Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru
Telman Əliyev öz işçilərindən qanunsuz pul toplayır.
"Axar.az"ın adını çəkilməsini istəməyən etibarlı mənbədən aldığı
məlumata görə, akademik bunu tabeliyində olan şəxslərdən məcburi
şəkildə tələb edir.
Mənbə bildirir ki, Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində
yaradılmış Elm Fondu ölkədə müxtəlif istiqamətlərin inkişafı üçün
öz hesabından xüsusi qrantlar ayırır. Bu il elan edilmiş tenderdən
36 layihə keçib. Kibernetika İnstitutundan isə 7 layihə qalib elan
olunub. İnstututa 7 layihə üçün ayrılmış ümumi məbləğ 625 min
AZN-dir.
Rüşvət necə toplanır?
Qaynağın sözlərinə görə, direktor layihə iştirakçılarının hər
birini otağına çağıraraq aldıqları qrantdan Həmkarlar İttifaqı üçün
5% verilməsini tələb edib.
Xatırladaq ki, alınan vəsaitdən vergi (işəgötürən 22 %, işçi 14
%), sosial sığorta (3 %) və s. ödənişlər olur. Direktor ümumi
məbləğin 5 faizini istəyir.
Bütün vergilər sonra isə işçilərin ələ aldıqları maaşdan 25%-nin
fonda verilməsini istəyir. Qaynaq bildirir ki, ümumiyyətlə, bu fond
nədir və nəyə xidmət edir, bu haqda ümumiyyətlə heç nə
deyilmir.
Məlumata görə, direktor "virtual fondu" belə təsvir edib: "Bu
fondu özüm idarə edəcəm, necə bilirəmsə, elə də xərcləyəcəyəm".
Direktor təkzib edir
Məsələ ilə əlaqədar AMEA Kibernetika İnstitutun direktoru ilə
əlaqə saxladıq. Direktor tabeliyində olan orqanın 7 layihə udduğunu
təsdiqləsə də, pul yığma faktını təkzib elədi:
"Bu, səhv məlumatdır. Kim bu məlumatı sizə veribsə, yalnız işə
ziyan vurmaq istəyir".
Fond məsələsinə gəlincə isə akademik, ümumiyyətlə, belə bir
fondun mövcud olmadığını bildirdi.
Neft Şirkəti vaxt istədi
Donor təşkilat - Dövlət Neft Şirkəti ilə əlaqə saxlayıb,
maliyələşdirdiyi layihələrlə bağlı korrupsiya iddialarına münasibət
öyrənmək istədik.
ARDNŞ-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
bildirdilər ki, suallara yalnız rəsmi sorğu ilə cavab verə
bilərlər. Rəsmi sorğu ünvanladıqdan sonra isə xidmətdən bu
məsələnin bir həftə müddətində araşdırılaraq cavablanacağını vəd
etdi.
Kibernetika İnstitutunun udduğu layihələr
- Neft-qazlı layların mürəkkəbləşmiş şəraitdə istismarı zamanı
fraktal xarakteristikaların təyini üçün yeni riyazi modellərin
işlənməsi - 55 000 AZN
- Magistral neft qaz kəmərlərində və neft-qaz
müəssisələrində istifadə olunan kompressor qurğuları üçün qəzaların
gizli dövrünün
intellektual monitorinq sisteminin yaradılması – 90 000 AZN
- Ştanqlı, dərinlik nasoslu neft quyularının
intellektual qüvvə çeviricisinin yaradılması – 90 000 AZN
- Kəşfiyyat Qazma gəmilərinin Qazma prosesinin Robast
Diaqnostika və Stabilizasiya Sisteminin yaradılması – 120 000
AZN
- Neft-qaz ehtiyatlarının istismarının dayanıqlı
inkişafa təsirinin
qiymətləndirilməsi – 100 000 AZN
- Dəniz stasionar platformalarının seysmodayanıqlığının
dəyişməsinin gizli dövrünün monitorinq texnologiyasının yaradılması
– 90 000 AZN
- Neft layının fiziki-kimyəvi mexanikasını nəzərə
almaqla neftin süzülməsi və hasilatı proseslərinin riyazi
modellərinin işlənməsi – 80 000 AZN
Qeyd edək ki, layihə qaliblərinin adları 12 sentyabr 2013–cü
ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun
İdarə Heyəti tərəfindən açıqlanıb.