Vüqar Azəri: "Onun əsl adı Eldəniz, ləqəbi isə Əbu
Həmzədir; daha əvvəl Azərbaycan ordusunda xidmət edib, hətta
..."
Suriyada vuruşan azərbaycanlılar mövzusu yenidən gündəmdədir. Bu
günlərdə Türkiyənin islamçı saytlarından biri Suriyada döyüşən
azərbaycanlılardan birindən müsahibə alıb. Qeyd edək ki, müsahibəni
alan şəxs Furkan Azeri adı ilə tanınan müəllifdir. Bu şəxs bir neçə
dəfə Türkiyənin islamçı saytlarında yazılarla çıxış edərək Suriyada
rejimə qarşı döyüşən azərbaycanlıları müdafiə edib.
"Furkan Azəri"nin müsahibi Suriyada islamçı qruplaşmalardan
birində savaşan Vüqar Azəri adlı şəxsdir. Sayta müsahibəsində Vüqar
Bakıdan olduğunu, iqtisadiyyat üzrə təhsil aldığını bildirir. Eyni
zamanda təhlükəsizlik səbəbindən özü barədə daha geniş məlumat
vermək istəmir. Dediyinə görə, Suriya və Azərbaycan arasında
ticarət işi ilə məşğul olub və hadisələr başlayandan sonra
Suriyanın müxalif islamçı qruplaşmalarına qoşulub.
Qeyd edək ki, son zamanlar Suriyada savaşan radikal islamçılarla
bağlı dəhşət saçan görüntülər yayılmaqdadır. Xüsusən də İraq-Şam
İslam Dövləti adlı qruplaşmanın üzvlərinin baş kəsməsi, işgəncə,
kütləvi qətllər və sair kimi görüntülər Suriyada savaşan müxalif
qruplara qarşı münasibəti sürətlə dəyişir. Suriya müxalifəti bir
qayda olaraq bu cür vəhşiliklərin məhz İŞİD tərəfindən həyata
keçirildiyini bildirərək, məsuliyyəti bu qruplaşmanın üzərinə atır.
Azərbaycanlı döyüşçü ilə müsahibədə də bu xətt sezilir. Yeri
gəlmişkən, hazırda Suriyada müxalif qruplaşmalar daxilində döyüşlər
davam edir, xüsusən də Nusra Cəbhəsi və İŞİD arasında qanlı
döyüşlər gedir.
"Vüqar Azəri" kod adlı soydaşımız bildirib ki, Suriyada
hadisələr ilk vaxtlarda olduğundan indi xeyli dərəcədə fərqlənir.
Azərbaycanlı döyüşçü, ilk vaxtlar müxaliflərin birgə olduğunu,
ancaq hazırda bölünmənin artdığını deyib. Sitat: "Bəli, ilk
zamanlar daha müqavimət daha aktiv idi. İxtilaflar, fitnələr yox
idi. Hər kəs Əsədə qarşı savaşırdı. Azad Suriya Ordusu da daxil
olmaqla bütün qruplar birgə savaşırdı və Əsəd sıxışdırılmışdı".
Azərbaycanlı döyüşçünün qeydlərindən belə məlum olur ki, İŞİD
elan olunduqdan sonra müxalif qruplaşmalar arasında gərginlik
yaranıb, toqquşmalar başlayıb. İŞİD-in hazırda mərkəzinin Riqqa
şəhəri olduğunu qeyd edən Vüqar Azəri İŞİD-in işgəncə və
edamlarının dəhşət saçdığını qeyd edir. Onun sözlərinə görə,
hazırda İŞİD digər müxalif qrupları kafir elan ediblər.
Vüqar Azəri müsahibəsində Suriyada 250 nəfərə yaxın Azərbaycan
vətəndaşının olduğunu bildirib. Onun sözlərinə görə,
azərbaycanlıların 60 faizə yaxını İŞİD tərkibində savaşır. Yerdə
qalan 40 faizi isə müxtəlif islamçı qruplaşmalarda döyüşür. Onun
sözlərinə görə, azərbaycanlı gənclərin böyük qismi aldadılaraq
İŞİD-ə cəlb olunur.
Azərbaycanlı döyüşçü onlara qarşı yanlış təbliğat aparıldığını,
Azərbaycana qarşı silah qaldırmaq fikrilərinin olmadığını deyib.
Vüqar Azəri bir qədər əvvəl yayılmış baş kəsmə videosundakı həmin
şəxsi tanıdığını deyib. Sitat: "Qeyd etdiyiniz videodakı şəxsi
tanıyıram. Onun əsl adı Eldəniz, ləqəbi isə Əbu Həmzədir. Daha
əvvəl Azərbaycan ordusunda xidmət edib, hətta prezidentin mühafizə
xidmətində olduğu da deyilir. İndi isə İŞİD-in hərbi əmirlərindən
(komandanlarından - K) olan Ömər Şişani kimi tanınan Ömər Çeçeninin
müavinidir. Daha əvvəl "mühacir və ənsar" ("mühacir-ənsar" ifadəsi
"gəlmə və yerlilər" mənasını verir. İslamın ilk illərinə aiddir,
hazırda Suriyada İraqdan gəlmə İŞİD-lə yerli döyüşçülər barəsində
işlədildiyi ehtimal olunur – K. R.) arasında olan ilk fitnədə bu
şəxs ön planda idi. Özəlliklə Şeyx Süleyman olaraq tanınan və
fitnənin başladığı bölgədə də bu şəxs səhnədə idi. Bilirsiniz,
xarici düşüncəsindəki insanların ağılları işləmir. Müsəlmanların
məsləhəti onların vecinə deyil. Onlar Həzrət Əli (ə) və böyük
səhabələri öldürəcək qədər gözləri dönmüş insanlardır".
Vüqar Azəri Azərbaycandan gələn döyüşçülərin böyük bir qisminin
təkfirçi olduğunu etiraf edib: "Qismən doğrudur, amma bunu
ümumiyyətlə hər kəsə aid etmək olmaz. Bizim cəmiyyət olduqca cahil
və İslam dinindən xəbərsizdir. Ona görə belə xətalara
düşürlər".
Vüqar Azəri azərbaycanlıların Suriyaya pul üçün gəlmədiyini,
əsas hədəfinin dünya müsəlmanlarının müdafiəsi olduğunu deyib, eyni
zamanda yaxınlaşan Rusiya təhlükəsindən bəhs edərək yaxın zamanda
Azərbaycanın özünün müsəlman dünyasının yardımına ehtiyacı
olacağını söyləyib. /Musavat.com/