düşəcəyini düşündük. Onunla həm dövlətimizin banisi haqda, həm də öz həyatı ilə bağlı söhbət etdik.

- Rəis bəy, ilk sualım rəssamlıq sənəti ilə bağlı olacaq. Bu həvəs sizdə necə oldu yarandı?

- Bu məndə sadəcə xəstəlikdir. Bunu hələ uşaqlıqdan hiss etmişəm. Sanki bir tilsim kimidir bu. Ola bilərdi ki, mən tam başqa sahədə fəaliyyət göstərə bilərdim. Buna mənim potensialım da olub. Amma bu tilsimdən çıxmaq istəməmişəm. Hər zaman məni ən irəliyə çəkib, deyirdilər ki, ən başda sən olmalısan. Amma mən hər zaman özümü kölgəyə çəkirdim. Heç vaxt göz önündə olmağı sevməmişəm. Hərdən buna görə məni qınayırlar da. Sənətimə gələndə isə, mən tabloları işləyərkən ondan gələn mənfəət haqqında heç vaxt düşünmürəm. Bu, sənətdir. Kimsə buna düzgün qiymət verməyə bilər, amma sən öz qiymətini bilməlisən.

- Bəs həyat tərziniz?

- Fəaliyyətimdə daim aktivəm. Bildiyiniz kimi, Əməkdar rəssamam. 2001-ci ildən Fəxri Prezident təqaüdçüsüyəm. Dünya Azərbaycanlıları Konqresinin və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentiyəm. Beynəlxalq Rəssamlar Konfederasiyasının üzvüyəm. Bununla yanaşı olduqca sadəliyi sevən insanam. Xəzər Universitetinin nəzdində Beynəlxalq elmi şüranın üzvüyəm. Tələbələrimin əksəriyyəti bu gün əməkdar, dünya şöhrətli rəssamlardır. Eyni zamanda mən əsasən yaradıcılıqla məşğul oluram. Hər zaman tablolarımda Azərbaycanla bağlı çalarlar əlavə edirəm.

Ölkədə Azər adı ilk dəfə mənim atama qoyulub

- Gəlin, bir az M.Ə.Rəsulzadə haqqında bildiklərinizdən danışaq. Əminəm ki, oxucularımız üçün bu çox maraqlı olacaq.

- O vaxt 27-28 aprel məsələləri zamanı M.Ə.Rəsulzadə gizlənməyə məcbur idi. Hamıya məlumdur ki, onu həbs etmişdilər. M.Ə.Rəsulzadənin köhnə dostu olan Stalin həbs barədə eşidər-eşitməz onu özü ilə aparır. Çünki onun potensialından xəbərdar idi. Eyni zamanda babam onu bir neçə dəfə ölümün caynağından almışdı. Görünür, o da buna görə ondan əvəzini çıxırmış. M.Ə.Rəsulzadə Stalinlə getməzdən əvvəl ailəsini də özü ilə birgə aparmaq istədi, amma buna nənəmin atası mövcud şəraitlərə görə icazə vermədi.

Atam həmişə danışırdı ki, babam iki aylıq oğlunu (atamı) qucağına ilk dəfə alıb, onun adını soruşanda nənəm ona Əliheydər olduğunu söyləyib. M.Ə.Rəsulzadə isə, "yox, sənin adın Azərdir", - deyib, üç dəfə bu adı təkrarlayıb və sonda ona bu adı verib. Bəlkə də bunu çoxları bilmir, amma Azər adı ilk dəfə mənim atama qoyulub. O vaxta qədər bizdə bu addan istifadə etmirdilər.

Şərt təkcə partiya qurmaqdan ibarət deyil

- Müsahibələrinizdən birində demişiniz ki, siyasətdən kənardan durmağa çalışırsınız. M.Ə.Rəsulzadə qədər siyasətə yaxın olan bir şəxsiyyətin nəvəsini siyasətdən uzaq salan səbəblər hansılardır?

- Bilirsiniz, siyasət elə bir şeydir ki, sən ondan uzaq dursan, o özü sənə yaxınlaşacaq. Siyasət mədəniyyətin ən yüksək nöqtəsidir. Mədəniyyətin inkişaf etdiyi ölkələrdə siyasət daim irəlidə olur. O da asılıdır ictimai şüurun səviyyəsinin hansı mərhələdə inkişaf etməsindən. Mən 30 ildən artıqdır burada fəaliyyət göstərirəm. Neçə-neçə tələbələr yetişdirmişəm. Pedoqoq olaraq, rəssam olaraq beynəlxalq sərgilərdə tez-tez çıxış edib, ölkənin mövqeyindən, ideologiyasından danışmışam. Bu özü də bir növ siyasətdir. Şərt təkcə partiya qurub, fəaliyyət göstərməkdən ibarət deyil.

AzTV haqqımda süjet hazırladı, efirə icazə vermədilər

- Bir dəfə AzTV-nin müxbiri haqqımda geniş süjet hazırladı. Üstündən bir neçə müddət keçəndən sonra müxbir mənə zəng edib bildirdi ki, Rəis bəy, üzrlü hesab edin, amma efirə getməsinə icazə vermədilər. Sonra o müxbirin işindən istefa verdiyini eşitdim. Sonra da mənim siyasətdən niyə uzaq durduğumu soruşursunuz. Hələ mən siyasətdən uzağam, mənimlə bağlı süjetin efirdə getməsinə icazə vermirlər. Gör hələ siyasətə yaxın olsam, nələr olar, dəmir barmaqlıqlar arasında olaram. (Gülür)

- Sizcə, efirə getməməsinin əsas səbəbi nə ola bilər?

- Mən də anlamıram ki, nəyə görə efirə vermirlər. Axı buna səbəb nə ola bilər? Burada qeyri-adi nə var axı, bunu anlaya bilmirəm.

Bizim üçün Rusiya təhlükəsi daha böyükdür

- Bir az mövzunu dəyişmək istəyərdim. Son zamanlar bütün dünyanın gündəmi Ukraynada baş verən hadisələr fonunda cərəyan edir. Hətta bəzi politoloqlar Azərbaycanın da bənzər təhlükə ilə üz-üzə olduğunu deyirlər. Bəs sizcə?

- Ukrayna nədir, ruslar hələ Qazaxıstanı da özlərinə birləşdirmək istəyirdilər. Bu da o deməkdir ki, Rusiyanın iştahası böyükdür. Təbii ki, hər an hər şey baş verə bilər. Ukraynanın 56 milyon, bizimsə 9 milyonluq əhalimiz var. Bu isə o deməkdir ki, bizim üçün təhlükə daha böyükdür. Buna görə də biz hər zaman ayıq sayıq olmalıyıq.

Özüm üçün yalançı tribuna düzəldirdim

- Qayıdaq əməkdar rəssam Rəis Rəsulzadəyə. Gənclik illərinizdə M.Ə.Rəsulzadənin nəvəsi olmaq digər gənclərlə sizin aranızda nə kimi fərqlər yaradırdı?

- Gənc yaşlarında hətta orta məktəbdə oxuyan zaman idmanla məşğul olurdum. Təhsilimi güclü inkişaf etdirirdim. Çox sahələrə maraq göstərirdim. Hətta şahmat üzrə çempion idim. Bir oyuna 10 nəfərə qalib gəlirdim. 10-cu sinifdə oxuyarkən yay tətillərində beton zavodunda beton qarışdıran işləyirdim, həm də ardıcıl olaraq dörd növbə. Mənim üçün "boş qalmaq olmaz" prinsipi var idi. Hərdən düşünürəm ki, mən bu qədər işi bir anda necə çatdırırdım? (Gülür) Beton zavodunda işləyəndə özüm üçün yalançı tribuna düzəldib, çıxışlar edirdim... (Gülür) Hərdən iş yoldaşlarım deyirdi ki, bu uşaq danışır, biz də oturub buna qulaq asırıq...

Məni partiyalara cəlb etməyə çalışırdılar

- Mən xalq qarşısında bu böyük məsulliyəti hiss edib, o ada hər hansı bir xələl gəlməməsi üçün xoşagəlməz təkliflərdən uzaq durmağa çalışmışam. Elə olub ki, məni müəyyən partiyalara cəlb etməyə çalışıblar. Mən isə uzaq dururdum və indi də uzağam. Elə amillər var ki, onda böyük məsuliyyətlər cəmlənib.

Hacıbala Abutalıbov dedi ki...

- M.Ə.Rəsulzadəyə aid olan evin qaytarılması, ona aid ev muzeyi, büst, heykəl və.s tarixi abidələrin yaradılması, həmçinin məzarının ölkəyə gətirilməsi barədə nə deyə bilərsiniz?

- Dörd otaqlı evin iki otağını atama sərəncamla verdilər. Yanmış, tavanı sıradan çıxmış evi təmir etmələrini istədim, ancaq hələ heç nə yoxdur. Mən müəllim adamam. Nə maaşımız olur ki, nə də təmir edim axı... Sonradan eşitdim ki, orada məcburi köçkünlər məskunlaşıb. Hazırda isə ora lövhə vurub, üzərinə yazıblar ki, burada hansısa ərəb şirkətinin nəzdində olaraq treninqlər keçirilir. Hacıbala Abutalıbov dedi ki: "Oranı ya alıb, ya da ki, satıblar. Nəvəsinin xəbəri yoxdur". Necə yəni nəvəsinin xəbəri yoxdur?! Hansı ki, bütün sənədlər məndədir. Ora nə alınıb, nə də ki, satılıb.

Pal-paltar muzeyi də yaradırlar, amma...

- Bilirsiniz, bu ev, büst, heykəl məsələsi təkcə mənə aid məsələ deyil. Artıq 20 ildir ki, müstəqil Azərbaycan dövlətimiz AXC-nin varisi kimi inkişaf edir. Məncə, bu barədə danışmaq artıq lazım deyil. Vaxtı ilə Heydər Əliyev də bu barədə göstəriş vermişdi. Mən ümid edirəm ki, tezliklə bütün məsələlər öz həllini tapar. Qaydalara görə dövləti yaradanın bir nişanəsi olmalıdır. Onun harada necə, hansı şəraitdə yaşaması əlbəttə ki, öz əksini tapmalıdır. Yeganə reallıq budur ki, çörək muzeyi, pal-paltar muzeyi də yaradırlar, amma...

Rəsulzadənin heykəli ucaldılmalıdır

- O, BDU-nin təməlini qoyub. Ən başlıcası, onun ədəbi irsini qorumaq lazımdır. Bunu məktəblərdə, universitetlərdə tətbiq etmək lazımdır. Gərək bu mövzuda geniş təbliğat aparılsın. Yalnız bütün bu məsələlər həll olunandan sonra M.Ə.Rəsulzadənin məzarı ölkəyə gətirilə bilər.

Tarix nə qədər dərin olsa, bir o qədər şərəflidir. Bu gün Rusiya Akademiyasının alimi M.Ə.Rəsulzadənin rolundan yazır, amma biz nə alveri edirik, heç özümüz də bilmirik, qalmışıq kənarda.

Nazirlərdən biri dedi ki...

- Müsahibələrinizdən birində demişiniz ki, məzarın Bakıya gətirilməsi ilə bağlı rəsmi qurumlara müraciət etməyəcəksiniz. Buna səbəb nədir?

- Yox, bu mövzu heç vaxt gündəmdə olmayıb. Müraciətə gəlincə, mən heç vaxt müraciət etmək fikrində olmamışam. Axı mən nəyə görə müraciət etməliyəm ki? Bu məgər tək mənim öhdəliyimə düşən bir məsələdir? Onun 110 illiyi keçiriləndə dəvətnamələr gecikdirilmişdi. Mən də varis olaraq maraqlanırdım. Onda nazirdən biri dedi ki: "Sizi bu mövzular niyə narahat edirki? Həll olunacaq da". Bilirsiniz, bu mövzuya bu cür laqeyd yanaşmaq xalqın problemidir. Əgər dövlət məmurlarından biri bu cür reaksiya verirsə, mən nə edə bilərəm. M.Ə.Rəsulzadə tək mənim babam deyil, o həm də sizin babanızdır. Gərək ictimaiyyət özü bu mövzuya diqqət göstərsin.

- M.Ə.Rəsulzadənin nəvəsi olaraq küçədə gəzərkən insanlardan gördüyünüz maraq, diqqət necədir? Heç tanımayanlar olubmu?

- Bu yaxınlarda qonaq gedirdim, uşaqlara hədiyə almaq lazım idi. Satıcı məni tanıdı. Dedi ki, mən sizi tanıyıram, siz M.Ə.Rəsulzadənin nəvəsi olmalısınız və oyuncaqlardan istədiyim birini seçməyimi xahiş etdi. Bu cür hadisələr tez –tez baş verir.

Nə az, nə çox, 27 ilin avtomobilini sürürəm. Artıq onları da yığışdırırlar. (Gülür) Bir dəfə yol patrul xidmətinin əməkdaşı məni saxlayıb dedi ki, Rəis bəy, bu maşın sizə layiq deyil, bunu dəyişin. (Gülür)

Hələ bir də dəfə metroda maraqlı əhvalat baş vermişdi. Valideynlərdən biri övladına məni göstərib, kim olduğumu dedi. Uşaq isə dedi ki: "Ola bilməz, M.Ə.Rəsulzadənin nəvəsi metro ilə getməz". (Gülür)

Gərək həyatın tempinə uyğunlaşasan

- Bildiyim qədəri ilə hazırda müəyyən maddi sıxıntılarınız var. Bu gün müstəqil Azərbaycan Respublikasının banisi olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsinin maddi sıxıntılar içində yaşamağı nə dərəcədə doğrudur?

- M.Ə.Rəsulzadənin nəvəsi olmaq təbii ki, böyük şərəfdir. Buna görə qürur hissi duyuram. Eyni zamanda bu, böyük məsuliyyətdir. Hər an bu məsuliyyəti üzərimdə hiss edirəm. Bu o demək deyil ki, mən çərçivədəyəm, sərbəst hərəkət etmirəm. Sadəcə, bu böyük məsuliyyətin fərqindəyəm. Maddi sıxıntılara gəlincə, bunun nə dərəcədə doğru olub-olmayacağı barədə bir söz deyə bilməyəcəm.

Mənə imtiyazlar tanıyırlar, amma mən…

- Rəsmi insanlar M.Ə.Rəsulzadənin nəvəsinə hansısa imtiyazlar veribmi?

- Bəli, müəyyən imtiyazları tanıyırlar, amma mən heç vaxt bundan istifadə etməmişəm və etmirəm də. Hərdən mənə deyirlər ki, sənin imkanların böyükdür, amma sən bunlardan istifadə etmirsən. Mən isə onlara anlatmağa çalışıram ki, mən heç vaxt bundan sui-istifadə etmərəm.

Rəis bəy, müsahibəyə əlavə etmək istədiyiniz nələrsə varsa, buyura bilərsiniz.

- Son olaraq onu demək istəyirəm ki, M.Ə.Rəsulzadənin qeyri-qanuni olaraq alındığı evlərindən heç olmasa biri geri qaytarılsın ki, haqq-ədalət bərqərar olunsun. Bu gün nə qədər mənzillər tikilir, hətta xaricdən gələn insanlara da biz mənzillər ayıra bilirik, amma bu məsələni həll edə bilmirik. Hansı ki, bunun çox sadə bir yolu var. Mövcud imkanlar da var, sadəcə, bir sərəncam lazımdır. Rəsulzadə sadə bir adam deyil, onunla bağlı problemləri başqalarının problemləri ilə bir tutmaq olmaz.

Müsahibənin sonunda Əməkdar rəssamın həmkarları və tələbələri ilə də qısaca söhbətimiz oldu. Onlar sanki Rəis bəy haqqında dünyanın ən gözəl sözlərini demək üçün yarış keçirirdilər.

Aslan Həşimov (müəllim və keçmiş tələbə yoldaşı):

"Mən Rəis müəllim haqqında çox söz deyə bilərəm. Onunla bizim tanışlığımız 1972-ci ilə təsadüf edir. Tələbə yoldaşı olmuşuq. Onun təmizliyi, sadəliyi mənə hər zaman doğma gəlib. Hələ onda bir dənə də olsa şərə-şur işlərə rast gəlməmişəm. Bəlkə də bu gendən gələn xarakterdir. Olduqca oxumuş, savadlı insandır. Bilirsiniz, universitet, kollec qurtarmaq oxumuş olmaq demək deyil. O, həqiqətən də hər şeydən xəbərdardır. Üstəlik, gözəl rəssam, Prezident təqaüdçüsü. Mən onun haqqında ancaq yaxşı sözlər deyə bilərəm. O böyük ziyalıdır, həm də böyük hərflərlə yazılan ziyalı.

Fərahim Zeynalov (Kafedra müdiri):

"Rəis müəllim bizim kafedranın ən sayılıb-seçilən müəllimlərindəndir. O, kafedramızın əvəzolunmaz dossentidir. Onun əmək fəaliyyəti, müəllim bacarığı, təvəzökarlığı xüsusi qiymətləndirilir. Bütün müəllimlərdən öz səviyyəsi, elmi ilə irəlidə gedə bilir. Biz fəxr edirik ki, bizim kafedramızın bu cür müəllimi var. İstər xasiyyəti, istər tərbiyyəsi, istərsə də elmi bütünlüklə ziyalı insan, ziyalı müəllim adını əhatə edir. Onun haqqında çox qiymətli sözlər demək olar…"

Səkinə Həsrətova (tələbəsi):

"O, ürəyimin dərinliklərində olan ən dəyərli müəllim, çox mədəni insandır. Onun dünyası tamamilə başqadır. Çox istəyərdim onunla heç olmasa bir gün şəhəri gəzim. Mənə bildiklərini, gördüklərini öyrətsin".

Xatirə Əzizova (tələbəsi):

"O, tanıdığım, bildiyim müəllimlərin içində həqiqətən də çox mədəni olan bir şəxsiyyətdir. Onunla vaxt keçirmək, onu müşahidə etmək olduqca maraqlıdır".

Tarix
2014.04.28 / 09:55
Müəllif
Fatimə İbrahim
Digər xəbərlər

ABŞ-ın Zəngəzur planı - İrəvandan rəsmi cavab

Səfərov və Lalayev apellyasiya şikayəti verdi

Ekstrasensdən sevindirici proqnoz: 2027-ci ildə…

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Azərbaycanla dostlaşmağın yolu... - Rusiyalı senator

Bakı-Moskva münasibətlərini bu ölkə korladı – Özər

Əliyev və Paşinyan Dubayda görüşə bilər

Qırğızıstan prezidenti Moskvadan Azərbaycana yola düşdü

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla