"Şahin Sultanovun həyat yoldaşının müraciəti qaş
düzəltmək əvəzinə göz çıxartmaq təəssüratı yaradır. Şahin
Sultanovun fəaliyyəti ilə bağlı onun həyat yoldaşı ən xırda
detallarına qədər niyə bilməlidir?"
Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov
deyib. O, Şahin Sultanovun həyat yoldaşının çıxışının
vitse-admiralın əleyhinə işlədiyini bildirib:
"Onun müraciətdə yazdığı fikirlər vitse-admiralın ziyanına
işləyə bilər. Məsələn, istintaq altında olan adama bizim
Penitensiar Xidmət necə görüş verir? Bir sözlə, onun həyat
yoldaşının Prezidentə müraciəti ortaya xeyli əlavə suallar
çıxardır. Bu suallar da Şahin Sultanovun ziyanına işləyə
bilər".
Hərbi ekspert hələ vitse-admiralın gələcək taleyi ilə bağlı
dəqiq fikir söyləməyin tez olduğunu qeyd edib:
"Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə bağlı onun
yoldaşı açıqlayır ki, biz bunları rus generalları, admirallarına
göstərəndə onlar burada 1965-ci ilin gəmilərini saxlayıb
getdiklərini və Azərbaycanın bunun öhdəsindən necə gələ biləcəyini
fikirləşdiklərini deyirdilər. Əslinə qalsa, o tip açıqlamalar
göstərir ki, Azərbaycan 1965-ci ilin gəmilərinin öhdəsinə qalıb.
Amma orada yeni katerlər var və xeyli modernləşdirmə həyata
keçirilib. Yenə deyirəm, hələ istintaq gedir. Ola bilsin ki,
istintaqın sonunda Şahin Sultanov azadlığa da buraxılsın. Həyatdır
da. Onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilibsə, bu, onun
tam həbs edilməsi demək deyil. Hər şey ola bilər. Bu aylar ərzində
bəlkə ortaya elə faktlar, arqumentlər çıxa bilər ki, bu adamla
bağlı olmayan məsələlər olsun".
Ü.Cəfərov Şahin Sultanovun həyat yoldaşının açıqlamasının ortaya
çox suallar çıxardığını deyib:
"Əvvəl vəkilinin, sonra isə həyat yoldaşının ehtiyatsız
açıqlamalarına diqqət edin. Onun həyat yoldaşı Etibar Pirverdiyevlə
niyə danışmalıdır? "Azərenerji"nin rəhbərinin vitse-admiralın həbsi
ilə nə əlaqəsi var? Bu xanım Etibar Pirverdiyevə narahat olduğuna
görə zəng edir. Etibar Pirverdiyev isə deyir ki, ürəyinizi buz kimi
saxlayın. Admiralın həbsinə görə "Azərenerji" sədrinə niyə zəng
olunmalıdır? Məntiq deyilən anlayış var. Ümumiyyətlə, İradə
Sultanova kobud səhvlərə yol verib. İstintaq altında olan şəxsə
onun oğluyla görüşməsinə necə icazə verilir? Onunla yalnız
hüquqlarını müdafiə edən vəkil görüşə bilər. Bir sözlə, bu müraciət
çox uğursuz bir şey oldu. Bu fikri ortalığa atan şəxs Şahin
Sultanova daha çox zərbə vurdu".
Xatırladaq ki, Şahin Sultanov bir müddət öncə istintaqa cəlb
edilib və həyat yoldaşı İradə Sultanova Prezidentə müraciət
edib.